Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1958/2022 30.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 28.01.2022-ci il tarixli akta görə hesablanmış 518 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında onun yaşadığı ünvanda, onunla Abşeron rayon Qaz İdarəsi tərəfindən müqavilə bağlanmasına baxmayaraq yaşadığı ünvanın Bakı şəhəri, Binəqədi rayonu inzibati ərazisinə düşdüyünü, daha dəqiq şəkildə isə 28 May qəsəbəsi 5 saylı küçə olduğunu qeyd etmiş, mülki işin baxılmasında ərazi aidiyyəti ilə bağlı məsələnin həllini Məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını, eyni zamanda iddiaçının yaşayış ünvanı və müqavilənin icra olunduğu yer Abşeron rayon ərazisinə düşmədiyindən, ərazi aidiyyəti qaydalarına uyğun olaraq hazırkı iddianın Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində baxılmalı olduğunu bildirərək məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti 28 May qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.05.2022-ci il tarixli 72 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 28 May qəsəbəsi 5 saylı küçədə qeydiyyatsız olaraq yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, mülki iş materiallarından məlum olduğu kimi, istehlakçı barəsində Azəriqaz- İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktlar ünvan olaraq Abşeron rayonu Müşviqabad ünvanı üzrə tərtib edilsə də, mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti 28 May qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.05.2022-ci il tarixli 72 saylı arayışa əsasən İddiaçı qeydiyyatsız olaraq yaşadığı sənədsiz evin yerləşdiyi ünvanın inzibati ərazi dairəsi üzrə Bakı şəhəri, Binəqədi rayonu ərazisinə düşdüyü müəyyən edilmişdir. Qanunvericiliyin tələblərində də göründüyü kimi, istehlakçının hüquqlarının müdafiəsi üzrə iddialar iddiaçının yaşadığı və ya müqavilənin bağlandığı, həmçinin icra edildiyi yer üzrə baxıldığından, hazırki iş üzrə iddiaçının yaşadığı və müqavilənin icra edildiyi yer də Bakı şəhəri Binəqədi rayonu ərazisinə düşdüyündən qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1958/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1958/2022
30.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver