Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1960/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 5 saylı binanın 44 saylı mənzilinə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi-vəkili Vəkil Mülki- Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəyişdirilməsi və həcminin artırılmasına dair” ərizə verərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat miqdarında kompensasiya verilməklə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə 5 saylı binanın 44 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh, X2 və övladı X1 əmlakları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə 5 saylı binanın 44 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər Bakı şəhərində Güzgüfurnitur fabrikində müxtəlif vəzifələrdə çalışmışdır. 1993-cü il yanvarın 25-də Güzgü-Furnitur zavodu müdiriyyəti ilə birgə Həmkarlar İttifaqı Komitəsinin iclasında iddiaçıya Xırdalan şəhərində 27-ci məhəllədə 44 nömrəli mənzilin ayrılması qərara alınmışdır. 05.01.1999-cu il tarixli Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 027555 №-li orderi ilə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 5, mənzil 44 iddiaçının istifadəsinə və sahibliyinə verilmişdir. 05.01.1999-cu il tarixli 027555 №-li orderdə adları keçən iddiaçının qızı Cavabdeh və Baxşəliyeva Hicran Muğan qızı (Hicran Kuzey) qeydiyyatdadırlar. Mənzili aldıqdan və bir müddət yaşadıqdan sonra iddiaçı tək olduğundan oğlunun yanına köçüb yaşamağa başlamışdır. 2005-ci ildə oğlu X3 dünyasını dəyişdikdən sonra Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13a ünvanında yaşamış və mübahisə predmeti olan mənzil 3 otaqlı olduğu üçün və qızı Ceyranın da mənzili olmadığı üçün onun yaşamasına icazə vermişdir. İddiaçıya məxsus olan yuxarıda qeyd etdiyi mənzili Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə çıxarış almaq üçün müraciət etdikdə ona bildirmişlər ki, Forma-2 arayışında adları keçən şəxslərin notarial qaydada təsdiq edilmiş razılığı və mənzilə texniki baxışın keçirilməsi lazımdır. Ailəsi ilə yaşamağa icazə verməsinə baxmayaraq qızı Cavabdeh Xırdalan şəhəri, 27-ci məhəllə, bina 5, 44 nömrəli mənzilə mülkiyyət hüquqlarına dair çıxarış əldə etməyinə maneçilik törədir, çıxarışın alınması üçün tələb olunan razılıq ərizəsini notarial qaydada təsdiq etmək istəmir. Eyni zamanda, DƏDRX-nin əməkdaşlarına mənzilə baxış keçirməyə icazə vermirlər. Cavabdeh qanunsuz əməlləri iddiaçının mülkiyyət hüququna birbaşa maneçilik yaradır. Məhkəmə prosesində iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Güzgü-Furnitur zavodu müdiriyyəti ilə birgə Həmkarlar İttifaqı Komitəsinin 25 yanvar 1993-cü il tarixli İ №-li protokolunun surətindən görünür ki, keçirilən iclasda İddiaçı Xırdalan şəhərində 27-ci məhəllədə 44 nömrəli mənzilin ayrılması qərara alınmışdır. İş materiallarında olan 05 yanvar 1999-cu il tarixli Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 027555 №-li orderinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 5, mənzil 44 İddiaçı istifadəsinə və sahibliyinə verilmişdir. Orderdə adları keçən İddiaçı qızları - Cavabdeh və Baxşəliyeva Hicran Muğan qızı (Hicran Kuzey) həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan 14.10.2020-ci il tarixli Abşeron Rayon İcra Hakimiyyətinin 2 №-li forma arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə küçəsindəki 5 mərtəbəli evin 2-ci mərtəbəsindəki 47,0 kv.m sahəsi olan 3 otaqlı 44 saylı mənzil Abşeron Rayon İcra Hakimiyyətinə məxsusdur. Mənzilin icarədarı İddiaçıdır, həmin mənzildə mənzilin icarədarı və qızları - Cavabdeh və Baxşəliyeva Hicran Muğan qızı qeydiyyatdadırlar. Beləliklə, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə küçəsindəki 5 mərtəbəli evin 2-ci mərtəbəsində 47,0 kv.m sahəsi olan 3 otaqlı 44 saylı mənzil Abşeron Rayon İcra Hakimiyyətinə məxsusdur. İddiaçı isə sözügedən mənzilin icarədarı olmaqla orada qızları Cavabdeh və Baxşəliyeva Hicran Muğan qızı ilə birlikdə qeydiyyatdadır. Buradan da belə bir nəticəyə gəlinir ki, İddiaçı sözügedən mənzilə mülkiyyət hüququ mövcud deyildir, yəni iddiaçı qızları ilə birlikdə sözügedən mənzildə qeydiyyatda olmaqla oradan istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən, mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Belə ki, bu prosedurun həyata keçirilməsi üçün tələb yalnız mülkiyyətçi tərəfindən məhkəmə qaydasında verilməli, tələb yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxsə qarşı verilməli, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış tələblərinə mütənasib olmalıdır, kompensasiyanın məbləğini mülkiyyətçi müəyyənləşdirir, onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxs tərəfindən qəbul olunub-olunmaması qanunvericilik baxımından şərt kimi nəzərdə tutulmur, yalnız işə baxan məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmaqla həll edilməlidir. Hazırki halda isə İddiaçı mülkiyyətçi olmadığından Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə tələb irəli sürə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi əsaslı hesab edilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, yəni iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1960/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1960/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver