Məhkəmə qərarları › İş №2(012)-1990/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1990/2024

19.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1990/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən abonent kodu **********06159 olan ünvan 1 ünvana quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə 21 dekabr 2021-ci il tarixdən ona məxsusdur. Həmin ünvana quraşdırılmış qaz sayğacı **********06159 nömrəli abonent kodu ilə onun adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh ilə onun arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmış, qaz sayğacı quraşdırılmış, lakin həmin ünvanda yaşayış olmadığından qazdan da istifadə olunmamışdır. Ona məlum olmayan səbəbdən cavabdeh “Azəriqaz’’ İB tərəfindən 03 mart 2023-cü il tarixdə qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Cavabdeh İB tərəfindən çıxarılmış qaz sayğacı laboratoriyaya yoxlanış üçün göndərilmiş və “Qaz sayğacının yoxlanılması barədə” 27.03. 2023-cü il tarixli, MSK-14-2-2/3-5-3079-1 nömrəli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, G-4 markalı **********9 saylı sayğacın plastmas qapağı, zavod plastmas plombu, hesablayıcı mexanizimi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. Sonra məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında ünvan 1 ünvana quraşdırılmış qaz sayğacı ilə bağlı ona 1555,20 manat məbləğində cərimə yazılmışdır. Həmçinin Cavabdeh İB tərəfindən 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə təıtib olunmuşdur. Bu barədə ona nə rəsmi, nə də ki, şifahi olaraq cavabdeh tərəfindən heç bir məlumat verilməmişdir. onun və ya ailə üzvləri tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı küçədə quraşdırılmışdır. Lakin buna baxmayaraq Cavabdeh İB məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına qeydə alınmışdır. İşdə olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********06159) baxış keçirilən zaman sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun olmadığı və mexaniki təsir nəticəsində istismara yararsız olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən müvafiq olaraq 12960 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı oğlunun adına tərtib edilmiş yaşadığı ünvan 2 ünvanına aid abonent kodu **********06159 olan Abonentin saldosundan görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “12960 m3 həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 1555,20 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 1555,2 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evə aid abonent kodu **********06159 olan qaz sayğacına xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat məbləğində borc silinsin. İddiaçının ödəməkdən azad edildiyi 35,55 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar