Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-200/2024 01.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Üçüncü şəxs Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron Rayon Masazır Bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi ünvanda yerləşən daşınmaz əmlakın rəqəmli kadastr xəritəsinə əsasən göstərilmiş koordinatda yerləşən, ona məxsus torpaq sahəsinin qarşısında özbaşına zəbt edilərək tikilmiş qanunsuz tikilinin (daş hasarın) özbaşına tikili hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi ünvanda yerləşən daşınmaz əmlakın rəqəmli kadastr xəritəsinə əsasən göstərilmiş koordinatda yerləşən, ona məxsus torpaq sahəsinin maşın yolunun açılması və həmin torpaq sahəsinin qarşısında tikilmiş qanunsuz tikilinin (daş hasarın) sökülərək sözügedən torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası ƏMDK-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* saylı çıxarışına əsasən, Masazır kəndi inzibati ərazisində yerləşən 0,06 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədi ilə onun mülkiyyətinə verilmişdir. Həmin ərazi tərəfindən daş hasara alınaraq, girişlər qapıları qoyulmaqla mülkiyyətindədir. Məlumat üçün nəzərə çatdırır ki, ona məxsus 0,06 ha torpaq sahəsi təxminən yoldan 10-12 metr kənar ərazidə yerləşir. Yol ilə ona məxsus torpaq sahəsi arasında tikintisi qadağan olunan boş ərazini Bakı şəhər sakini Cavabdeh qanunsuz olaraq daş hasara almış, həmin torpaq sahəsində qanunsuz tikili inşa etdirmişdir. O, bu barədə Cavabdeh bildirdikdə, cavabdeh ona həmin torpaq sahəsinin 2006-cı ildən ona məxsus olması ilə bağlı sənədinin olduğunu söyləmişdir. Daha sonra o, cavabdehin həmin torpaq sahəsində tikinti işləri aparması üçün icazə alıb-almadığı barədə məlumat əldə etmək üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmiş, məsələyə aydınlıq gətirilməsi məqsədilə onu və cavabdehi sözügedən icra hakimiyyəti orqanına dəvət etmişdirlər. O, Cavabdeh ilə birlikdə icra hakimiyyəti orqanına getmiş, cavabdeh icra hakimiyyəti orqanının nümayəndəsinə torpaq sahəsi ilə bağlı sənədinin olduğunu söyləmiş, nümayəndə isə cavabdehə həmin sənədin onlara təqdim edilməli olduğunu bildirmişdir. İcra hakimiyyətinin nümayəndəsi müraciətə baxılmasını cavabdehin onlara sözügedən sənədi təqdim edəcəyi vaxtadək qeyri-müəyyən müddətə təxirə salmış, cavabdeh də öz növbəsində sənədi təqdim edənədək həmin torpaq sahəsində tikinti işlərinin dayandırılacağına dair vəd etmişdir. Lakin o, müəyyən müddətdən sonra cavabdehin verdiyi vədə əməl etmədiyini, tikinti işlərini davam etdirdiyini görmüşdür. Bu məsələ ilə bağlı cavabdehə yenidən bildirdikdə, cavabdeh onunla mübahisə etmiş, hətta onu təhqir etmişdir. Bu hüquqpozma ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, lakin idarədən ona mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin Cavabdeh onun mülkiyyətinə giriş-çıxışı çətinləşdirmişdir. Bundan əlavə, o, yerinin yarı hissəsində oğluna ev tikmək məqsədi ilə notarial qaydada alqı-satqı keçirərək satmışdır. Lakin Cavabdeh qanunsuz olaraq onun giriş-çıxış qapısını, ümumiyyətlə bağlamışdır ki, bu da onların mülkiyyət hüquqlarını pozur. Cavabdeh həmin ərazidə torpaq sahəsinin ayrılmasını təsdiq edən hər hansı bir sənədi mövcud deyildir. Qanunsuz olaraq həmin torpaq sahəsini zəbt etmişdir ki, bu da cinayət hesab edilir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X3 nümayəndəsi olduğu İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, İddiaçı ona məxsus olduğunu və cavabdeh tərəfindən zəbt edildiyini iddia etdiyi torpaq sahəsinə yerli baxış keçirilmiş, nəticədə sözügedən torpaq sahəsinin Abşeron Rayon Masazır Bələdiyyəsinin mülkiyyətində olduğu aşkar edilmişdir. Araşdırmalar zamanı bələdiyyənin mülkiyyətində olan 230 m2 torpaq sahəsinin zəbt edildiyi müəyyən edilmişdir. Cavabdeh 2023-cü ildə həmin torpaq sahəsi ilə bağlı ərizə ilə bələdiyyəyə müraciət edərək bələdiyyənin mülkiyyətində olan 230 m2 torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmiş, bələdiyyənin müvafiq iclasında onun ərizəsinə baxılaraq torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı prosedur qaydalarının başlanılması barədə qərar qəbul edilmişdir. İddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi barədə Abşeron Rayon Polis İdarəsinə müraciət edilmiş, lakin həmin əməldə cinayət tərkibi olmadığından cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 01/01-06/335 saylı məktubdan görünür ki, vətəndaş Cavabdeh inşa etmək istədiyi hasar şikayətçinin torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan sahədir. Həmin sahə şikayətçinin torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. Eyni zamanda vətəndaş Cavabdeh həmin torpaq sahəsi ilə bağlı bələdiyyəyə ərizə ilə müraciət etmiş və 230 kv.metr torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. İlkin olaraq torpaq sahəsinə dair texniki sənəd yerquruluşu planından çıxarış hazırlanmış və sonradan Masazır bələdiyyəsinin 31 mart 2023-cü il tarixli, 6 saylı iclasında vətəndaşın ərizəsi müzakirə olunaraq, torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı prosedur qaydalara başlanılması ilə bağlı qərar qəbul edilmişdir. Cavabdeh ailəsi müharibə iştirakçılarıdır. Belə ki, atası Birinci Qarabağ, qardaşı isə İkinci Qarabağ müharibəsində iştirak etmişlər. Bundan əlavə şikayətçi İddiaçı məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş və vətəndaş İddiaçı müraciəti cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, həmçinin üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Belə ki, Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsinin izahatından və Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 01/01- 06/335 saylı məktubdan göründüyü kimi Cavabdeh inşa etmək istədiyi hasar İddiaçı torpaq sahəsini zəbt etməmişdir və iddiaçının ona məxsus olduğunu, Cavabdeh tərəfindən zəbt edildiyini iddia etdiyi Abşeron rayonu, Masazır kəndində yerləşən sözügedən torpaq sahəsi Abşeron Rayon Masazır Bələdiyyəsinin mülkiyyətində olan sahədir və eyni zamanda mübahisəli torpaq sahəsinin İddiaçı torpaq sahəsinə hər hansı bir aidiyyəti olmadığı da müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs ünvan 1i ünvanda yerləşən daşınmaz əmlakın rəqəmli kadastr xəritəsinə əsasən göstərilmiş koordinatda yerləşən, ona məxsus torpaq sahəsinin maşın yolunun açılması və həmin torpaq sahəsinin qarşısında tikilmiş qanunsuz tikilinin (daş hasarın) sökülərək sözügedən torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-200/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-200/2024
01.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver