Məhkəmə qərarları › İş №2(012)-2001/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2001/2022

07.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2001/2022 07.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxs X1 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı xx.xx.1962-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı xx.xx.1962-ci il təvəllüdlü X5 şizofreniya, paranoid kanner xəstəliyindən əziyyət çəkir və xəstə haqqında paranoid şizofreniya, epizodik orta əlamətlərlə F203 diaqnozu qoyulmuşdur. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi Publik Hüquqi şəxsində müayinə olunmuşdur. Hazırda, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi həyat yoldaşı X5 ilə hər hansı bir dövlət qurumunda sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də, onun üzərində qəyyumun təyin edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3755 saylı rəyi ilə razı olduğunu bildirmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxs X5 ərizəni qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, X3 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X9 diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 X12 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3755 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X2 “X9” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Ruhi-əsəb Dispanserində “Xroniki paranoid şizofreniya vəziyyəti, hallüsinator sindromla” diaqnozu ilə müalicədə olması, Sumqayıt şəhər Ruhi-əsəb xəstəlikləri Dispanserində “Paranoid şizofreniya, epizodik artan əlamətlərlə, davamlı hallüsinator sayıqlama ideyaları ilə” müayinədə olması və s.), həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən bir qədər gərgindir, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara qısa və əlaqəsiz cavablar verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, eşitmə hallüsinasiyalarının qeyd olunması, maraq dairəsinin məhdudluğu və s.) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1962-ci il təvəllüdlü X1 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: xx.xx.1962-ci il təvəllüdlü X2 “X9” xroniki psixi xəstəliyi müəyyən edilir. M.Ə.Ağakişiyev psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. 2ci sual: xx.xx.1962-ci il təvəllüdlü X1 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas varmı? Cavab: xx.xx.1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Ərizəçi Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS 94 ünvanında, xx.xx.1962-ci il təvəllüdlü X5 isə Abşeron rayonu Qobu qəsəbəsi Natəvan küçəsi 29 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3755 saylı rəyindən müəyyən olunur ki, X5 “X9” (F20.0) psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış xx.xx.2022-ci il tarixli 3755 saylı rəydə X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin həyat yoldaşı xx.xx.1962-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar