Məhkəmə qərarları › İş №2(012)-2013/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2013/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2013/2023 27.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 4860 kub metr həcmində sərfiyyata görə hesablanmış 588,50 manat borcun silinməsi və 50 manat mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində 0,0432 ha torpaq sahəsi üzərində yerləşən bağ evi üzərində mülkiyyət hüquqları DƏDRX 4 saylı Ərazi İdarəsində xx.xx.2021-ci ildə qeydə alınmışdır. Həmin bağda yalnız yay aylarında yaşayış olur. Həmin evə qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci ildə o, qazın «smartkart»ına pul vəsaitini mədaxil etdikdə mədaxil etdiyi vəsaitin - 10 manatın 7 manatının borcun silinməsinə sərf edildiyini görmüş və yalnız bundan sonra cavabdeh təşkilata gedib bunun səbəbini araşdırdıqda məlum olmuşdur ki, xx.xx.2018-ci ildə guya həmin bağa xidmət edən sayğaca baxış keçirilərkən sayğacın yivli birləşmələrinin kənar təsir nəticəsində deformasiyaya uğradığı aşkar edilmiş, nəticədə xx.xx.2019-cu ildə ******* nömrəli akt tərtib olunaraq, 4860 kub metr həcmdə sərfıyyata görə 588 manat borc hesablanmışdır. Həmin borcdan 7 manat çıxılmışdır və hazırda cərimə borcu 581,50 manat təşkil edir. Sayğac yaşadığı evin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa, buna görə o, cavabdehlik daşımamalıdır. Həmin ərazidən hər gün yüzlərlə insan, nəqliyyat vasitələri keçir. Kiminsə təqsiri üzündən bu halın baş verməsi qaçılmazdır. Hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir. Cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Hətta cavabdeh təşkilat sayğacın yenisi ilə əvəz edilməsi üçün ona 300 manata yaxın vəsait də ödətdirmişdir. Cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 588,50 manat məbləğində cərimə silinməlidir. Eyni zamanda bu məsələ ilə bağlı mediasiyaya ödədiyi 50 manat vəsait də cavabdehdən alınaraq ona qaytarılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli akt əsasında ona hesablanmış 486 manat borcun silinməsi və 50 manat mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, bağlar massivindəki 0,0432 ha torpaq sahəsi üzərində yerləşən bağ evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Novxanı kəndi, bağlar massivindəki yaşadığı evə (abonent kodu: **********23810) baxış keçirilən zaman 29/710- 02002 saylı rəyə əsasən sayğacın gövdəsi üst hissədən korroziyaya uğramışdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli akta əsasən abonent 4860 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Novxanı kəndi, bağlar massivindəki 0,0432 ha torpaq sahəsi üzərində yerləşən bağ evinə aid abonent kodu **********23810 olan Abonentin saldosundan görünür ki, 2019-cu ilin yanvar ayında qaz sərfiyyatı “4860 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 486 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 486 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2019-cu il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 486 manat borc silinməli, iddia qismən təmin edilməlidir. Bu kateqoriya mübahisələr üzrə mediasiya prosesinin keçirilməsi zəruri olmadığından iddianın 50 manat mediasiya xərcinin tutulması hissəsi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********23810) dair xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh İB tərəfindən hesablanmış 486 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar