Məhkəmə qərarları › İş №2(012)-2014/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2014/2022

14.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2014/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri – xx.xx.1976-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ərizəçinin əridir. A.Həsənxanovla o, xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir və bu barədə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 141 sayla qeyd edilmişdir. A.Həsənxanov alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya, alsheymer xəstəliyi nəticəsində ağır dərəcəli demensiya, nevrasteniya, asteno nevrotik vəziyyət diaqnozu ilə xəstədir və İ dərəcəli müddətsiz əlildir. Həyat yoldaşı öz hərəkətlərini idarə edə bilmir və buna görə də daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Həyat yoldaşı A.Həsənxanova daim o qulluq edir. Həyat yoldaşı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki iş materiallarında olan AZE 09242424 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Mülki iş materiallarında olan AZ-İ 195181 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Xəlilova (Həsənxanova) Xanımana İbrahimxəlil qızı 21 fevral 2006-cı il tarixdə nikaha girmişlər. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, 1816 saylı rəyindən müəyyən edilir ki, xx.xx.1976-cı il təvəllüdlü X2 altsheymer xəstəliyi nəticəsində erkən başlayan demensiya xroniki psixi xəstəlik vardır. X3 onda hal-hazırda müəyyən edilən altsheymer xəstəliyi nəticəsində ağır demensiya ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X2 müəyyən edilən altsheymer xəstəliyi nəticəsində erkən başlayan demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. MPM-nin 305.1.3-cü maddəsinə görə məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1976-cı il təvəllüdlü X2 altsheymer xəstəliyi nəticəsində erkən başlayan demensiya xroniki psixi xəstəlik aşkar olunur. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə görə və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar