Məhkəmə qərarları › İş №2(012)-2019/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2019/2021

06.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2019/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq hesablanmış 959 (doqquz yüz əlli doquz) manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 16.06.2017-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda sərfiyyatın qeydə alınmaması göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19.12.2017-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Akt tərtib olunarkən onun iştirakı təmin edilməmişdir. İtirilmiş qaz sərfiyyatının bərpa olunması üçün ona 959 (doqquz yüz əlli doqquz) manat borc hesablanmışdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmayıbdır. O, mütəmadi olaraq yüklədiyi pulun müqabilində qazdan istifadə etmişdir. Heç vaxt təbii qazdan istifadəyə görə borcu olmamışdır. Çünki o, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyi həmişə vaxtlı-vaxtında yerinə yetirmişdir. Köhnə sayğacın istismara yararsız olmasında onun heç bir təqsiri yoxdur və sayğaca kənar müdaxilə olmamış, sayğacın plombu həmişə yerində olmuşdur. Ona görə də, Cavabdeh tərəfindən 19.12.2017-ci il tarixli ******* №-li akt üzrə qanunsuz və əsassız olaraq hesablanmış 959 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən abonent kodu **********20790 olan İddiaçı ünvan 1 ünvanında yaşadığı evə 19.12.2017-ci ildə baxış keçirilərkən həmin ünvanda kənar qoşulma müəyyən edilərək, 19.12.2017-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında, müvafiq qaydada aparılan hesabat nəticəsində iddiaçının qanunsuz olaraq 800,2 manat məbləğində qaz istehlak etdiyi müəyyən edilmişdir. Həmin borcun hesablanması əsaslı və düzgündür. Ona görə də, məhkəmədən tamamilə əsassız olduğu üçün İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 16 iyun 2017-ci il tarixli ******* №-li akt əsasında Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evdəki (abonent kodu: **********20790) qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Sayğac yenisi ilə əvəz olunarkən “sayğac sərfiyyatı qeydə almır” müəyyən edilmişdir. Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, 19.12.2017-ci ildə (həmin hərəkətin yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır) sayğac yoxlanılmış və yoxlama zamanı “sayğac sərfiyyatı qeydə almır” müəyyən edilmişdir (həmin Akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır). Faktla bağlı Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən 19.12.2017-ci il tarixli ******* saylı akt əsasında 25.12.2017-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı “4001 m3” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19.12.2017-ci il tarixli ******* №-li Aktdan və “istehlakçı” İddiaçı adına olan **********20790 saylı abonent kodu üzrə tərtib edilmiş Abonentin saldosundan görünür ki, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı “4001 m3” həcmində müəyyən edilərək, “istehlakçı” İddiaçı birdəfəlik 800,20 (səkkiz yüz manat 20 qəpik) manat məbləğində borc hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı evinə quraşdırılmış sayğacın yararsız olmasını müəyyən edən Cavabdeh əməkdaşları tərəfindən 16 iyun 2017-ci ildə iddiaçının evinə yeni sayğac quraşdırılmış və daha sonra isə vurulmuş ziyana görə 19.12.2017-ci ildə təsdiq olunmuş akt tərtib edilərək, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı 25 dekabr 2017-ci il tarixli hesabatla “4001 m3” həcmində müəyyən edilərək, “istehlakçı” İddiaçı birdəfəlik 800,20 (səkkiz yüz manat 20 qəpik) manat məbləğində borc hesablanmışdır. Lakin İddiaçı Cavabdeh hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusu AİBNDA-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının yaşadığı evin həyətində deyil, həyətdən kənarda quraşdırılmış qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi, istehlakçının (iddiaçının) evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək qaz paylayıcısının (cavabdehin) vəzifəsi olduğu halda, sonuncu öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının (iddiaçının) təqsirini sübuta yetirmədən, istehlakçıya (iddiaçıya) qarşı tələb irəli sürmüş, yəni istehlakçıdan (iddiaçıdan) itirilmiş qaz sərfiyyatına görə pul tələb etmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19.12.2017-ci ildə təsdiq olunmuş akta əsasən cavabdeh tərəfindən iddia ərizəsində silinməsi tələb olunan 959 (doqquz yüz əlli doqquz) manat məbləğində deyil, həmin Akt üzrə “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı “4001 m3” həcmində müəyyən edilərək, “istehlakçı” İddiaçı birdəfəlik 800,20 (səkkiz yüz manat 20 qəpik) manat məbləğində borc hesablanmışdır. Ona görə də, məhkəmə araşdırması zamanı iddia tələbinin qismən, yəni 800,20 (səkkiz yüz manat 20 qəpik) manat məbləğində borcun silinməsi hissəsində əsaslılığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və 19.12.2017-ci ildə təsdiq edilmiş Cavabdeh Bakı X3 Departamenti tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li Akt əsasında ünvan 1 ünvanında yaşayan İddiaçı (abonent kodu: **********20790) hesablanmış 800,20 (səkkiz yüz manat 20 qəpik) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 manat hissəsi Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19.12.2017-ci ildə təsdiq edilmiş Cavabdeh Bakı X3 Departamenti tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li Akt əsasında ünvan 1 ünvanında yaşayan İddiaçı (abonent kodu: **********20790) hesablanmış 800,20 (səkkiz yüz manat 20 qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 (iyirmi) manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar