Məhkəmə qərarları › İş №2(012)-2030/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2030/2022

28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2030/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsinə qarşı aktın ləğv olunması və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsinə qarşı aktın ləğv olunması və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli 600903 nömrəli aktın ləğv edilməsi və ona hesablanmış 1098 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Səlimov X4 rayonu, Saray qəsəbəsi, M.Rəsulzadə küçəsi 101A ünvanında yerləşən kafeni işlədir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən guya iddiaçının işlətdiyi kafenin sayğacdan kənar su xəttindən qeyri-qanuni istifadə etməsi aşkar olunmuş və bununla bağlı xx.xx.2021-ci il tarixli 600903 nömrəli akt tərtib edilərək 1098 manat borc hesablanmışdır. Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkar olunmuş su borusu ana xəttə qoşulan, sahibi bilinməyən su borusudur. Sözügedən ərazidə bu cür xətlərə digər yerlərdə də rast gəlmək mümkündür. Abşeron Sukanal İdarəsinin əməkdaşları heç bir araşdırma aparmadan həmin su xəttindən guya iddiaçının istifadə etməsi barədə akt tərtib etmişlər. Halbuki, həmin su xəttinin işlədilən kafeyə hər hansı bir aidiyyəti yoxdur. Digər tərəfdən, hesab edilsə ki, həmin su xəttindən iddiaçı istifadə etmişdir, hər bir halda akt tərtib olunarkən iddiaçının iştirakı olmalı idi. Yuxarıda qeyd edilən akt ümumiyyətlə iddiaçının iştirakı olmadan tərtib edilmiş, qeyd edilən akta imza etdirilməmişdir. Həmin aktla sonradan tanış olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunan obyektin yerləşdiyi ərazidə quraşdırılmış su boru xətti əsas küçədən keçir ki, həmin boru xəttinin obyektə hər hansı bir aidiyyəti yoxdur. Halbuki, 15-20 ildir ki, obyektin yerləşdiyi küçə asfalt olunmamışdan belə, həmin boru xəttindən istifadə edilmişdir. Həmin akt xx.xx.2021-ci il tarixdə tərtib olunmasına baxmayaraq, aktın tərtib olunması ilə bağlı o, aidiyyəti quruma müraciət etmiş, lakin təxminən araşdırılma bir ay müddəti çəkmişdir. Qeyri-qanuni qoşulmanın onun obyektinə hər hansı bir aidiyyəti yoxdur. xx.xx.2022-ci il tarixinə saat 10:20-yə, xx.xx.2022-ci il tarixinə saat 10:30-a təyin olunmuş hazırlıq məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Azərsu ASC-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi M.Rəsulzadə küçəsi ünvanında yerləşən İddiaçı məxsus olan obyektə su təchizatı və kanalizasiya xəttinə baxış keçirilən zaman akt tərtib olunmuş və həmin görüntülər videolentə alınmış, bu barədə disk mövcuddur. Tərtib olunmuş akta əsasən, araşdırma zamanı kafenin sayğacdan keçməyən d=15 mm-lik su xəttindən qeyriqanuni istifadə edilməsi müəyyən edilərək, qanunsuz su xətti kəsilərək ləğv olunmuşdur. Bu səbəbdən də, iddiaçı barəsində borc hesablanmış və həmin borcun ödənilməsi təmin edilməlidir. Cavabdeh ASC Abşeron Sukanal İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərsu ASC-nin Abşeron Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli 19400658 saylı müqavilə əsasında tərtib olunmuş qanunsuz istifadə fakturasından görünür ki, ünvan 3 ünvanda yerləşən ət kəsimi fəaliyyəti ilə məşğul olan obyektə xx.xx.2021-ci il tarixli 600903 saylı akta əsasən, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi olaraq 930.51 manat, ƏDV 18% 167.49 manat daxil olmaqla, ümumilikdə, cəmi 1098 manat borc hesablanmışdır. -Azərsu ASC-nin nümayəndələri-mühəndisləri C.Sadıqovun, V.Tumasovun, nəzarətçi E.Ağazadənin iştirakı ilə tərtib olunmuş və imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 600903 saylı aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 723-İQ saylı “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə uyğun olaraq, ünvan 3 ünvanda yerləşən kafenin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və araşdırma zamanı kafenin sayğacdan keçməyən d=15 mmlik su xəttindən qeyri-qanuni istifadə edilməsi müəyyən edilərək, qanunsuz su xətti kəsilərək ləğv olunmuşdur. -Abonent haqqında məlumatdan görünür ki, ******* VÖEN nömrəsi olan İddiaçı məxsus olan obyektə 2022-ci ilin aprel ayına 1213 manat borc hesablanmışdır. -Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səlimov X3 rayonu H.Hacıyev küçəsi 87 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən ət kəsimi fəaliyyəti ilə məşğul olan obyektə (kafe) Azərsu ASC tərəfindən xx.xx.2021-ci il tarixli 600903 saylı akt tərtib olunmuş, hazırda, iddiaçı sözügedən aktın qanunsuz şəkildə tərtib edildiyini əsas gətirərək onun ləğv olunmasını və həmin akt əsasında hesablanmış 1098 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, iddiaçının izahatı əsasında, iddiaçı barəsində cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş aktın həmin ünvan üzrə keçən su boru xəttinə görə tərtib olunduğu və həmin boru xəttinin iddiaçının obyektinə aid olmadığı bildirilsə də, iddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirə bilməmiş, bu barədə mötəbər, təkzibolunmaz sübut, məsələn, videogörüntü, fotoşəkil təqdim etməmişdir. Halbuki, həmin sübutlar məhkəmə tərəfindən digər sübutlarla paralel şəkildə qiymətləndirilərək nəzərə alınır ki, məhkəmə də həmin sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq hüquqi qiymət verir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı onun barəsində tərtib olunmuş aktın ləğv olunmasını tələb etdiyi cavabdeh qismində Cavabdeh ASC Abşeron Sukanal İdarəsini qoymuş, bununla bağlı məhkəmə iddiaçıya, Cavabdeh ASC Abşeron Sukanal İdarəsinin əsl Cavabdeh ASC ilə əvəz olunması təklifini irəli sürmüş, lakin sözügedən ərizə məhkəməyə təqdim olunmadığından məhkəmə iddia tələbinə irəli sürülmüş sübutlar əsasında mahiyyəti üzrə işə baxmışdır. Ona görə də, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh qismində qoyulmuş Cavabdeh ASC Abşeron Sukanal İdarəsi iddia tələbinə cavab verməli şəxs olmadığından, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsinə qarşı aktın ləğv olunması və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsinə qarşı aktın ləğv olunması və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar