Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2050/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli (hazırda H.Z.Tağıyev küçəsi) fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12000 manat kompensasiya ödənilməsi müqabilində istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi 30,5 kv.metr olan, 5 otaqdan ibarət 67 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin (hazırda Dəşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi) 30808 reyestrlə qeydə alınmışdır və mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin yaşayış evini 1996-cı il tarixdə tikmişdir. Həmin zaman Cavabdeh2 13 yaşında olmuş və evin tikilməsində onun heç bir əməyi olmamışdır. Fərdi həyət evinin tikintisinə qədər Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə 3 otaqdan ibarət yaşayış evi olmuşdur. Sonradan ailə tərkibi genişlənmiş, cavabdeh Məmmədov X2 ilə nikaha girdiyindən onun üçün 2004-cıi ildən problemlər yaratmışdır. Bir müddət sonra o, xx.xx.2004-cü il tarixdə pul vəsaiti verilməsini, evdən ayrılıb getməsini bildirmişdir. Həmin vaxt o, əvvəlki həyat yoldaşı ilə müxtəlif ev əşyalarını, avadanlıqlarını, o cümlədən ailəyə məxsus qızıl-zinət əşyalarını və 1000 ABŞ dolları pul vəsaitini alaraq akt tərtib etməklə çıxıb getmiş, bir daha ona və əmlakına qarşı iddiasının olmayacağını bildirmişdir. Sonradan əvvəlki həyat yoldaşından boşanmış, hazırki Cavabdeh1 ilə nikaha girmiş, onunla birlikdə 13 dekabr 2017-ci ildən mübahisəli evdə yaşamağa başlamışdır. Gələn gündən hal-hazıradək onu ailənin yeganə ümid yeri olan yaşayış evini satmağa, ona pul verməyə məcbur etsə də, o razı olmadığından, aralarında mübahisələr yaranmışdır. Fərid ailəsini də götürüb Oğuz rayonuna gedəcəyini bildirməklə hər gün evdə dava-dalaş salaraq onları bezdirmişdir. Onun isə həyat yoldaşı onkoloji xəstədir, 2-ci qrup əlildir. Özü də 2-ci qrup əlil olmuş, sonradan yaşla əlaqədar olaraq pensiyaya çıxmışdır. Cavabdeh2la yaramış mübahisələrin ailə faciəsinə çevrilməsi istisna edilmir. Bu mübahisələr Abşeron rayon Polis İdarəsində araşdırmalara səbəb olmuşdur. Fərid içki düşgünüdür, heç bir işlə məşğul olmaq istəmir. Bu vaxta qədər ailəsini o dolandırmışdır. Hazırda o, evdən istifadəyə maneçiliklər törədir, fikirindən əl çəkmir, hər gün pul tələb edir. O məcbur olub kompensasiya ödənilməklə onun və digər Cavabdeh1 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə dair məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, mübahisəli evdəki istifadə hüququna xitam verilməsi üçün 12000 manat kompensasiya verilməsi məqbuldur, çünki hazırda evə yaxın ərazilərdə aylıq kirayə haqqı təqribən 120- 140 manat təşkil edir. O, bu məbləğdən yüksək kompensasiya ödənilməsinə razı deyildir. Onun vəkili-nümayəndəsi Vəkil da bu izahata oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etmədilər. Cavabdeh2 bildirdi ki, təklif edilən kompensasiya azdır. Hazırda aylıq 120-140 manata kirayəyə ev verilmir. Mübahisəli evin minimum bazar qiyməti 110000 manat, həmin şəraitdəki evin minimal kirayə məbləği isə 300-350 manat təşkil edir. Sonda hər iki cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 30808 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi 30,5 kv.metr olan, 5 otaqdan ibarət 67 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 saylı fərdi yaşayış evində 14 nəfər (o cümlədən iddiaçı və cavabdehlər) qeydiyyatdadır. İşdə olan fərdi sahibkar X3 tərtib etdiyi arayışdan görünür ki, Xırdalan şəhərində iki otaqlı həyət evlərinin aylıq kirayə haqqı 120-140 manat arasındadır. İşdə olan xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı Xırdalan şəhərində istifadəsində olan iki mərtəbəli yaşayış evinin həmin tarixə bazar dəyəri 65000 manat təşkil edir. İş materiallarında olan “X5 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, YDQM 012- 038/2023 saylı hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 saylı fərdi yaşayış evinin həmin tarixə bazar dəyəri 57800 manat, orta aylıq kirayə haqqı isə 220 manat təşkil edir. İşdə olan AZ-İİ 233673 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2017-ci il tarixdə nikaha girmişlər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli yaşayış evi - yəni yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi 30,5 kv.metr olan, 5 otaqdan ibarət 67 saylı ev 1997-ci ildən iddiaçının mülkiyyətindədir. Bu evdə 14 nəfər pasport qeydiyyatındadır. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, həmin evdə iddiaçı öz arvadı ilə və onların övladları öz ailələri ilə yaşayırlar. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər xx.xx.2017-ci ildə nikaha girmişlər. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli (hazırda H.Z.Tağıyev küçəsi) fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12000 manat kompensasiya ödənilməsi müqabilində istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun dəlili bundan ibarətdir ki, cavabdehlər birgə yaşayış qaydalarına əməl etmirlər və öz hərəkətləri ilə mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Bu səbəbdən cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına pul ödənilməklə xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh2 iddiaçının oğludur və mübahisəli yaşayış sahəsinə dair onlar arasındakı münasibətlər 1997-ci ildə yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı Cavabdeh2 münasibətdə köhnə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Bu normaların tələbinə əsasən cavabdehlərdən Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ mövcuddur və bu hüquq iddiaçı tərəfindən mübahisələndirilmir. Hazırda əsas mübahisə həmin hüquqa xitam verilməsi ilə bağlı təklif edilən məbləğ barəsindədir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İstifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlmişdir. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. İşdən görünür ki, mübahisəli evin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında münasibətlər hazırda pisləşmişdir və onların birgə yaşaması mümkünsüzdür. Belə olan halda isə həmin daşınmaz əmlakdan istifadə hüququna malik cavabdehin bu hüququ iddiaçının verəcəyi kompensasiya ilə əvəzləşdirilməlidir. Məhkəmə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün mübahisəli evin bazar qiymətini və həmin şəraitdəki evin kirayə qiymətlərini müstəqil qiymətləndirici vasitəsilə müəyən etmişdir. Belə ki, “X5 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, YDQM 012-038/2023 saylı hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 saylı fərdi yaşayış evinin bazar dəyəri 57800 manat, orta aylıq kirayə haqqı isə 220 manat təşkil edir. İddiaçı tərəfindən təklif edilən 12000 manat kompensasiya məbləğini məhkəmə məqbul hesab edir. Məhkəmənin qənaətinə görə bu məbləğ mübahisəli evin bazar qiymətinin 20 faizini təşkil edir və oxşar şəraitli yaşayış sahəsilə ilə uzun müddət (təqribən 54 ay) təmin olunmağa kifayət edir. Digər tərəfdən məhkəmə mübahisəli evdə hazırda 14 nəfərin yaşamasını da nəzərə alır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 12000 manat kompensasiya ödənilməsi müqabilində onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, digər Cavabdeh1 mübahisəli evdə istifadə hüququ mövcud deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 126 manat dövlət rüsumunun, həmçinin qiymətləndirici üçün ödənilmiş 350 manat xidmət haqqının əvəzi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 12000 manat kompensasiya ödənilməsi müqabilində onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 ödənilmiş 126 manat dövlət rüsumunun, həmçinin qiymətləndirici üçün ödənilmiş 350 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2050/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2050/2023
26.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver