Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2051/2023 25.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 788 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivi, bina 0030, 0130 saylı evdə uzun müddətdir ki, ailə üzvü ilə birlikdə yaşayır. Fərdi yaşayış evi inşa edildiyi vaxtdan etibarən evin abonent kodu: **********00130 nömrədir. İstifadə etdiyi təbii qaza görə hər ay Cavabdeh İB-nin smart kartına ödəniş edilərək təbii qazdan istifadə edilmişdir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçıya 2021-ci il üçün Cavabdeh İB-yə təbii qaza görə 788 manat borcun olduğu bildirilmişdir. İddiaçı təbii qazdan smart karta ödəniş edərək istifadə etmişdir. Ona görə də Cavabdeh İB tərəfindən borcun yazılması qeyri-qanunidir. Çünki iddiaçı həyat yoldaşı ilə cəmi iki nəfər olmaqla həmin evdə yaşayır. İddiaçının yaşadığı ev həyət evi olduğundan demək olar ki, təbii qazdan yaz və yay aylarında isidici kimi istifadə edilməmişdir. Eyni zamanda, yazılmış borcla bağlı hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Göründüyü kimi, iddiaçının heç bir təqsiri olmadan üzərinə qaz borcu yüklənmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun sayğacı kartla işləmiş və davamlı olaraq, o, pul ödəmişdir. Sonradan onun sayğacı dəyişilmiş və ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı evindən kənarda yerləşdirilmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı qazdan istifadə etdiyi halda ödəniş etməmiş, yalnız sayğacdan istifadə etmişdir. 788 manat borc laboratoriya yoxlaması nəticəsində hesablanmış borcdur. Halbuki, iddiaçının hazırda, debitor borcuna görə 1900 manat borcu vardır. İddiaçının sayğacının elektron və mexaniki göstəriciləri arasında fərq yaranmış və fərq 0.12 manatla hesablanmaqla 788 manat yaranmışdır. İddiaçı tərəfindən demək olar ki, ödəniş olunmamış, daha dəqiq şəkildə isə, 2020-ci ilin yanvar-fevral ayında ödəniş olunmuş, ona qədər və ondan sonrakı tarixlərdə ödəniş olunmamış, yalnızca bu ilin fevral ayında 400 manat ödəniş edilmişdir. Abonent saldosunda qalıq və aktlara görə “0.00” göstərilməsinin səbəbi həmin qrafada cərimələrin yerləşdirilməsidir. Sərfiyyat məbləğində isə sayğac göstəricisi göstərilir. İddiaçıya hesablanmış borc qaza görə hesablanmış borcdur. 2021-ci ilin oktyabr ayında sayğac nasazlığına görə dəyişilmişdir. 583 m3 itirilmiş qazdır, yəni, mexaniki göstəricilər ötürülmüşdür. İddiaçıya məxsus sayğac çöldə yerləşməklə sayğac üzərində kənar təsir izləri olmamışdır. İddiaçı tərəfindən ardıcıl ödənişləri barədə o, Gasrep çıxarışına baxmaqla müəyyən edə bilər. Elektron sayğaclara nəzarəti nəzarətçilər deyil, abonent özü həyata keçirir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, abonentin yaşadığı ünvanda quraşdırılmış İtron markalı, G-6 tipli, 1605AZ**********79 saylı sayğaca baxış keçirilmiş, sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olduğundan sayğac Elster G-6 tipli, 28026507 nömrəli sayğacla əvəz olunmuşdur. -Abonent kodu **********00130 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanına xx.xx.2021-ci il tarixdə Elster G-6T diafraqma tipli 28026507 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2021-ci ilə aid olan borcu 788 manat göstərilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, 12 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın Elster tipli olduğunu, ona nəzarət edilməsinin qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: - 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı, bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Beləliklə, məhkəmə araşdırması zamanı mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. İddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacına nəzarət etmək qaz paylayıcısının vəzifəsi olduğu halda “Qaydalar”ın tələblərinə uyğun olaraq, qaz sayğacına 30 gündən bir dəfə olmaqla nəzarət etmək öhdəliyini icra etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş »Azəriqaz» İB-nin xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən, abonentin yaşadığı ünvanda quraşdırılmış İtron markalı, G-6 tipli, 1605AZ**********79 saylı sayğaca baxış keçirilməsi nəticəsində sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olduğundan sayğacın Elster G-6 tipli, 28026507 nömrəli sayğacla əvəz olunması müəyyən olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacının qüsurlu işləməsi nəticəsində dəyişilməsi ilə nəticələnsə də, sayğaca kənar müdaxilələrin olmaması cavabdehin nümayəndəsinin izahatı əsasında da öz təsdiqini tapmışdır. Bu da öz növbəsində, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmadığını təsdiq edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olduğundan dəyişilmişdir. Göründüyü kimi, sayğacın dəyişilməsinə dair tərtib olunmuş akt sayğacın kənar təsir nəticəsində yaranmış qüsura görə tərtib olunmamışdır. Bunun da abonent tərəfindən müdaxilə olunmaqla edilməsi inandırıcı deyildir. Yəni, abonent tərəfindən sayğaca müdaxilə edilməsi, abonent maraqlı olsa belə, nüfuz edilməsi mümkün deyildir. Bu səbəbdən də, məhkəmə qeyd olunanlara əsasən, iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 788 manat borc məbləği abonent kodu **********00130 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 788 (yeddi yüz səksən səkkiz) manat borc abonent kodu **********00130 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov