Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2056/2021 29.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı debitor borcunun və sayğac pulunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı debitor borcunun və sayğac pulunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən ona hesablanmış 756 manat debitor borcunun və sayğacın puluna görə hesablanmış 235.88 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası Cəfərov X5 şəhəri H.Z.Tağıyev küçəsi ev 33 ünvanında yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən iddiaçıya məxsus ünvanda Smart-kart tipli sayğac quraşdırılmışdır. İddiaçı hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yoxlamaya aparılmış, bundan sonra iddiaçı sayğacın hara aparılmasını bilməmiş, bu barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Lakin iddiaçıya məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirilmiş və cavabdeh tərəfindən iddiaçıya 756 manat zərər hesablanmışdır. Akt tərtib edilərkən anası Tamella Cəfərovanın adına tərtib edilmiş və heç bundan da xəbəri olmamışdır. Qaz sayğacı Azəriqaz İB tərəfindən sökülüb aparılmış, lakin iddiaçı sayğacın oğurlandığını zənn etmişdir. Sonradan Azəriqaz İB evə sayğac quraşdırmış və məlum olmuşdur ki, əvvəlki sayğacın Azəriqaz İB-nin nümayəndələri tərəfindən sökülüb aparıldığı məlum olmuş, bununla bağlı isə akt tərtib edilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşanda, cavabdehin nümayəndələri iddiaçıya aktı təqdim edərək, kənar təsir nəticəsində iddiaçıya məxsus Smart kart tipli sayğacın xarab olmasını bildirmiş və bu əsasla iddiaçıya qeyd edilən borcun hesablanmasını bildirmişlər. Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombla cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh iddiaçını sayğacın kənar təsir nəticəsində xarab olmasında təqsirləndirərək, iddiaçıya əsassız borc hesablasa da onu nəzərə almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilməsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyildir. Göründüyü kimi qeyd edilən qaydaya əsasən cavabdeh iddiaçıya məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni onun vəsaiti hesabına etmək üçün qaz sayğacında onun təqsiri üzündən baş vermiş zədə aşkar etməli idi. Cavabdeh də iddiaçıya məxsus sayğacı çıxarıb apararaq, iddiaçıya məlum olmayan vəziyyətdə üzərində zədə aşkar etmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 1 küçəsi 33 saylı ev ünvanında quraşdırılmış sayğac Cəfərova Tamellanın adına quraşdırılmışdır. Həmin sayğac naməlum şəkildə oğurlanmışdır. Qeyd olunan ünvana yenidən sayğac quraşdırılmış və həmin sayğac İddiaçı adına sənədləşdirilmişdir. Əvvəlki sayğacdan istifadə nəticəsində borc yaranmış və yeni sayğacla əvəz edilən zaman borc məbləği yeni sayğaca köçürülmüşdür. Ona görə də göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasınm 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM); 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsaəsən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Abşeron RPŞ tərəfindən 28.01.2015-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X6 rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi küçəsi ev 33 ünvanında qeydiyyatdadır. -Abonent saldosundan görünür ki, abonent kodu **********40368 olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən evə 22.02.2019-cu il tarixdə Smart G-4 İtron tipli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu 756 manat göstərilmişdir. Azəriqaz İB-nin 25.09.2019-cu il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhərində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin sayğacı oğurlanaraq yerinə başqa sayğac quraşdırıldığı aşkar olunmuşdur. -31.10.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, 29/1710-02022-634 saylı rəyə əsasən 1202AQ**********5 saylı sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. -31.10.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın bərpasına əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış alqı-satqı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın bərpası üzrə tələblər müəyyən edilmiş, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin (0.8x6x180=864 m3, 1.5x8x180=2160 m3, 1.4x18x180=536 m3 cəmi 7560 m3) ödənilməsi qərara alınmışdır. -12.10.2018-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, X2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evində quraşdırılmış “İtron G-4” markalı, 1202AQ**********5 saylı sayğacına baxış keçirilmiş, sayğaca baxış zamanı sayğacın çıxış membranının deşildiyi, sayğacın dövlət plomblarının fərqli olduğu aşkar edilmişdir. -Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zehin Rəsulov tərəfindən Azəriqaz İB-nin Baş direktorun Satış və İstismar üzrə müavini cənab Ruslan Əliyevə ünvanladığı 30.09.2019-cu il tarixli “Hesab koduna köçürülməsi barədə” məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan Cəfərova Tamellaya (**********10000) məxsus 1202AQ**********5 saylı 1802AZ**********81 saylı sayğacla əvəz edilmişdir. Çıxarılan sayğaca 31.10.2018-ci il tarixində 29/1710-02.022/634 rəy əsasında Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt yazılmış və dəymiş ziyan hesablanmışdır. Bundan sonra ünvanda olan sayğac naməlum şəraitdə oğurlanmışdır. Həmin ünvana **********1 saylı sayğac quraşdırılmış və İddiaçı adına yeni (**********40368) hesab kodu açılmışdır. Qeyd olunanları nəzərə alaraq, abonentin **********0000 hesabında olan 756 AZN borcun **********40368 hesabına köçürülməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Məhkəmə iddia tələbini araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə edilmiş "Qazdan istifadə Qaydaları"-nın 4.2.6.5 bəndlərinin Cavabdeh 04.02.2013-cü il tarixli "Əhali abonentlərinin mənzillərində evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydalarının" 6,14 və "Qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı Qaydalarının" 6,5 və X1 24.12.2009-cu il tarixli 14-S saylı sərəncamının icrası olaraq istehlakçıların öz vəsaitləri hesabına G-4 və G-6 markalı qaz sayğacları ilə təchiz edilməsinin qiymət cədvəlinə əsasən Əhali abonenti Smart kart (İtron) G-4 – qiyməti 212,28 manat qeyd olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qərarın 3.1.3. bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profılaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7. bəndinə əsasən isə qaz qurğularma altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Eyni zamanda İş materiallarından və tərəfin izahatından müəyyən edilir ki, iddiaçının evinə quraşdırılmış sayğac onun evindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid evin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Bundan əlavə Cavabdeh İB ilə abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, akta əsasən sayğacın yararsız hala düşdüyü müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Göründüyü kimi bütün bunlar iddiaçının qaz sayğacına müdaxilə etməsini tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyi və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 756 manat borc məbləği silinməli olunmalı və cavabdeh qaz sayğacına görə tələb edilmiş 235 (iki yüz otuz beş) manat pulu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-252–çi maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 4 küçəsində yerləşən 33 saylı ev ünvanında yaşayan abonent İddiaçı əsassız hesablanmış 756 (yeddi yüz əlli altı) manat borc məbləği silinsin və cavabdeh qaz sayğacına görə tələb edilmiş 235 (iki yüz otuz beş) manat pulu ödəməkdən azad edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2056/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2056/2021
29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver