Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2061/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, abunə kodu **********05331 olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi, ev (bina) 0020, mənzil 5331 olaraq qeyd edilmiş ünvanına dair hesablanmış 602 manat 49 qəpik məbləğində dondurulmuş köhnə qaçqın borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1959-cu il tarixdə anadan olmuşdur. Hal-hazırda da faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi, ev (bina) 0020, mənzil 5331 (cavabdeh tərəfindən ünvan Xırdalan Masazır qəsəbəsi, ev(bina) 0020, mənzil 5331 olaraq qeyd edilmişdir) ünvanında yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən həmin mənzilə dair 602 manat 49 qəpik məbləğində qaçqın borcunun hesablanması ilə bağlıdır. Bu borclar silinməli olduğu halda bu günə qədər silinməmiş, borc kimi göstərilir. Belə ki, cavabdehə bir neçə dəfə həmin borcun silinməsi ilə bağlı dövlət tərəfindən göstəriş olduğunu və silmələrini tələb etsə də bu günə kimi həmin borc silinməmişdir. Bu isə onun mənzil ilə bağlı bir sıra hüquqlarını həyata keçirməyə mane olur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şərh edilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh «Azərişıq” ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Abonent kodu **********05331 nömrəli, Xırdalan, Nasazır qəsəbəsi, ev (bina) 0020, mənzil 5331 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, xx.xx.2015-cı ildən xx.xx.2016-cı ilədək ona cəmi 602,49 manat borc hesablanmışdır. Həmin borc “Qaçqın borcu silinmə” altlığı ilə qeyd edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda iddiaçının yaşadığı mənzilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 602,49 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “Qaçqın borcu silinmə” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin abonentə hesabladığı 602,49 manat tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc öz növbəsində əsassız hesab edilərək silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********05331 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 602,49 manat borc silinməli, məhkəmə xərcləri cavabdeh "xxxx" ASC-yə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********05331 saylı abonent koduna "xxxx" ASC tərəfindən hesablanmış 602,49 manat borc silinsin. Məhkəmə xərcləri cavabdeh "xxxx" ASC-yə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 manat (otuz manat) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2061/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2061/2024
07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver