Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2096/2025 23.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi əri 25 iyun 1965-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 25 iyun 1965-ci il təvəllüdlü X5 ilə 23 iyul 1991ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həyat yoldaşı Piriyev Ruslan 2024cü il avqust ayının 5-dən 6-a keçən gecə anidən qan təzyiqinin yüksəlməsi nəticəsində beyin insultu keçirmişdir. Mərkəzi Klinikada beyin MRT müayinəsinin nəticəsində onda orta dərəcəli beyin atrofiyası, sol tərəfdə bazal qanqliyaları əhatə edən, sol talamusun üst- ön hissəsinə sirayət göstərən, insular zonanı tutan, gicgah payın arxa-üst hissəsi boyunca təpə və alın paylarına davam edən, geniş zonada diffuzion rejimlərdə də patoloji siqnal dəyişikliyi göstərən, erkən yarımkəskin dövr işemik insult sahəsi diaqnozu qoyulmuşdur. Abşeron Rayon Mərkəzi Xəstəxanası orta beyin arteriyasının tıxanması və stenozu diaqnozu, Sumqayıt Şəhər Psixatriya Xəstəxanasının Həkim-Psixiatr Komissiyası isə nitq artikulyasiyasının spesifik pozuntusu diaqnozu qoymaqla, həyat yoldaşının daima kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı olduğu qərarına gəlmişdir. Həyat yoldaşına əlilliyin təyin olunması üçün o, 30 yanvar 2025-ci il tarixdə komissiyadan keçməli idi. Lakin 29 yanvar 2025-ci il tarixində həyat yoldaşı yenidən beyin insultu keçirmişdir. Əri onun hımayəsindədir və ona özü baxır. Hazırda onun bədəninin sağ tərəfi işləmir və danışa bilmir. Həyat yoldaşının köməksiz vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil, çünki o, öz davranışlarını qavraya bilmir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki iş materiallarında olan 380971 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi xx.xx.1991-ci il tarixdə nikaha girmişlər. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1755 saylı rəyindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X3 işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. xx.xx.1965-ci il təvəllüdlü X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar vardır. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1965-ci il təvəllüdlü X3 işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) aşkar olunur. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə xx.xx.1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2096/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2096/2025
23.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver