Məhkəmə qərarları › İş №2(012)-2099/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2099/2025

24.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2099/2025 24.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı «qanunsuz hesablanmış su borcunun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına yazılan 425 manat su borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, oğluna 2023-cü ilin oktyabrın 30-da ünvan 1 ünvanında ev almışdır. İlk 6 ay ərzində su sayğacı ayda təxmini 2,3 m3 olmaqla normal işləmiş, lakin evi aldıqdan bir müddət sonra, yəni 2024-cü ilin iyul ayında birdən-birə sayğac 205 manat, sonrakı ayda isə 224 manat su borcu hesablamışdır. Halbuki qeyd edilən miqdarda su işlətməmişdir. O, Cavabdeh publik hüquqi şəxsdən sayğacı yenisi ilə əvəz etmələrini xahiş etmiş, onun müraciəti əsasında yeni sayğac quraşdırılmışdır. Köhnə sayğac laboratoriyaya göndərilmiş, laboratoriya rəyi əsasında isə sayğacın içinin dağıldığı və tamamilə istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Hesab edir ki, bu, sayğacla bağlı olan bir problemdir və bu məsələdə onun heç bir təqsiri yoxdur. O, abonent koduna hesablanmış 425 manat pulun silinməsini istəyir, belə ki, qeyd edildiyi kimi onun evinə quraşdırılmış sayğac xarab olduğundan su sərfiyyatının miqdarını düzgün hesablamamışdır. Onun Cavabdeh publik hüquqi şəxs tərəfindən silinməsini tələb etdiyi borc məbləği iyul-avqust ayları üzrə yaranmış borcdur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi X3 izahatında bildirdi ki, iddianı qəbul edirlər. Belə ki, cavabdeh təşkilat tərəfindən İddiaçı 2024-cü ilin iyul ayında 205 manat, daha sonrakı ay üçün, yəni 2024-cü ilin avqust ayında 224 manat su borcu yazılmışdır. Bundan əlavə 2024-cü ilin oktyabr və noyabr ayları üzrə 2 manat, dekabr ayı üzrə 45 manat, 2025-ci ilin yanvar ayı üzrə 63 manat, 2025-ci ilin fevral ayı üzrə 1 manat borc yazılmışdır. İddiaçının da qeyd etdiyi kimi sayğacda nasazlıq olmuşdur, belə ki, ekspert rəyindən göründüyü kimi həmin iki ayda, yəni iyul-avqust aylarında sayğac düzgün işləməmişdir. Odur ki, iddiaçının abonent koduna hesablanmış 425 manat məbləğində borcun silinməsinə etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Dövlət Su X4 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin X7 İdarəsinin “X2 Laboratoriyası” tərəfindən verilmiş 14485/0365304 nömrəli rəydən görünür ki, laboratoriya yoxlaması nəticəsinə əsasən suölçən cihazın kipliyinin pozulduğu, cihazın metal tənzimləyici araqat hissəsinin çatlaması nəticəsində təmirə və istismara yararsız olduğu aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-53-2/2-R-57/35/24 nömrəli məktubdan görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı SSS-15 markalı, 514485 nömrəli sayğac istismara yararsız olduğundan xx.xx.2024-cü il tarixində sökülərək, yerində ilkin göstəricisi 1 m3 olmaqla İSS-15M markalı, 24163718 nömrəli sayğac quraşdırılmışdır. X7 İdarəsinin “X2 Laboratoriyası”nın rəyində istismardan çıxarılan sayğacın yararsız vəziyyətdə olduğu təsdiqini tapmışdır. Belə ki, suölçən cihazın kipliyinin pozulması aşkar edilmişdir. Suölçən çihazın tənzimləyici araqat hissəsi korroziyaya uğramışdır. Təmirə və istismara tam yararsızdır. Bu səbəbdən müraciətin müsbət həlli imkan xaricindədir. Hazırda xx.xx.2024-cü il tarixinə sayğac göstəricisi 50 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda (kod: **********100) 452 manat borc var. Eyni zamanda bildirirlər ki, “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borcları su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün X8 Sistemlərinin istismarı İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamağınız tovsiyə olunur. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli abonent kartlarından görünür ki, İddiaçı 2024-cü ilin iyul-avqust ayları üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə Cavabdeh publik hüquqi şəxsə 429 manat (iyul ayı üzrə 205 manat, avqust ayı üzrə 224 manat) borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli abonent kartlarına əsasən 2024-cü ilin iyul-avqust ayları üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent İddiaçı hesabında 429 manat (iyul ayı üzrə 205 manat, avqust ayı üzrə 224 manat) borcunun olduğu qeyd edilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Dövlət Su X4 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin X7 İdarəsinin “X2 Laboratoriyası” tərəfindən verilmiş 14485/0365304 nömrəli rəydən göründüyü kimi laboratoriya yoxlaması nəticəsinə əsasən suölçən cihazın kipliyinin pozulduğu, cihazın metal tənzimləyici araqat hissəsinin çatlaması nəticəsində təmirə və istismara yararsız olduğu aşkar edilmişdir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi İddiaçı məxsus evə quraşdırılmış sayğacda nasazlıq olduğundan 2024-cü ilin iyul-avqust aylarında sayğacın düzgün işləmədiyini bildirmiş və iddia tələbini qəbul etmişdir. İddiaçı iddia ərizəsində onun adına yazılan 425 manat su borcunun silinməsini xahiş etmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh publik hüquqi şəxs tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış sayğaca (abonent kodu: **********100) qanunsuz olaraq hesablanmış 425 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildiyindən və tələb mübahisələndirilmədiyindən məhkəmə yuxarıda qeyd olunan maddənin tələbinə əsaslanaraq iddianın təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh publik hüquqi şəxs tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış sayğaca (abonent kodu: **********100) qanunsuz olaraq hesablanmış 425 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar