Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2100/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona hesablanmış 197,85 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22, 2 saylı evin 34 saylı mənzilində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı mənzilə aid olan işıq sayğacına baxış keçirilmiş, 11 yanvar 2022-ci il tarixli, NDM 027709 saylı akt tərtib edilmiş, həmin akta görə mənzilə məxsus hesabat sayğacının alt qapaq möhürünün trosunun kəsilməsi və üst örtükdə əzilmə izləri aşkar edilmişdir. Həmin akta əsasən sayğaca kənar müdaxilənin olub-olmamasının müəyyən edilməsi üçün sayğacın laboratoriyaya göndərilməsi barədə rəy verilmişdir. Sayğac laboratoriyada yoxlanılmış və ona hər hansı bir kənar müdaxilənin olmaması müəyyən edilmişdir. Ona məxsus mənzilə dair hesablanmış borc əsassız olduğundan silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli 000570 saylı aktdan görünür ki, abonent kodu **********06346 nömrəli, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22, 2 saylı evin 34 saylı mənzilində yaşayan İddiaçı yaşadığı mənzilə E.E.İ.Q-na uyğun olaraq yoxlama zamanı quraşdırılmış elektrik sayğacının dövlət möhürünün normal olması, lakin sayğacın gövdəsinin sağ tərəfində texniki təsir nəticəsində yanma olması müəyyən edilmişdir. Sayğacın daxilinə baxış keçirilərkən yanakı müdaxilə izləri müşahidə olunmamışdır. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 044597 saylı xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, abonent kodu **********06346 nömrəli, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22, 2 saylı evin 34 saylı mənzilində yaşayan İddiaçı yaşadığı mənzildə olan sayğacı NDM 027709 saylı akta əsasən sökərkən məlum olmuşdur ki, sayğacın sol hissəsi yanmışdır. Rəy verilməsi üçün sayğacın laboratoriyaya göndərilməsi zəruridir. - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş NDM 027709 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, abonent kodu **********06346 nömrəli, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22, 2 saylı evin 34 saylı mənzilində yaşayan İddiaçı yaşadığı mənzildə olan sayğaca baxış keçirilərkən alt qapaq möhürünün trosunun kəsilməsi və üst örtükdə sol tərəfdən əzilmə izlərinin olması müəyyən edilmişdir. Hesab mexanizminin çarxlarında əzilmə izləri vardır. E.E.İ.Q-na uyğun olaraq sayğac laboratoriya şəraitində yoxlanılaraq rəy verilməlidir. - Abonent kodu **********06346 nömrəli, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22, 2 saylı evin 34 saylı mənzilində yaşayan İddiaçı saldosundan görünür ki, tərtib edilmiş aktlar nəticəsində ona xx.xx.2022-ci il tarixdə 197,85 manat borc yazılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı məxsus elektrik sayğacı yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Belə olan halda o, sayğacın texniki vəziyyətinə və sazlığına görə məsuliyyət daşıya bilməz. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.32-ci bəndinin “a” yarımbəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus elektrik sayğacı mənzildən kənarda quraşdırıldığından əlavə borcun hesabatında Qaydaların 8.32-ci bəndinə istinad edilməsi qeyri-qanunidir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş yuxarıda qeyd olunan aktda qüsurlara yol verilmiş, faktı təsdiq edən akt yazılarkən bitərəf olan hal şahidlərinin iştirakı təmin edilməmişdir. Hal şahidlərinin imzasının zəruriliyi ondan ibarətdir ki, akt tərtib edilərkən onu tərtib edənlər özlərinin marağı əsasında deyil, obyektivlik əsasında tərtib etsinlər. Məhkəmə qeyd edir ki, abonentə yazılmış cərimə borcu akta əsasən yazıldığından və akt E.E.İ.Q.-nın tələblərinə uyğun tərtib edilmədiyindən borc da öz növbəsində əsassız hesab edilərək silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh edilən işin hallarına əsasən xx.xx.2022-ci il tarixli 027709 saylı aktda göstərilən qüsura görə abonent məsuliyyət daşımır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının abunə kodundan silinməsini tələb etdiyi məbləğdə, yəni 197,85 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********06346 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 027709 saylı akta əsasən İddiaçı hesablanmış 197,85 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2100/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2100/2022
19.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver