Məhkəmə qərarları › İş №2(012)-2132/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2132/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2132/2023 05.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı uşaqları - X6, X7 və X9 ilə birlikdə cavabdehin məcburi köçkün kimi kirayə müqaviləsi əsasında məskunlaşdığı və sahibliyində olan ünvan 1 ünvanına köçürülmələri və cavabdehə həmin mənzildən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə el adəti ilə xx.xx.2015ci il tarixdə toy edərək ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdeh öz hərəkətləri ilə ailənin dağılmasına səbəb olmuş, həm iddiaçının, həm də cavabdehin iddiası üzrə Füzuli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1063/2022 saylı qətnaməsi nikahları pozulmuş, azyaşlı uşaqlar atadan alınıb iddiaçıya verilmişdir. Toy olduqdan sonra iddiaçı cavabdehin və onun valideynlərinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində məcburi köçkün kimi məskunlaşdıqları evə gəlin köçmüş, sonradan 2018-ci ildə dövlət tərəfindən cavabdehə və iddiaçıya ayrı ailə kimi Sumqayıt şəhəri, Qaçqınlar şəhərciyində ev verilmiş və orada yaşamağa başlamışlar. Cavabdehin valideynləri isə həmin şəhərcikdə yaxınlıqda ayrı ev almış, lakin valideynlərinin Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində özlərinə məxsus evləri olmuş və həmin evdə yaşamışlar. Məcburi köçkün kimi onlara verilmiş mənzildən istifadə etmirdilər. İddiaçının bütün cehiz və qızıl-zinət əşyaları, hətta gündəlik geyimləri belə Cavabdeh ilə birgə yaşadığı Dövlət Komitəsi tərəfindən verilmiş Sumqayıt şəhəri, Stansiya Sumqayıt deyilən ərazidə yerləşən Qaçqınlar şəhərciyi, bina 3, 2 saylı mənzildə qalmışdır. Belə ki, iddiaçı həmin evdən ailədaxili münaqişə nəticəsində xx.xx.2022-ci il tarixdə faktiki olaraq polis şöbəsinə aparılmış, təxminən, bir sutkadan artıq polis şöbəsində qaldıqdan sonra isə evə qayıtmadan birbaşa atasıgilə Füzuli rayonuna gəlmişdir. Həmin vaxtdan iddiaçı cavabdehin onu ölümlə hədələməsi səbəbindən cehiz əşyalarının olduğu evə gedə bilməmişdir. Nikahın pozulması ilə bağlı işi məhkəmədə davam edərkən iddiaçı cavabdehdən cehiz və qızıl-zinət əşyalarını özünə qaytarmasını xahiş etsə də, cavabdeh heç nə verməyəcəyini, həmin əşyaları məhv edəcəyini bildirmişdir. Bununla bağlı iddiaçı cavabdehlə “whatsapp” proqramı vasitəsi ilə danışarkən demişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evdən necə çıxdığı, sonra ora qayıtmadığı cavabdehin özünün və iddiaçının nikahın pozulması işinə baxılarkən məhkəməyə təqdim etdiyi şahidlər tərəfindən də bildirilmişdir. Hazırda, iddiaçının yaşamağa başqa yeri yoxdur, iddiaçı uşaqları ilə ünsiyyət saxlamaq üçün Bakı şəhərində kirayə mənzildə yaşayır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehin sahiblik və istifadəsinə verilmiş mənzilə dair müqavilədə onun da adı qeyd olunmuş, lakin bu günə qədər onun mənzildə yaşamaq hüququ bərpa olunmamışdır. Aidiyyəti quruma müraciət olunmuş və cavab olaraq, onun mənzildə yaşamaq hüququnun olduğu bildirilmişdir. Mənzilin açarları onda mövcud deyildir. O, cavabdeh ilə 2015-ci ildə evlənmiş, 2016-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Müqavilə isə 2019-cu ildə bağlanmışdır. Mənzildə o, nikahın pozulduğu günə qədər cavabdeh ilə birlikdə yaşamışdır. Fevral ayında cavabdehlə ayrılmış, nikah isə oktyabr ayında məhkəmə qaydasında pozulmuşdur. Mənzildən o, könüllü şəkildə çıxmış, lakin açar olmadığından mənzilə daxil ola bilmir. Uşaqlar hazırda, cavabdehdədir və o, uşaq tələbi ilə məhkəməyə müraciət etmişdir. O, hazırda, özü kirayədə yaşayır. Valideynləri olsa da, onlar rayonda yaşayır. Onun atasının evi atasına məxsusdur, hətta, atasının deyil, dövlətə məxsusdur. Ona görə də hesab edir ki, öz evi ola-ola kirayədə qalır və şəhərdə işləyir. Onun köçürülməsini tələb etdiyi ev ona məxsus olmaqla onun da hüququ vardır. Cavabdeh özü valideynləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun iddiaçı ilə nikah münasibətlərinin pozulmasının başlıca səbəbi xəyanət olmuşdur. İddiaçı özü könüllü şəkildə evdən çıxmışdır. İddiaçı evin qapısının bağlı olduğunu bildirir, lakin o, üç uşağı ilə birlikdə həmin evdə yaşayır. İddiaçı onu atasına Qaçqınkom tərəfindən verilmiş evdə yaşayır. O, iddiaçının mənzilə köçürülməsinə etiraz edir. 2022-ci ildə o, evində Ziya adlı şəxsi tutmuş və həmin şəxs onun rəsmi nikah münasibətində olduğu müddətdə iddiaçının münasibətdə olduğu şəxs olmuşdur. Onun Nurlan adlı qonşusu səs yazılarının olduğunu və iddiaçının onun evində həmin şəxslə olduğunu bildirmişdir. Bu səbəbdən də, o, iddiaçının mənzilə köçürülməsinə narazıdır. İddiaçı və ailəsi onu ölümlə hədələyir. Hesab edir ki, iddiaçının və ailəsinin əlaqədə olduğu şəxslər onu öldürə bilər. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, mənzil xüsusi təyinatlı kirayə müqaviləsi əsasında verilmiş və müqavilədə adı keçən şəxslərin hər birinin mənzildə yaşamaq hüququ vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh İsrayil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində yerləşən 3 saylı evin, 3 otaqlı, 2 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri yoldaşı İddiaçı, X6 və X3r. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. -Füzuli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1063/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılmaları və alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılmaları tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixdə 347 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar - xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, uşaqların ataları Cavabdeh alınaraq anaları İddiaçı verilmələri, Cavabdeh azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının azyaşlı uşaqların ataları Cavabdeh alınaraq anaları İddiaçı verildiyi tarixdən hesablanması, iddia tələblərinin digər hissələrdə rədd olunması qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı və Cavabdeh Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Ailə münaqişəsi zəminində tərəflərin nikah münasibətləri pozulduğundan Füzuli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)- 1063/2022 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi və uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra Dövlətqaçqınkom Mənzil İstismar Departamenti tərəfindən bağlanmış sosial kirayə müqaviləsinə əsasən, Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində yerləşən 3 saylı evin, 3 otaqlı, 2 saylı mənzili müvəqqəti yaşamaq üçün kirayəçi olan cavabdehin sahiblik və istifadəsinə verilmiş və tərəflər nikah münasibətləri pozulanadək həmin mənzildə birgə yaşamaqla birgə təsərrüfat aparmışlar. Hazırda, tərəflərin nikah münasibətləri pozulduğundan iddiaçı könüllü şəkildə tərk etdiyi mənzilə köçüb yaşamaq üçün cavabdeh tərəfindən maneələr yaradıldığından azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülməklə maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 27.1. maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3. maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, № 32 saylı Qərarının 10-cu bəndinə əsasən, nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə tərəflər Füzuli rayonundan məcburi köçkün statusuna malikdir və Cavabdeh bağladığı xx.xx.2019-cu il tarixli, 1 saylı müqaviləyə əsasən, mübahisəli Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində yerləşən 3 saylı evin, 3 otaqlı, 2 saylı mənzili dövlət mənzil fonduna aid edilməklə, cavabdehin ailə üzvləri olan həyat yoldaşı, hazırki iş üzrə İddiaçı və onların azyaşlı iki uşaqları ilə birlikdə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 17.3.2. bəndinə əsasən, xüsusi təyinatlı mənzil fondu - bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. 91.1.15 bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 99.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində yerləşən 3 saylı evin, 3 otaqlı, 2 saylı mənzili hazırki iş üzrə tərəflərə nikah münasibətlərinə daxil olduqdan sonra onların azyaşlı uşaqları ilə birlikdə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Hazırda, iddiaçının cavabdehlə mübahisəli mənzildə yaşamaq hüququnun olduğunu iddia etdiyi, cavabdeh tərəfindən mənzilə köçürülməsinə və mənzildən istifadəyə maneələr yarandığından məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Mənzil Məcəlləsinin: 68.1. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.3. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 69.1. maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 70 maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, sosial kirayə müqaviləsi üzrə kirayəçinin ailə üzvü kimi müqavilədə adı qeyd olunmuş İddiaçı nikah münasibətlərinin xitam verilməsindən sonra müvəqqəti olaraq yaşayış sahəsini tərk etməsi onun kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur və məhkəmə iclasında iddiaçının mübahisəli mənzilə köçürülməsinə etiraz etməsi onun tərəfindən maneələr yaratmasını istisna etmir. Bununla belə, iddiaçının köçürülmək iddiasında olduğu mənzil tərəflərin müvəqqəti sahiblik və istifadəsinə verilməklə Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində yerləşən 3 saylı evin, 3 otaqlı, 2 saylı mənzili səlahiyyətli orqanın mülkiyyətində olduğundan və hazırki iş üzrə tərəflər bərabər hüquq və vəzifələrə malik olduğundan iddiaçının da cavabdeh kimi həmin mənzildə yaşamaq hüququ olduğundan iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı azyaşlı uşaqları-xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə iddiaçının iddia tələbinin azyaşlı oğlu xx.xx.2021-ci il təvəllüdlü X9 ilə birlikdə köçürülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin azyaşlının adı sözügedən sosial kirayə müqaviləsində qeyd edilməməsinə baxmayaraq iddia tələbi bu azyaşlıya münasibətdə də əsaslı olmaqla təmin edilir. Belə ki, Mülki Məcəllənin 27.2. maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 14, 36, 77, 150 və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, “Stansiya Sumqayıt” ərazisində yerləşən Qaçqınlar şəhərciyi, 3 saylı evin, 3 otaqlı, 2 saylı mənzilinə köçürülsün və Cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar