Məhkəmə qərarları › İş №2(012)-2149/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2149/2024

12.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2149/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 26 saylı notariat ofisinin xüsusi notariusu X8 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 26 saylı notariat ofisinin xüsusi notariusu X8 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla əlaqədar cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 10 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bunlar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03575 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi (250,2 kv.metr) vardır. Daşınmaz əmlak 10 iyul 2019-cu il tarxdə, dövlət reyestrində 210 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmışdır. 16 yanvar 2023-cü il tarixdə Cavabdeh3 ilə Əliağa Vahid küçəsi, ev 10 ünvanında yerləşən əmlakın icarəyə verilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlamışdır. Bundan sonra, Cavabdeh3 və onunla əlbir olan şəxslər dələduzluq yolu ilə əmlak hüquqlarını ələ keçirmək üçün işə başlamış, onun haqqında naməlum mənbələrdən məlumatlar toplamış və saxtakarlıq edilərək evin satılmasına dair həyat yoldaşının razılıq ərizəsini, habelə adından Cavabdeh3 səlahiyyətlərin ötürülməsini özündə ehtiva edən baş etibarnaməni hazırlayaraq Bakı şəhərində fəaliyyət göstərən 26 saylı notariat ofisinin xüsusi notariusu X8 təqdim etmişlər. Daşınmaz əmlak 21 fevral 2023cü il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində qeyd olunan saxta baş etibarnamə əsasında Cavabdeh3 tərəfindən Cavabdeh4, sonuncu isə 10 mart 2023-cü ildə Cavabdeh5 satmış, bu barədə alqı-satqı müqavilələri bağlanılmışdır. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən adları çəkilən şəxslərin adına müvafiq çıxarışlar hazırlanmışdır. Cinayət əməlindən xəbər tutduqdan sonra, aidiyyəti hüquq-mühafızə orqanlarına şikayətlər etmişdir və daşınmaz əmlakın satılmasının qarşısını alan məhdudiyyətlər qoyulmuşdur. Əməli törətmiş şəxslərdən Cavabdeh3 və Cavabdeh4 xx.xx.2023-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Rusiya Federasiyasına qaçmışlar. Hazırda DİN Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin istintaqı aparılır. Ona məxsus daşınmaz əmlakın qanunsuz yollarla ələ keçirilməsini pərdələyən alqı-satqı müqavilələri etibarsız hesab edilməli və bu şəxslərə verilmiş çıxarışlar ləğv edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, ünvan 1 (yeni qaydalarla Əliağa Vahid küçəsi ev 45) ünvanında yerləşən 10 iyul 2019-cu il tarixdə, dövlət reyestrində 210 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmış daşınmaz əmlakla əlaqədar Rusiya Federasiyası Kurqan şəhər notariat dairəsinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı adından olan xx.xx.2023-cü il tarixli, ** AA ***4708 nömrəli (reyestr № 45/15-н/45-2023-2-144) etibarnamə, habelə X3 adından olan xx.xx.2023-cü il tarixli, ** AA ***4710 nömrəli (reyestr № 45/15-н/45-2023-2-116) razılıq ərizəsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanılmış 10 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və aparılmış notariat hərəkətləri nəticəsində verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, habelə iştirak etdiyi məhkəmə iclasında onun vəkilinümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdikləri məhkəmə iclasında Cavabdeh5, habelə onun vəkili-nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Nümayəndə əlavə etdi ki, Cavabdeh5 sözügedən əmlakın əldə edilməsi zamanı nə Cavabdeh3, nə də İddiaçı tanımamışdır. Əmlakı ona satan satıcı Cavabdeh4 isə notariat ofisində alqı-satqı edən zaman görmüş və əmlakı Cavabdeh5 üçün tapan və təklif edən Emin adlı şəxs Cavabdeh4 Cavabdeh5 əmlakın mülkiyyətçisi və satıcısı kimi təqdim etmişdir. Həmin anadək Cavabdeh5 heç bir şəxsi tanımamış və əmlakın problemli olacağına şübhə etməmişdir. Cavabdeh5 tərəfindən əmlakın əldə edilməsində məqsəd onu icarəyə vermək və ya sahibkarlıq məqsədilə öz kiçik biznesini qurmaq olmuşdur. Mübahisəli əmlakı əldə etmək üçün Cavabdeh5 mərhum valideynindən miras qalmış və Moskva şəhərində yerləşən yaşayış evini satmış və həmin pula bu əmlakı almışdır. Əgər onun digər şəxslərlə işbirliyi olsaydı, Moskvadakı əmlakını satmaq zərurəti yaranmazdı və bu şəxslər birləşib həmin pul vəsaitini düzəldərdilər. Göründüyü kimi, Cavabdeh5 tərəf kimi iştirak etdiyi əqd uydurma deyil, real əqd olmuşdur. DƏDRX-dən Cavabdeh4 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından reyestr çıxarışı mövcud olmuşdur və notariat ofisində Cavabdeh4la Cavabdeh5 arasında alqı-satqı müqaviləsi bağlanan zaman bu reyestr çıxarışı etibarlı olmuş və üzərində hər hansı yüklülük olmamışdır. Cavabdeh5 pul vəsaitini ödəyərək mübahisəli əmlakı vicdanla əldə etdiyindən iddia ona dair hissədə təmin edilməməlidir. Cavabdeh 26 saylı notariat ofisinin xüsusi notariusu X5 vəkili-nümayəndəsi Nümayəndə3 iştirak etdiyi məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Məhkəmə mülki işə həmin cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03575 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi (250,2 kv.metr) İddiaçı adına qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini (250,2 kv.metr) 1 il müddətinə ayda 1500 manat ödəmək şərtilə Cavabdeh3 icarəyə vermişdir. İşdə olan Rusiya Federasiyası Kurqan şəhər notariat dairəsinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, ** AA ***4708 nömrəli (reyestr № 45/15н/45-2023-2-144) etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03575 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi (250,2 kv.metr) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əqdləri bağlamağı və s. səlahiyyətləri 5 il müddətinə Cavabdeh3 vermişdir. İşdə olan Rusiya Federasiyası Kurqan şəhər notariat dairəsinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, ** AA ***4710 nömrəli (reyestr № 45/15н/45-2023-2-116) razılıq ərizəsinin surətindən görünür ki, X10 əri İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03575 ha olan torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayış evini(250,2 kv.metr) girova və ta ipotekaya qoymağa razıdır. İşdə olan Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı adından etibarnamə əsasında çıxış edən Quliyev X14 rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 10 ünvanında yerləşən daşınmaz əmlakı Cavabdeh4 350000 manata satmışdır. İşdə olan Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 10 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı Cavabdeh5 400000 manata satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03575 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi (250,2 kv.metr) Cavabdeh5 adına qeydə alınmışdır. İşdə olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh3 əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri mövcud olduğundan, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və cinayət işinin icraata qəbul edilməklə, ibtidai istintaqının aparılması qərara alınmışdır. Qərardan görünür ki, Cavabdeh3 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından suiistifadə edərək, xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 250.2 kv.metr təşkil edən daşınmaz əmlakı 16 yanvar 2023-cü il tarixli icarə müqaviləsi əsasında 01 il müddətə icarəyə götürüb həmin daşınmaz əmlaka dair mülkiyyətçi İddiaçı tərəfindən razılıq əldə etdiyini Rusiya Federasiyasının Kurqan şəhər Notariat dairəsinin xüsusi notariusuna yalandan bildirərək, oradan 17 fevral 2023-cü il tarixli etibarnamə aldıqdan sonra həmin etibarnamə əsasında 21 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən Bakı şəhəri 26 saylı Notariat kontorunda qeyd edilən daşınmaz əmlakı İddiaçı razılığı.və məlumatı olmadan, Cavabdeh4 350000 manata sataraq, həmin pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşdə olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/909 saylı rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan xx.xx.2023-cü il tarixli ** AA ***4708 nömrəli etibarnamənin arxa hissəsində ‘'доверитель" qrafasında "Абуллайев Йылмаз Назим оглы” yazıları və həmin yazıların qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X4 adından olan xx.xx.2023-cü il tarixli ** AA ***4710 nömrəli razılıq ərizəsində "подпись" qrafasında "Абдуллаева Лейла Адил гызы” yazıları və həmin yazıların qarşısındakı imza - X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Binəqədi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə X12 və qeyrilərinin əməlində cinayət tərkibi olmadığından cinayət təqibinə başlanması rədd edilmişdir. İşdə olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, cinayət işi üzrə Cavabdeh5 zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/11xx-xx/1149 saylı rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış obyektinin 2023-cü ilin fevral ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən ******* manat məbləğində müəyyən edimişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X9 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X7 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 647-ci maddəsinə görə alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir İşdən göründüyü kimi, mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03575 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi (250,2 kv.metr) İddiaçı mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini (250,2 kv.metr) 1 il müddətinə ayda 1500 manat ödəmək şərtilə Cavabdeh3 icarəyə vermişdir. Bundan sonra Cavabdeh3 xx.xx.2023-cü il tarixli, ** AA ***4708 nömrəli etibarnamə və xx.xx.2023-cü il tarixli, ** AA ***4710 nömrəli razılıq ərizəsinə əsasən İddiaçı adından çıxış edərək, həmin əmlakı Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 350000 manata, o isə 10 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 400000 manata satmışdır. Hazırda bu daşınmaz əmlak xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh5 adına qeydə alınmışdır. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1 (yeni qaydalarla Əliağa Vahid küçəsi ev 45) ünvanında yerləşən 10 iyul 2019-cu il tarixdə, dövlət reyestrində 210 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmış daşınmaz əmlakla əlaqədar Rusiya Federasiyası Kurqan şəhər notariat dairəsinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı adından olan xx.xx.2023-cü il tarixli, ** AA ***4708 nömrəli (reyestr № 45/15-н/45-2023-2-144) etibarnamə, habelə X3 adından olan xx.xx.2023-cü il tarixli, ** AA ***4710 nömrəli (reyestr № 45/15-н/45-2023-2-116) razılıq ərizəsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanılmış 10 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və aparılmış notariat hərəkətləri nəticəsində verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı adından olan xx.xx.2023-cü il tarixli ** AA ***4708 nömrəli etibarnamənin arxa hissəsində ‘'доверитель" qrafasında "Абуллайев Йылмаз Назим оглы” yazıları və həmin yazıların qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X4 adından olan xx.xx.2023-cü il tarixli ** AA ***4710 nömrəli razılıq ərizəsində "подпись" qrafasında "Абдуллаева Лейла Адил гызы” yazıları və həmin yazıların qarşısındakı imza - X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Başqa sözlə, özünə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün İddiaçı Cavabdeh3 etibarnamə, onun arvadı L.Abdullayeva isə razılıq verməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli əmlakın alqı-satqısına dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli müqavilə öz etibarlılığını itirir. İşdən görünür ki, mübahisəli əmlakın mülkiyətçisinin əmlakı özgəninkiləşdirmək fikri olmamış, o, əmlakını Cavabdeh3 icarəyə vermiş, lakin Cavabdeh3 saxta etibarnamə və razılıq ərizəsinə əsasən bu əmlakı 350000 manata Cavabdeh4 satmış, bununla da Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla əqd bağlamışdır ki, bu da etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edildiyi kimi, səlahiyyət verilməmiş şəxs tərəfindən iddiaçıya məxsus əmlak qanunsuz yolla özgəninkiləşdirildiyindən və bu etibarsız əqd nəticəsində Cavabdeh3 350000 manat, Cavabdeh4 isə 50000 manat məbləğində bəhrələndiklərindən, daşınmaz əmlakın mülkiyyətçiyə qaytarılması isə mümkün olmadığından həmin məbləğlər müvafiq olaraq Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı verilməlidir. Bununla belə, işdən görünür ki, yuxarıda qeyd edilən müqavilədən 17 gün sonra Cavabdeh4 mübahisəli əmlakı 400000 manata Cavabdeh5 satmışdır və iddiaçı bu əqdi də hazırda mübahisələndirir. Bu zaman iddiaçı ona istinad edir ki, Cavabdeh5 əmlakın qanunsuz yolla əldə edilməsindən xəbəri olmuşdur və o, vicdanlı əldə edilən hesab edilə bilməz. Digər dəlil isə əmlakın real dəyərindən olduqca ucuz qiymətə alınması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh5 mübahisəli əmlakı əldə edərkən onun vicdanlı əldə edən hesab edilməməsi üçün iş materiallarında hər hansı mötəbər sübut yoxdur. İşdən görünür ki, Cavabdeh5 bütün sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş əmlaka görə 400000 manat pulu Cavabdeh4 ödəmiş, alıcı kimi qanunla nəzərdə tutulmuş bütün funksiyaları vicdanla yerinə yetirmiş və son nəticədə əqd bağlanılaraq notarial qaydada təsdiq edilmişdir. İddiaçı tərəf Cavabdeh5 digər cavabdehlərlə əqd bağlamadan öncə hər hansı əlaqəsinin, pis niyyətinin, gizli sövdələşməsinin olmasını təsdiq edən və əmlakı vicdanlı əldə edən hesab edilməsini istisna edən hallar barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu dəlillər isə Cavabdeh4 münasibətdə öz əhəmiyyətini itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüququnu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Ali Məhkəmənin MİÜMK-ın 16 iyun 2006-cı il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarı). İş materiallarından görünür ki, Cavabdeh5 mübahisəli əmlakı alarkən bu əmlakın statusu ilə bağlı müvafiq notariat orqanı tərəfindən araşdırılma aparılmış və əmlakın üçüncü şəxslərin iddiasından kənar olduğu müəyyən edilmişdir. Cavabdeh5 əmlakı ona satan Cavabdeh4 səlahiyyətsiz şəxs olub-olmadığını müəyyənləşdirməyə isə heç bir fiziki və ya texniki imkanı olmamışdır. Əmlakın hər hansı qiymətə alınması və ya satılması isə əqdin legitimsizliyinə əsas hesab edilə bilməz, çünki qüvvədə olan qanunvericiliyə görə əmlakın mülkiyyətçisi onu istədiyi qiymətə sata, alıcı isə həmin qiymətlə razılaşıb onu ala bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakın alqı-satqısı barədə 10 mart 2023-cü il tarixli müqavilə üzrə Cavabdeh5 vicdanlı əldə edən statusundadır, çünki əqdin legitimsizliyi barədə onda heç bir şübhə olmamışdır. Beləliklə, məhkəmə iş materiallarına və işin faktiki hallarına əsaslanaraq belə hesab edir ki, Cavabdeh5 vicdanlı əldə edən olduğundan onunla Cavabdeh4 arasında bağlanmış 10 mart 2023-cü il tarixli müqavilə etibarsız hesab oluna bilməz. Bu əqd qanuni hesab olunduğundan onun əsasında mübahisəli əmlaka dair Cavabdeh5 adına tərtib olunmuş reyetsrdən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası ortaya çıxır ki, belə olan halda, həmin hüquq müəyyənedici sənədin ləğv olunmasından söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 (yeni qaydalarla Əliağa Vahid küçəsi ev 45) ünvanında yerləşən 10 iyul 2019-cu il tarixdə, dövlət reyestrində 210 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmış daşınmaz əmlakla əlaqədar Rusiya Federasiyası Kurqan şəhər Notariat Ofisi tərəfindən təsdiq edilmiş İddiaçı adından olan ** AA ***4708 nömrəli (reyestr № 45/15-н/45-2023-2-114) etibarnamə, habelə X3 adından olan ** AA ***4710 nömrəli (reyestr № 45/15-н/45-2023-2- 116) razılıq ərizəsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 21 fevral 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, 350000 manat pul Cavabdeh3 və 50000 manat pul Cavabdeh4 tutularaq İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 (yeni qaydalarla Əliağa Vahid küçəsi ev 45) ünvanında yerləşən 10 iyul 2019-cu il tarixdə, dövlət reyestrində 210 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmış daşınmaz əmlakla əlaqədar Rusiya Federasiyası Kurqan şəhər Notariat Ofisi tərəfindən təsdiq edilmiş İddiaçı adından olan ** AA ***4708 nömrəli (reyestr № 45/15-н/45-2023-2-114) etibarnamə, habelə X3 adından olan ** AA ***4710 nömrəli (reyestr № 45/15-н/45-2023-2-116) razılıq ərizəsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 21 fevral 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. 350000 manat pul Cavabdeh3 və 50000 manat pul Cavabdeh4 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar