Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2158/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobilin qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobilin qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Opel Zafira markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər X2, X4 və Cavabdeh1 istifadəsindən geri alınaraq ona qaytarmasına və xx.xx.2024-cü il tarixdən hazırki günə kimi iddiaçıya vurduqları maddi ziyana görə (avtomobilini gizlətdikləri üçün) 5000 manat pulun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus Opel Zafira markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixli etibarnamə ilə (bütün hüquqlarından istifadə etməsi səlahiyyəti olmaqla) ilkin ödəniş olaraq (barter) yeni KİA Serato markalı avtomobil almaq üçün aylıq hissə-hissə ödəmək şərti ilə maşınların alqısatqısı ilə məşğul olan cavabdehlər X4 və Cavabdeh1 vermişdir. Opel Zafira markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 7000 manata qiymətləndirmiş, bununla bağlı cavabdehlər ondan etibarnamə götürmüş və yeni KİA Serato markalı avtomobili 12 gün ərzində ona təhvil verəcəklərinə dair razılaşmışlar. Lakin 12 gün keçməsinə baxmayaraq, cavabdehlər razılaşmaya əməl etməmişlər. Cavabdehləri 1 ay gözləmiş, ancaq razılaşdıqları kimi avtomobili təhvil verməmiş, hətta iddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baş etibarnamə ilə Opel Zafira markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa dostlarının adına keçirmişlər. İddiaçı cavabdehlərin onu aldatdığını başa düşdükdə məcbur olub Bakı şəhər Nərimanov rayon 18-ci Polis Bölməsinə şikayət etmiş, hazırki işin mülki xarakterli olması ilə əlaqədar təhqiqatçı ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ilk öncə Cavabdeh3, daha sonra onun vasitəçiliyi ilə digər Cavabdeh1 tanımışdır. Aralarında olan şifahi razılaşma əsasında Opel Zafira markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzində ona 12 gün ərzində KİA Serato markalı avtomobili verməli idilər. Bu məqsədlə baş etibarnamə ilə maşını vermiş, lakin cavabdehlər əvvəlcədən razılaşmış müddəti – 12 günü ötürərək maşını təhvil vermədikdə həmin etibarnaməni ləğv etmişdir. Bildirmişdir ki, hazırda sözügedən avtomobil iddiaçıda deyil. Məhkəmə tərəfindən tərəflər arasında barışıq baş tutması üçün verilmiş müddət ərzində razılığa gəlinməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, atası İ Qarabağ Müharibəsi şəhididir və məhz maşını onun qanpulu ilə almışlar. Odur ki, maşının pulunu yox, avtomobilin özünü məhkəmə qaydasında tələb etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, şəhid ailəsidir, cavabdeh tərəfindən gizlədilmiş maşını qanpulu ilə almışdır. Hazırda həmin maşının mülkiyyətçisidir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli avtomobili Cavabdeh1 almışdır. Həmin vaxt Cavabdeh3 da yanlarında olmuşdur. Sözügedən avtomobili əldə etmək üçün 4000 manat nağd olaraq, 200 manat isə avtomobilin cərimə ödənişlərini ödəyərək, ümumilikdə, 4200 manat məbləğdə razılaşmışlar. Ümumiyyətlə, Cavabdeh1 Cavabdeh3 borcu olmuş, dediyinə görə həmin 4200 manat pulu məhz Cavabdeh3 vermişdir. Bu məqsədlə Cavabdeh1 ona etibarnamə vermiş, 2 ay sonra maşını adına keçirmək istədikdə etibarnamənin ləğv olunduğu aşkar olmuşdur. Həmin vaxt iddiaçının nümayəndəsi Nümayəndə tanımışdır. Eyni zamanda qeyd etmişdir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsi aidiyyəti üzrə Şirvan Rayon Məhkəməsində baxılmalı olduğundan geri qaytarılmışdır. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə onunla telefon üzərindən əlaqə saxlayaraq bankdan pul götürüb 3500 manat verəcəyini, 700 manat məbləği isə sonra ödəyəcəyini demişdir. Bundan əlavə bildirmişdir ki, mübahisəli avtomobil hazırda onda - Cavabdeh2dir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Cavabdeh2 aldığı 4200 manat pulu Cavabdeh3 vermiş, Cavabdeh3 isə pulu götürərək evə getmişdir. Məhkəmə tərəfindən barışıq əldə olunması üçün verilmiş müddət ərzində razılığa gəlinməmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh1 etibarnamə vermiş, həmin etibarnamə ilə də Cavabdeh1 mübahisəli avtomobili Cavabdeh2 verərək satmış, pulunu isə alıb xərcləmişdir. Avtomobilin müqabilində alınmış 4200 manat pul vəsaitinin 2750 manat hissəsinin hazırda Cavabdeh1 olmasına baxmayaraq, çox laqeyd yanaşır. Odur ki, 2 ay müddət ərzində həmin məbləği ödəməyi öhdəsinə götürərək daha sonra həmin pulu Cavabdeh1 ona geri ödəyəcəyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hal-hazırda sözügedən avtomobildən heç kim istifadə edə bilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Şirvan RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD 348818 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. -xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, etibarnamə əsasında Cavabdeh1 İddiaçı məxsus 1999-cu il buraxılışlı “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nömrəli avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaqla bağlı səlahiyyətləri Cavabdeh2 ötürmüşdür. -Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2025ci il tarixli qərarından görünür ki, Nümayəndə müraciətində tələbinin məhkəməyə aid olması, bununla da toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə qərar verilmişdir. -Həmçinin xx.xx.2025-ci il tarixli qərarda Cavabdeh1 verdiyi izahatda “O razılaşmış, Vasif (iddiaçının nümayəndəsi) ona maşını satmağı üçün etibarnamə vermişdir. Vasif maşını 4000 manata satmağı və satdıqdan sonra Nəsimi (cavabdeh) Vasif üçün xaricdən maşın gətirəcəyini dediyi üçün pulu Nəsimiyə verməyini istəmişdir. Həmin günü o, maşını Nurlan (cavabdeh) adlı şəxsə 4200 manata satmışdır. Həmin puldan müəyyən xərclər çıxıldıqdan sonra qalan 3660 manat pulu Nəsimiyə vermişdir. Səhəri gün Vasifə zəng edərək maşını satıb müəyyən xərclər çıxıldıqdan sonra pulu Nəsimiyə verdiyini demişdir. Təxminən 1 ay sonra Vasif ona zəng edərək Nəsimidən bir xəbər olmadığından etibarnaməni ləğv edəcəyini bildirmişdir. Vasif etibarnaməni ləğv etdiyi üçün Nurlan ona zəng edərək etibarnaməsinin ləğv olduğunu bildirmişdir. O da Vasifə zəng edərək bu barədə bildirəndə Vasif ona "işi elə düzüb qoşacam ki, Nurlan Nəsimi ilə öz aralarında problemini həll etsinlər" demişdir. Nurlan ondan bu işı yoluna qoymağını tələb edəndə o, Vasifə zəng edərək kobud danışıb məsələni həll etməsini demişdir. Vasif belə alanda onun barədə şikayət etmişdir” ifadəsi qeyd olunmuşdur. -Həmçinin xx.xx.2025-ci il tarixli qərarda Cavabdeh3 verdiyi izahatda “Vasif (iddiaçının nümayəndəsi) maşınını 6700 manata satmaq istəsə də, Coşqun (cavabdeh) maşının pis vəziyyətdə olduğundan 4000 manata sata biləcəyini demişdir. Vasif razılaşmış və maşını satmasını bildirmişdir. Coşqun maşını 4270 manata satmış və Vasifin istəyi ilə 3660 manat pulu gətirib ona vermişdir. Vasifə ilkin ödəniş 4000 manat olmaq şərti ilə kreditə maşın verəsi olduğundan Vasif pulu ona verməsini Coşquna bildirmişdir. O Coşqunun ona 2750 manat borcu olduğundan borcunun qarşılığında pulu aldığını və yerdə qalan pulu özü Vasifə yerəcəyini bildirmişdir. Coşqun ona borcu olduğundan Vasif üçün maşın götürməyindən ötrü ilkin ödəniş olan 2900 manat pulu ona 12 gün müddətində qaytaracağını bildirmişdir. Coşqun ona ödəniş etmədiyindən o Vasifə maşın götürə bilməmiş, Vasif də Coşquna verdiyi etibarnaməni ləğv etdirmişdir” ifadəsi qeyd olunmuşdur. Məhkəmə işin araşdırılan hallarından müəyyən edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında iddiaçıya məxsus “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzində ona KİA Serato markalı avtomobil almaq üçün kömək edəcəklərinə dair öhdəlik götürdüklərini, bununla bağlı iddiaçının cavabdehlərə etibarnamə verərək maşını onlara təhvil verməsinə baxmayaraq, cavabdehlərin öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, hətta maşını digər bir şəxsin – Cavabdeh2 adına keçirməyə çalışdıqlarını, iddiaçıya məxsus avtomobili isə gizlətmələrini irəli sürərək həmin avtomobilin qaytarılmasını və ona dəymiş maddi ziyanın əvəzində 5000 manat məbləği məhkəmə qaydasında tələb etmişdir. Cavabdehlər isə ayrı-ayrılıqda iddia tələbini qəbul etməyərək, hazırda avtomobilin heç kim tərəfindən istifadə edilmədiyini, lakin Cavabdeh2 olduğunu qeyd etmişlər. Avtomobilin onda olmasını Cavabdeh2 özü də etiraf etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı rəsmi reyestrdə qeydə alınan mübahisəli daşınar əmlakın cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şirvan RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD 348818 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınmış, aralarında olan şifahi razılaşma əsasında həmin maşın əvəzində iddiaçıya KİA Serato markalı avtomobil almaq üçün kömək edəcəklərinə dair öhdəlik götürmüş, bununla bağlı iddiaçı tərəfindən etibarnamə verilmiş, lakin öhdəliklər yerinə yetirilməmiş, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əsasında Cavabdeh1 iddiaçıya məxsus sözügedən avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaqla bağlı səlahiyyətləri Cavabdeh2 ötürmüşdür. İş materialları, həmçinin cavabdehlərin izahatlarına nəzər yetirdikdə müəyyən olunur ki, “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda Cavabdeh2 qanunsuz sahibliyində olduğundan və ona iddiaçı tərəfindən verilmiş etibarnamə ləğv edildiyindən həmin avtomobilin iddiaçıya qaytarılması Cavabdeh2 aid hissədə təmin olunmalı, lakin digər cavabdehlərə münasibətdə təmin olunmamalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçı ona məxsus avtomobilin gizlədilməsi nəticəsində xx.xx.2024-cü il tarixdən ona 5000 manat məbləğində maddi ziyan dəyməsini iddia etməsinə baxmayaraq, iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirən, təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmadığından iddia ərizəsi bu hissədə də təmin olunmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı (şəhid ailəsi olduğu üçün) dövlət rüsumu ödəməkdən qanunla azad edildiyindən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət mədaxilinə tutulmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılsın. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət mədaxilinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli