Məhkəmə qərarları › İş №2(012)-2161/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2161/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2161/2025 21.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti» PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi və Maraqlı şəxs1nə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3642 inventar nömrəli, 30242A reyestr nömrəli qeydiyyat vəsiqəsinin və Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən 16 noyabr 2004-cü il tarixdə verilmiş AZ-İ № 137971 saylı nikah haqqında şəhadətnamənin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 2-ci küçədə yerləşən 6 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi müraciət etmişdir. DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən verilən cavabda hüquq müəyyənedici sənəddə fərqin olması səbəbindən fərdi yaşayış evinin qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin fərq ondan ibarətdir ki, 3642 inventar nömrəli, 30242A reyestr nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi “X5” göstərilməsinə baxmayaraq AR şəxsiyyət vəsiqəsində “İddiaçı” kimi qeyd edildiyi aşkar edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 2-ci küçədə yerləşən 6 saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. Lakin o, həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Qeyd edir ki, o, Ermənistanda doğulduğundan “Məleykə” adı “Malaynka” kimi qeyd edilmişdir. Həmçinin onun qızlıq soyadı “Qəhrəmanova” olmuş, xx.xx.2004-cü ildə X7 ilə rəsmi nikaha daxil olduqdan sonra soyadını ər soyadına uyğun olaraq “Əlpaşayeva” soyadına dəyişilmişdir. Nikah haqqında şəhadətnaməsində də onun adı “Məleykə” deyil, “Malaynka” kimi qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqanlar həmin sənədi verməkdən imtina etdiklərindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxslər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti» PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin və Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Yeğeqnazor rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş İ-ЗЖ № 346566 saylı doğum haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Yeğeqnazor rayonu, Amağu kəndində doğulmuşdur, atası X8, anası isə X4r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3642 invertar nömrəli, 30242A reyestr nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq” yaşayış massivi İİ küçəsində Vİ dalan, yaşayış sahəsi 20,7 m2, köməkçi sahəsi 29,5 m2 olan 2 otaqdan ibarət 6 saylı yaşayış evi X1 adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 saylı sərəncamı əsasında qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən 16 noyabr 2004-cü il tarixdə verilmiş AZ-İ № 137971 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X5 16 sentyabr 2004-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 335 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əlpaşayeva” soyadı verilmişdir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı adı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3642 invertar nömrəli, 30242A reyestr nömrəli qeydiyyat vəsiqəsində və Abşeron rayon VVADQ şöbəsi tərəfindən 16 noyabr 2004-cü il tarixdə verilmiş AZ-İ № 137971 saylı nikah haqqında şəhadətnamədə səhv olaraq “Malaynka” kimi göstərilmiş, lakin ərizəçinin adı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsində və şəxsiyyət vəsiqəsində “Məleykə” olaraq qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3642 invertar nömrəli, 30242A reyestr nömrəli qeydiyyat vəsiqəsi verildiyi zaman ərizəçi İddiaçı ailə həyatı qurmadığından sözügedən qeydiyyat vəsiqəsində ərizəçinin soyadı kimi onun qızlıq soyadı olan “Qəhrəmanova” qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3642 inventar nömrəli, 30242A reyestr nömrəli qeydiyyat vəsiqəsinin və Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən 16 noyabr 2004-cü il tarixdə verilmiş AZ-İ № 137971 saylı nikah haqqında şəhadətnamənin ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149-150, 216-220, 307, 308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3642 inventar nömrəli, 30242A reyestr nömrəli qeydiyyat vəsiqəsinin və Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən 16 noyabr 2004-cü il tarixdə verilmiş AZ-İ № 137971 saylı nikah haqqında şəhadətnamənin ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar