Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2177/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, BQF yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abunə kodu **********22543) quraşdırılmış elektrik enerjisi sayğacına və elektrik xəttinə müdaxilə edilməsi barədə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031620 saylı aktın ləğv edilməsi və akt əsasında hesablanmış 1052.63 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əsədova X1 rayonu, Xırdalan şəhəri, BQF yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları evə quraşdırılmış elektrik enerjisi sayğacına baxış keçirmiş və 031620 saylı akt tərtib etmişlər. Akt tərtib olunduqdan sonra qanunsuz və əsassız olaraq 1052.63 manat borc hesablanmışdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031620 saylı aktda evə saat 05:27 radələrində baxış keçirildiyini və iddiaçının orada iştirak etmədiyini qeyd etmişlər. İddiaçı elektrik xəttinə kənar xətt vasitəsilə qanunsuz qoşulmamış və elektrik enerjisindən qanunsuz istifadə etməmişdir. Tərtib edilmiş aktda iddiaçının elektrik xəttinə kənar xətlə qoşulub elektrik enerjisindən istifadə etməyini təsdiq edən heç bir sübut yoxdur. İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına müdaxilə etməsi, elektrik xəttinə qanunsuz qoşulması, bunun nəticəsində cavabdehə maddi ziyan dəyməsi və elektrik enerjisindən qanunsuz və əvəzi ödənilmədən istifadə etməyini təsdiq edən hər hansı mötəbər sübutlar "xxxx" ASC tərəfindən tərtib və təqdim edilməmişdir. Bütün bunlar təsdiq edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş akt heç bir qanuni əsas olmadan və formal olaraq tərtib edilmiş, hesablanmış cərimə isə əsassız və qanunsuzdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, fərdi yaşayış evində yalnız yaşamaqla həmin borc barədə anlayışı olmamış və hesab edir ki, borc yazılmış olsaydı, ona bu barədə məlumat verilmiş olardı. Sayğaclar ona məxsus olan evdən kənarda yerləşir. Onun yoldaşı vəfat etmiş və zamanının çoxunu valideynlərinə məxsus olan evdə keçirir. Bu səbəbdən də, fərdi yaşayış evində çox zaman olmur. Ona məxsus olan evə quraşdırılmış sayğacın kartla işləyib-işləməməsi barədə məlumatı yoxdur. Akt tərtib olunan tarixdə evdə olmasını xatırlamır. O, səhər erkən evdən çıxaraq işə gedir və aktın tərtib olunması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, tərtib olunmuş akt qanuni olaraq yazılmışdır. Elektrik enerjisindən istifadə qaydaları kobud şəkildə pozulmuşdur. İddiaçının çağırılmama səbəbi aktın tərtib olunma tarixinin səhər erkən vaxtlara təsadüf etməsidir. Ümumiyyətlə, həmin ərazi üzrə təcrübə halını almışdır ki, bununla da, gecə kənar müdaxilə halları daha çox yayılmışdır. "xxxx" ASC-nin əməkdaşlarının xüsusi qurğusu vardır ki, “impuls” və “sıfır” xəttinə yaxınlaşdırmaqla “sıfır” xəttində oxunma olmadığı, “impuls” xəttində isə oxunma müşahidə olunur. Tərtib olunmuş akt “Qaydalar”ın tələblərinə uyğun tərtib olunmuş və “Qaydalar”a xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, 8-17.1-ci bəndə uyğun olaraq, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18 və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Tərtib olunan aktın hesablanma müddəti 210 gün müddəti üçün nəzərdə tutulmuşdur. Belə ki, bu müddət aktı tərtib edən idarənin səlahiyyətində olan məsələdir. 461 kvts 9 qəpik, 7778 kvts 13 qəpikdən hesablanmaqla 1052.7 manat cərimə hesablanmışdır. Elektrik enerjisinin pozulması faktı aşkar olunarsa həmin faktı aşkar etmiş qurum foto və videoçəkiliş aparmaqla rəsmiləşdirməli və bu zaman xəbərdarlıq edilməsinə gərək yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -"xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 031620 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman abonentin elektrik sayğacının dövriyyədən kənarlaşdırdığı müəyyən edilmiş, kənardan “sıfır” xətti götürülərək sayğacın “impuls” led lampası döyünmür, sayğac xətdən axan yükü hiss etmir, ölçü zamanı xətdən axan yük Psay “0”, Psay = 2.8 kvts təşkil edirdi. Aktda abonentin iştirak etməməsi barədə qeyd aparılmışdır. -"xxxx" ASC-nin bildiriş-xəbərdarlığından görünür ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə 1063.51 manat borc hesablanmışdır. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri və Texniki sahələr üzrə tələblərə dair Qərar”ının surətindən görünür ki, abunə kodu **********22543 olan İddiaçı məxsus ünvana quraşdırılmış sayğaca baxış keçirilərkən yoxlama zamanı məlum olmuşdur ki, abonent elektrik sayğacını dövriyyədən kənarlaşdırmış, kənardan “sıfır” xətti götürülərək sayğacın “impuls” led lampası döyünmür, sayğac xətdən axan yükü hiss etmir. 2.8 kvts x 24 saat x (0.7) x 210 gün - 1639 kvts = 8239 kvts, Tarif (0.09 man) - 461 kvts x 0.09 = 41.5 manat, Tarif (0.13 man) - 7778 kvts x 0.13 = 1011.2 manat, cəmi = 1052.7 manat borc hesablanmış, kənar xətt ləğv edilmiş və aktın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, 031620 saylı akt olmuşdur. -Məhkəmənin sorğusuna əsasən təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-13/2-1/16-2387/2023 saylı məktubundan görünür ki, İddiaçı məxsus **********22543 saylı abunə kodu üzrə 1052.7 manat borc məbləği elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə (sayğaca müdaxilə, kənar xətdən istifadə) xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış pul məbləğidir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əsədova X1 rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 2 saylı evin, 65 saylı mənzilində qeydiyyatdadır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 031620 saylı akta əsasən, 1052.63 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İddia tələbindən eyni zamanda, göründüyü kimi, iddiaçı iddia ərizəsində barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 031620 saylı aktın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarında olan akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 031620 saylı akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus elektrik sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, həmin aktın tərtib olunması zamanı “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə riayət edilməyərək iddiaçının və iki nəfər hal şahidinin iştirakı təmin edilmədən tərtib olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa, həmin aktda sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi, bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyri-qanuni elektrik enerjisindən istifadə olunmasını tamamilə inkar edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. Eyni zamanda, “Qaydalar”ın 8.34. bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Hesablaşma elektrik sayğacına baxış keçirilməsi və göstərişinin yazılması üçün enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonenti tərəfindən iki hesablaşma dövrü müddətində elektrik sayğacının quraşdırıldığı yerə buraxılmadıqda, onlar məişət abonentinə bununla əlaqədar rəsmi bildiriş verirlər. Beləliklə, məhkəmə xx.xx.2023-cü il tarixli, 031620 saylı aktla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği yuxarıda qeyd olunan akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi qiymətləndirərək nəzərə ala bilər. Lakin yuxarıda da qeyd edildiyi kimi, tərtib olunmuş akt natamam şəkildə tərtib olunduğundan, qanunvericiliyin tələblərini əks etdirmədiyindən sübut növü kimi qəbul edilə bilməz, bu səbəbdən də iddia tələbləri bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının mənzilindən kənarda quraşdırılmış elektrik sayğacına vaxtaşırı nəzarət etmək cavabdehin vəzifəsidir. Belə ki, “Qaydalar”ın 10.9. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli akt əsasında hesablanmış 1052.63 manat pul məbləği abonentə 210 gün ərzində elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində hesablanmışdır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq iddiaçının elektrik enerjisinə kənar xətt yolu ilə bir ay müddətində qoşulmaqla elektrik enerjisindən istifadə qaydasını pozması öz təsdiqini tapmış, həmin halı inkar edəcək mötəbər, təkzibolunmaz sübutlar isə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də, məhkəmə xx.xx.2023-cü il tarixli, 031620 saylı saylı akt əsasında 210 gün müddətində hesablanmış 1052.63 manat pul vəsaitinin 30 gün müddətinə hesablayıb sadə riyazi hesablama qaydasına riayət edərək, 1052.63 manat / 210 gün = 5 manat, 3 ay x 30 gün = 90 gün, 90 gün x 5 manat = 450 manat olmaqla, qalıq 602.63 (1052.63 - 450 = 602.63) manat pul vəsaiti abonent İddiaçı məxsus abunə hesabından silinməlidir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, abunə kodu **********22543 olan İddiaçı barəsində hesablanmış 602.63 manat pul vəsaiti abonentin hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Abunə kodu **********22543 olan İddiaçı barəsində hesablanmış 602.63 (altı yüz iki manat altmış üç qəpik) manat pul vəsaiti abonentin hesabından silinsin. "xxxx" ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov