Məhkəmə qərarları › İş №2(012)-2197/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2197/2024

08.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2197/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ona məxsus Abşeron rayon. Nübar qəsəbəsi, At yalı yaşayış massivində yerləşən daşınmaz əmlaka aid kod-**********00274 saylı sayğaca qanunsuz yazdığı 1017.03 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun evi Abşeron rayon. Nübar qəsəbəsi, At yalı yaşayış massivində yerləşir. Ona məxsus işıq sayğacının kodu ********* 100274dür. Cavabdeh ona qanunsuz və əsassız olaraq işıq borcu hesablamışdır. Qanunsuz olaraq ona yazılmış işıq borcunun məbləği 1017.03 manatdır. Belə ki, onlar işığı çox az istifadə edirlər, məcburi köçkünlər üçün ayrılmış limitləri var idi. Belə olduğu halda, həmin borc ona nə vaxt, necə yazılıb bunu izah edə bilmirlər. Yalnız əsassız olaraq borc hesablayıblar. Həmin borcu dondurub onun balansında saxlayıblar. Özü Kəlbəcər rayonundan məcburi köçkündür. Abunə sənədində göstərir ki, borcu yoxdur. Ancaq ona yazdıqları bu borc məbləğini əsaslandıra bilmirlər. O evini özgəninkiləşdirmək istədikdə, məlum oldu ki, cavabdeh orqan adına gizlicə bu qədər borc yazıb dondurmuşdur. Qanunvericiliyin tələbinə görə isə. mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət Azərişığın üzərinə düşür. Bu praktika Azərişıqda geniş yayılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və hesab edir ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, borc 2015-ci ildən 2019-cu ilə qədər olan dövrü əhatə edir. Kəlbəcər rayonundan məcburi köçkündürlər. Bu borcla bağlı "xxxx" ASC-yə yaxınlaşanda borcun onlardan tələb olunmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin borcların silinməsi ilə bağlı fərmanı vardır. Bəzi qohumlarının borcu silinmişdir. Evi başqasının adına keçirmək istəyəndə "xxxx" ASC-yə borcun olduğu söylənilmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -Azərişıq ASC-nin abunə haqqında saldosundan görünür ki, abunə kodu **********00274 olan İddiaçı məxsus Xırdalan, At yalı, ev(bina):0110, mənzil:0274 ünvanına yerləşdirilmiş elektrik sayğacına elektrik enerjisindən istifadəyə görə 1017.03 manat borc hesablanmışdır. -İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində yaxılmış və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, ( **********09590) abonent kodunun- X1 adına keçməsinə sərəncam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Elektrik enerjisindən istifadə Qaydalarının: 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 8.14. bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-nin abunə haqqında saldosuna əsasən 1017.03 manat borc hesablanmışdır. İddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir Göründüyü kimi iddiaçı iddia tələbində və izahatında abonent kimi məcburi köçkün olduğu üçün elektrik enerjisindən istifadəyə görə borcun silinməsi barədə hər hansı sənədin, Azərbaycan Respublikasının Prezidentinin Fərmanının olduğunu bildirsə də, sübutetmə vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq həmin halları sübut edə bilməmişdir. Beləliklə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə araşdırması zamanı elektrik enerjisindən istifadəyə görə yaranmış borc olduğu öz təsdiqini tapdığından iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar