Məhkəmə qərarları › İş №2(012)-221/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-221/2021

13.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-221/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2535.80 manat dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərc, həmçinin 30 manat dövlət rüsumu olmaqla cəmi 2865.80 manat pulun məcburi qaydada tutularaq Azəriqaz İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H: A203NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X6 15.12.2016-cı il tarixli, 14/4018 saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, həmin ünvana Azəriqaz İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********03069 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1402AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və Qazdan istifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azəriqaz İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və videoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 23.02.2018-ci il tarixindən başlayaraq 30.08.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən, X5 cəmi 2535.80 manat ziyan dəymişdir. Bundan əlavə, elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2535.80 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2535.80 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/862 saylı rəyi ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 15.12.2016-cı il tarixli, 14/4018 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -Abonent kodu **********03069 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 3i ünvanında 30.12.2016-cı il tarixdə Smart G-4T İtron Diafraqma tipli 1402AZ**********62 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-3) (1/1) Aktlara əsasən hesablanmış abonentin 2019-cu ilə aid olan borcu 603.00 manat göstərilmişdir. -23.02.2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent kodu **********03069 olan Abşeron rayonu Hökməli qəsəbə ərazisində yaşayan Cavabdeh sayğacı sökərək təbii qazdan qanunsuz istifadə etməsi aşkar edildiyindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin 28.02.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 65 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 115 gün, Dəmir peçin maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 115 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3658 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 23.02.2018-ci il tarixli ******* saylı akt olmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2018-ci il tarixli ******* saylı, 16.04.2018-ci il tarixli ******* saylı, 22.05.2018-ci il tarixli ******* saylı, 29.06.2018-ci il tarixli ******* saylı, 30.08.2018-ci il tarixli ******* saylı, 21.09.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin Cavabdeh ünvanladığı 10.02.2020-ci il tarixli dəymiş zərərin ödənilməsi barədə pretenziyadan görünür ki, Azəriqaz İB tərəfindən Cavabdeh müqavilənin müvafq tələblərinin icra edilməsinin, eləcə də məsələnin pretenziya qaydasında həll edilməsi imkanından istifadə edilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsini (kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır) rəhbər tutaraq X1 borcunun 3 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks təqdirdə istehlakçıya məxsus əmlakın qaz təchizatının dayandırılaraq, müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və bununla əlaqədar çəkilən bütün xərclərin (dövlət rüsumu, cəlb ediləcək peşəkar hüquqi yardım üzrə təqdim edilən xidmət, iş vaxtının itirilməsi və s.) ödənilməsinin qanunvericiliyə uyğun olaraq tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Hökməli qəsəbəsi ünvan 5də qeydiyyatdadır. -25.11.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Azəriqaz İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən Çıxarışın surətindən görünür ki, X6 adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 100 faiz olmaqla 22.02.2016-cı il tarixdə **********594400 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X8 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.12.2020-ci il tarixli 10/2960 saylı rəyindən müəyyən olunur ki, mülki iş materialında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkün olmuşdur. Aktların mötəbərliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. Rəydən daha sonra müəyyən olunur ki, dəymiş ziyanın bərpasına dair tələbnamələrdə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd edilmişdir. Bununla yanaşı sonuncu dəfə mülki iş materiallarında olan Təbii qazın istifadə qaydalarının pozulması haqqında aktın 30.08.2019-cu il tarixdə yazılmasını nəzərə aldıqda sayğacdan kənar qoşulmuş xəttin və ya qoşulmaya məxsus izlərin ləğv edilməsi istisna edilmir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/862 saylı rəyindən müəyyən olunur ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ekspertin iştirakı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir. Xəttin diametri 76 mm-lik olmaqla torpaqdan 0,5 metr hündürlükdən, həyətin giriş darvazasının üzərindən isə 3 metr hündürlükdən çəkilmişdir. Fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 1,8 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz xətti 20 mm-lik polad qaz borusu vasitəsi ilə 76 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin, Azəriqaz İB-yə məxsus 86 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Beləliklə, Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh məxsus Abşeron rayonu Hökməli qəsəbəsi ünvan 5 ünvanına 30.12.2016-cı il tarixdə Azəriqaz İB-nin nümayəndələri tərəfindən Smart G-4 İtron Diafraqma tipli 1402AZ**********62 nömrəli sayğac quraşdırılmış və təbii qazdan qeyriqanuni istifadə etməyə görə tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 16.04.2018-ci il tarixli ******* saylı, 22.05.2018-ci il tarixli ******* saylı, 29.06.2018-ci il tarixli ******* saylı, 30.08.2018-ci il tarixli ******* saylı, 21.09.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı aktlara əsasən cavabdehdən 2535.80 manat dəymiş ziyanın ödənilməsi qərara alınmışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli 2(012)-1986/2020 saylı qərardadına əsasən tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.12.2020-ci il tarixli 10/2960 saylı rəyinin mülki iş materialında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən verildiyi müəyyən edilmişdir. Yerində tədqiqat aparılmadan verilmiş rəylə razılaşmayan məhkəmə 25.01.2021-ci il tarixli 2(012)-221/2021 saylı qərardadına əsasən əlavə tikinti-texniki ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/862 saylı rəyi daxil olmuşdur. Rəyə əsasən cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə ikinci rəyi əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/862 saylı rəyini əsas sübut kimi götürərək hesab edir ki, cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilmədiyindən iddiaçının iddia tələbləri əsassızdır, bu səbəbdən də iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı X4 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası sübut edilmədiyindən rədd edilməlidir. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, hüquqi xidmət haqqı iddiaçı tərəfindən həmin haqqın ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və sübut olunmadığından iddia tələbləri bu hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 204 manat (102+102=204 manat) iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddiaçı X4 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı X4 özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 204 (iki yüz dörd) manat X3 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar