Məhkəmə qərarları › İş №2(012)-2212/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2212/2024

31.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2212/2024 31.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********09430) sayğaca qanunsuz olaraq hesablanmış 1555,20 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, O, Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********09430) qaz sayğacından istifadə edir. Karta pul yüklədikdən sonra kartı sayğaca daxil etmək istədikdə o, sayğacın plombunun qırıldığını görmüş, bu barədə Cavabdehnə müraciət etmişdir. Onun müraciəti əsasında Cavabdeh əməkdaşları sayğaca baxış keçirmiş və sayğacın plombunu bərpa etmişdirlər. 2023-cü ildə, o, evdə olmayanda cavabdeh şirkətin əməkdaşları onun evinə quraşdırılmış sayğacı söküb aparmışdırlar. O, 5 ay əvvəl öyrənmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********09430 olan sayğaca ******* saylı akt tərtib edilmiş və dəymiş ziyana görə ümumilikdə, 1555,20 manat cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə aşkar edilmiş nöqsan kimi fərdi evdə qazdan istifadə qaydalarının tələbinə zidd olaraq sayğacın təbii qaz sərfini qeyd etmədiyi barədə rəy verilmişdir. Yaşadıqları evdə köhnə sayğac yeni Smart tipli sayğac ilə əvəz olunmuşdur. Belə ki, onun sözügedən aktdan sayğac yenisi ilə əvəz edildikdən bir müddət sonra karta yüklədiyi pulun yarısının silinməsindən sonra xəbəri olmuşdur. Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədə G-4 markalı, 1602AZ**********55 nömrəli sayğac keçən qaz sərfiyyatını qeyd etmir rəyi verilmişdir. Sözügedən sayğacın qaz sərfiyyatının qeyd etməməsi onun günahı ucbatından olmamışdır. Hesab edir ki, sayğacın texniki nasazlığına görə o, cavabdehlik daşımamalıdır. Sözügedən sayğac fərdi yaşayış evinin küçə hissəsində divara quraşdırılmış vəziyyətdə asılmışdır, həmin sayğaca görə onun cavabdehlik daşımaq öhdəliyi yoxdur. Bundan belə bir qənaətə gəlmək olur ki, yazılmış akt əsassız və qanunsuzdur. O, Cavabdehnə yazılmış cərimənin silinməsi ilə bağlı yazılı surətdə müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir ildir ki, o, yaşadığı evə kombi sistemi quraşdırmışdır və kombidən istifadə etdiyi vaxtlar təbii qazdan istifadəyə görə 15-20 manat ödəniş edirdi. Ancaq indi bəzən təbii qazdan istifadəyə görə 1 manat və ya 5 manat ödəniş edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclasında iştirak etmiş və izahatında İddiaçı da qeyd etdiyi kimi təbii qazdan istifadəyə görə etdiyi ödənişlərin 2023-cü ilin aprel ayına qədər 1-20 manat arasında dəyişdiyini, lakin 2023-cü ilin aprel ayında Cavabdeh əməkdaşları tərəfindən sayğacın plombu bərpa edildikdən sonra təbii qaz sərfiyyatına görə ödənişlərin miqdarının 40-70 manatadək artdığını bildirmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********09430) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman qaz sayğacının keçən qazın sərfiyyatını qeyd etmədiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu: **********09430) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu: **********09430) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********09430) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə X2 dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********09430) 20 aprel 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin. Cavabdehndən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar