Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2215/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı qaz sayğacının yoxlanılması haqqında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə 07 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı qaz sayğacının yoxlanılması haqqında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta görə adına hesablanmış 885,66 (səkkiz yüz səksən beş manat 60 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt əsasında onun adına ümumilikdə 885,66 (səkkiz yüz səksən beş manat 60 qəpik) manat məbləğində cərimə yazılmışdır. Belə ki, ailə üzvləri ilə birlikdə faktiki olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Aktda qeyd edilmişdir ki, cərimənin yazılmasına səbəb təbii qazdan qeyri-qanuni istifadə etməyi olmuşdur. Buna görə də dəymiş ziyan hesablanmalıdır. Hətta Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Halbuki həmin aktın nə vaxt tərtib edilməsindən belə onun xəbəri olmamışdır. O, xx.xx.2021-ci il tarixdə qəbul edilmiş aktdan yeni xəbəri olmuşdur. O, həm cərimə, həm də ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktda qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Çünki sərf etdiyi təbii qaza görə hər ay vaxtı vaxtında ödənişlər edir və bu bir il ərzində bircə dəfə də olsun onun təbii qazla bağlı heç bir problemi yaranmamışdır. Qeyd edilən məsələ ilə bağlı Azəriqaz İB-nin Abşeron rayonu Xırdalan şəhərində yerləşən İdarəsinə müraciət etmiş və nə üçün bu ciddi məsələdən onu xəbərdar etmədiklərini bildirmişdir. Ona bildirirlər ki, səhvə yol verilə bilər, tərtib etdikləri aktı ləğv edə bilməzlər. O da bütün bunlara əsasən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən cavabdehə 1.2 m3/saat x 24 saat x 90 gün = 2592 m3, 1.5 m3/saat x 24 saat x 90 gün = 3240 m3, 14m3x24 saat x90 gün=3024m3 olmaqla, cəmi 8856 m3 (885.6 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********03170 olan ünvan üzrə xx.xx.2021-ci il akt əsasında 885,60 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən cavabdehə 1.2 m3/saat x 24 saat x 90 gün = 2592 m3, 1.5 m3/saat x 24 saat x 90 gün = 3240 m3, 14m3x24 saat x90 gün=3024 m3 olmaqla, cəmi 8856 m3 (885.6 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********03170 olan ünvan üzrə xx.xx.2021-ci il tarixli akt əsasında 885.6 manat borc hesablanmışdır. Abonentin saldosundan müəyyən edilir ki, 2020-ci ilin aprelindən 2022-ci ilin fevralınadək mütəmadi olaraq təbi qazdan istifadə haqqı yaranmışdır, 2021-ci ilin yanvar ayında qeyd edilən akta əsasən 3 aylıq müddət üçün 850,50 manat cərimə məbləği hesablanmışdır. Məhkəmə üç aylı cərimə məbləğini digər aylarda yaranan borc məbləğləri ilə müqayisədə reallığa uyğun hesab etmir. Belə ki, istifadə məbləğləri 2manat 136,20 manat aralığında dəyişir. Orta hesabla 61,98 manat götürməklə üç aylı sərfiyyatın 185,94 manat hesablanması ağlabatan məbləğ hesab olunur. Ona görə də, məhkəmə hesab edir ki, cərimə məbləği 185,94 manat müəyyən edilməli, 699,66 manat cərimə məbləği əsassız cərimə borcu kimi silinməli, iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********03170) dair hesablanmış 885.6 manat borcunun 699,66 manatlıq hissəsi silinməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun 15 manatı pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən evə aid qaz sayğacına (abonent kodu **********03170) dair hesablanmış 885.6 manat cərimə borcunun 699.66 manatlıq hissəsi silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 15 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2215/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2215/2022
07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver