Məhkəmə qərarları › İş №2(012)-2218/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2218/2022

16.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2218/2022 16.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 518.40 manat cərimə borcunun silinməsi, həmin borca görə tutulan 15 manat pul vəsaitinin geri qaytarılaraq həmin ödənişin smart karta köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus olan evə quraşdırılmış sayğaca Azəriqaz İB-nin səlahiyyətli nümayəndələri tərəfindən baxış keçirilən zaman akt tərtib edilmişdir. Qeyd olunan akta görə sayğacın hesablama mexanizminin keçən qazı qeyd etmədiyi, sayğacın mexaniki hissəsini hərəkətə gətirən dişli çarxın aşkar olunmadığı, sayğacda istismar müddətində Alarm-1 rejiminin aşkar olunmadığı müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunmuş, həmin akt əsasında da ona 518.40 manat cərimə borcu yazılmışdır. Halbuki, onun bu hadisədən bir müddət xəbəri olmamışdır. O, smart karta 30 manat ödəniş edən zaman həmin məbləğin 15 manat hissəsi borca görə tutulmuşdur. O, smart karta edilən ödənişlərdən pulun tutulmasına görə Azəriqaz İB-yə yaxınlaşmış və ona sayğacın dəyişilməsi zamanı cərimə yazıldığı bildirilmişdir. Halbuki, onun mənzilinə quraşdırılmış sayğac həyətindən kənarda, daha dəqiq şəkildə isə həyətində darvazadan sol tərəfdə quraşdırılmışdır. Həmçinin, qeyd edir ki, onun sayğacı smart sayğac olmuş, elektron göstəriciləri qaydasında olmuş və quraşdırılan gündən vaxtlı-vaxtında ödənişlərini də etmişdir. Lakin sonradan mexaniki sayğac işləmədiyindən ona sayğacın dəyişilməli olması bildirilmişdir. Sayğac dəyişilən zaman da sayğacda qalıq qalmış və həmin məbləğ yeni sayğaca köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə sayğac dəyişilmiş, yenisi ilə əvəz olunmuşdur. Sayğacın plombu yerində olduğu halda hansı əsasla cərimə yazıldığı bəlli deyildir. Sayğaca görə ödənişlərini etməsinə dair ödəniş qəbzləri də mövcuddur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 518.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, **********00616 saylı abonent kodu verilmiş ünvana Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacın mexaniki hissəsinin hərəkətə dişli çarx aşkar olunmamış, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmamış, bu səbəbdən də dəymiş ziyanın hesablanması qərara alınmışdır. Daha sonra Azəriqaz İB-nin nümayəndələri tərəfindən yeni sayğac quraşdırılmışdır. Bu səbəbdən də iddiaçıya tərtib olunmuş akt əsasında 518.40 manat cərimə hesablanmış və həmin cərimə ödənişi də iddiaçı tərəfindən ödənilməlidir. Eyni zamanda, qeyd edir ki, sayğacın saz vəziyyətdə qorunub saxlanılması qanunvericiliyin tələblərinə əsasən, Azəriqaz İB tərəfindən həyata keçirilməlidir və bu nəzarət ayda bir dəfə olmaqla 30 gündən bir həyata keçirilməlidir. Sayğac dəyişilən zaman güman edilir ki, sayğaca müdaxilə olunması abonent tərəfindən həyata keçirilməsi istisna deyildir. İddiaçıya hesablanmış 518.40 manat cərimə borcu zənnincə, 90 gün müddəti üçün hesablanmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1802AZ**********71 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın mexaniki hissəsi işləmədiyindən Zenner G4 tipli **********350 nömrəli sayğacla əvəz olunmuşdur. -Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli MSK-29/1710-00687-1 saylı qərarından görünür ki, İtron tipli G4 markalı 1802AZ**********71 nömrəli sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmiş, sayğacın daxilinə baxış keçirilmiş, sayğacın mexaniki hissəsini hərəkətə dişli çarx aşkar olunmamış, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmamış, nəticədə, sayğac xx.xx.2022-ci il tarixinə yararsız hesab olunmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə baxış keçirilən zaman Azəriqaz İB-nin MSK- 29/1710-00687-1 saylı aktına əsasən, 1802AZ**********71 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən dəymiş ziyanın hesablanması qərara alınmış, akt abonent tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4320 m3 ödənilməsi, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00616 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G-4 Smart tipli **********350 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış abonentin 2022-ci ilə aid olan borcu 518.40 manat göstərilmiş, yazılmış borcdan abonent tərəfindən mart ayında 15 manat ödəniş edilmişdir. -Abonent kodu **********00616 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G-4 Smart tipli **********350 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış abonentin 2022-ci ilə aid olan borcu 518.40 manat göstərilmiş, yazılmış borcdan abonent tərəfindən aprel ayında 45 manat ödəniş edilmişdir. -Gasrep smart sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********00616 olan, İddiaçı adına olan sayğaca görə yükləmələr və tutulmalara əsasən müəyyən edilmişdir ki, abonent xx.xx.2018-ci il tarixdən etibarən sayğaca pul yükləmiş və borca görə tutulmalar olmamışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 10 manat, xx.xx.2018-ci il tarixdə 20 manat, xx.xx.2018-ci il tarixdə 10 manat, xx.xx.2018-ci il tarixdə 30 manat, xx.xx.2019-cu il tarixdə 25 manat, xx.xx.2019-cu il tarixdə 26 manat, xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2020ci il tarixdə 20 manat, xx.xx.2020-ci il tarixdə 15 manat, xx.xx.2020-ci il tarixdə 10 manat, xx.xx.2020-ci il tarixdə 16 manat, xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 35 manat, xx.xx.2021-ci il tarixdə 29 manat, xx.xx.2021ci il tarixdə 33 manat, xx.xx.2021-ci il tarixdə 25 manat, xx.xx.2021-ci il tarixdə 31 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 1 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş etmişdir. -Asan1 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xırdalan qəsəbəsi Dəmiryol küçəsi 1 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə araşdırması zaman tədqiq olunmuş sübutlar əsasında abonent barəsində tərtib olunmuş Gasrep smart sayğaclı abonentin saldosundan göründüyü kimi, iddiaçı tərəfindən onun mənzilinə quraşdırılmış sayğaca görə sayğacdan istifadə nəticəsində abonent tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanmaqla ödənişlər edilmiş və borca görə tutulma halları baş verməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında, həmçinin, tərəflərin izahatı əsasında iddiaçıya məxsus İtron markalı G-4 tipli 1802AZ**********71 nömrəli sayğaca baxış keçirilməsi nəticəsində xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında sayğacın mexaniki hissəsi işləmədiyindən Zenner G4 tipli **********350 nömrəli sayğacla əvəz olunmuşdur. Beləliklə də, sayğacın dəyişilməsi nəticəsində iddiaçıya 518.40 manat cərimə borcu hesablandığı halda, quraşdırılmış ilkin sayğac xx.xx.2022-ci il tarixli akt əsasında aparılmış dövlət yoxlaması nəticəsində xx.xx.2022-ci il tarixdə yararsız hesab olunmuşdur. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında qaz sayğacının yoxlanılması barədə xx.xx.2022ci tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 518.40 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, həmin Akt tərtib edilərkən qüsurlara yol verilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X2 nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək həmin akt əsasında sayğacın labarator yoxlanışından sonra sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bu səbəbdən də, məhkəmə iddia tələbini əsaslı hesab edərək Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktı və onun əsasında qəbul edilmiş qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci tarixli ******* saylı aktı sübut kimi qəbul etməyərək iddiaçıya hesablanmış 518.40 manat pul vəsaitinin silinməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin, müəyyən olunmuşdur ki, xx.xx.2022-ci tarixli ******* saylı akt əsasında iddiaçı barəsində hesablanmış 518.40 manat pul vəsaiti dəymiş ziyan olaraq hesablanmışdır. Bu səbəbdən də, məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, X4 tərəfindən əsassız olaraq hesablanmış 518.40 manat borc məbləği abonent kodu **********00616 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş abonent saldosuna əsasən, iddiaçı tərəfindən 2022-ci ilin mart ayında 15 manat pul vəsaiti, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş abonent saldosuna əsasən isə iddiaçı tərəfindən aprel ayında 45 manat ödəniş edildiyi müəyyən olunmuşdur. Məhkəmə irəli sürülən tələblər üzrə iddia ərizəsinə mahiyyəti üzrə baxdığından, iddia ərizəsinin təmin edilərək iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qənaətinə gəlir. Mülki Prоsеssuаl Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X4 tərəfindən əsassız olaraq hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc abonent kodu **********00616 olan İddiaçı məxsus abunə hesabından silinsin. İddiaçı tərəfindən ödənilmiş 15 (on beş) manat pul vəsaiti X4 tərəfindən abonentə geri qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar