Məhkəmə qərarları › İş №2(012)-2229/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2229/2021

22.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2229/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinə Cavabdeh tərəfindən 31.08.2020-ci il tarixdə qanunsuz olaraq hesablanmış 84,10 manat məbləğində cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 66 saylı fərdi yaşayış evində onun adına olan **********3 nömrəli qaz sayğacından istifadə edir. 31.08.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən yaşadığı ünvana 84,10 manat borcunun olmasına dair qəbz göndərilmişdir. Əsassız hesablanmış borca dair Cavabdeh İB-yə ərizə ilə müraciət edərək, borcun əsassız olaraq yazılmasını, mütəmadi olaraq ödənişləri etdiyini əsas gətirərək borcun silinməsini xahiş etmişdir. Cavabdeh əməkdaşları tərəfindən ona bildirilmişdir ki, mübahisə edilən borc məbləği 10 il öncə yaranmışdır və yalnız məhkəmə qaydasında silinə bilər. Sözügedən borc məbləğinə dair ona hər hansı bir akt tərtib edilməmiş, sadəcə olaraq 100,20 manat borcun olmasına dair bildiriş-xəbərdarlıq qəbzi verilmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh tərəfindən ona hesablanmış 84,10 manat borc tamamilə əsassızdır və ləğv edilməlidir. Beləliklə, Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinə Cavabdeh tərəfindən 31.08.2020-ci il tarixdə qanunsuz olaraq hesablanmış 84,10 manat məbləğində cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, istehlakçının istifasində olmuş smart itron tipli G-4 markalı 1002AQ**********9 nömrəli qaz sayğacının klapanı bağlanmadığına görə ödəniş edilmədən mənzildə təbii qazdan istifadə edildiyi aşkarlanaraq 07.01.2020-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib olunaraq yeni G-4 markalı ********** nömrəli smart itron tipli qaz sayğacı ilə əvəzlənmişdir. 2020-ci ilin avqust ayında istehlakçının hesabında dəyəri ödənilməyən qaz sərfiyyatına görə 84,10 manat məbləğində borc yaranmışdır. Ona görə də, məhkəmədən tamamilə əsassız olduğu üçün İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” Cavabdeh ilə “istehlakçı” İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 01 iyul 2020-ci il tarixli 14/4616 nömrəli müqaviləyə əsasən sonuncunun Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 66 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********30940 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh Bakı X3 Departamenti tərəfindən İddiaçı ünvanlanmış müraciətə baxılması barədə məktubda qeyd edilmişdir ki, araşdırma zamanı abonentin istifadəsində olmuş smart itron tipli G-4 markalı 1002AQ**********9 nömrəli qaz sayğacının klapanı bağlanmadığına görə ödəniş edilmədən mənzilində təbii qazdan istifadə edildiyi aşkarlanaraq 07.01.2020-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib olunaraq yeni G-4 markalı ********** nömrəli smart itron tipli qaz sayğacı ilə əvəzləndiyi və göndərildiyi məlum olmuşdur. Bildirilmişdir ki, istehlakçının hesabında dəyəri ödənilməyən qaz sərfinə görə 84,10 manat borc yaranmışdır. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 66 saylı fərdi yaşayış evə aid abonent kodu **********30940 olan abonentin saldosundan görünür ki, 2020-ci ilin avqust ayında birdəfəlik qaz sərfiyyatına görə abonentə 84,10 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı 2020-ci ilin avqust ayında birdəfəlik qaz sərfiyyatına görə istehlakçıya hesablanmış 84,10 manat məbləğində borcun nəyin əsasında hesablanması mötəbər sübutlarla müəyyən edilmədiyindən, Cavabdeh tərəfindən istehlakçıya hesablanmış 84,10 manat məbləğində borcun əsaslılığı təsdiq olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla da, 2020-ci ilin avqust ayında birdəfəlik qaz sərfiyyatının müəyyən edilməsi və buna müvafiq olaraq istehlakçıya 84,10 manat məbləğində borcun hesablanması mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinə (abonent kodu: **********30940) hesablanmış 84,10 (səksən dörd manat 10 qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinə (abonent kodu: **********30940) hesablanmış 84,10 (səksən dörd manat 10 qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 (iyirmi) manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar