Məhkəmə qərarları › İş №2(012)-2229/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2229/2023

30.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2229/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş özbaşına tikintilərin sökülməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş özbaşına tikintilərin sökülməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən xx.xx.2008-ci tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Görədil kəndində yerləşən mülkiyyətindəki fərdi yaşayış evinin sərhəddində ara məsafəsi gözlənilmədən cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən MH ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Görədil kəndi ərazisində yerləşən 0,0281 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. Cavabdeh qanunları kobudluqla pozaraq, heç bir ara məsafəsi qoymadan onun evinin pəncərəsinin qarşısında tikinti işləri aparır. Həmin tikili onun evinə bitişik pəncərənin tamamilə qarşısında tikilmiş və ara məsafəsi gözənilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikililər arasında məsafə divar hündürlüyünün 0,3 hissəsi nisbətində olmalıdır. Lakin qanunvericiliyə uyğun olaraq ara məsafəsi gözlənilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, iddiaçının pəncərəsindən onun həyəti görünür. Bütün tikinti işlərini atasına məxsus torpaq sahəsində aparmışdır və bu tikililər iddiaçının hüquqlarını pozmur. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan MH ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Görədil kəndi ərazisində yerləşən 0,0281 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi xx.xx.2008-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2008-ci il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan fərdi yaşayış fonduna aid yaşayış evinin aprel 1991-ci ildə tərtib edilmiş texniki pasportundan görünür ki, Abşeron rayonu, Görədil kəndi, Moskva küçəsi, 6 saylı evin sahibi X1r. İşdə olan Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Polis İdarəsinə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında mütəmadi olaraq monitorinqlər keçirilir. Monitorinqlər zamanı Abşeron rayonu, Görədil kəndində yaşayan Cavabdeh (tel ***-***-**-**} qanunsuz olaraq qonşuluğunda yaşayan İddiaçı razılığı olmadan mülkiyyətində olan evinin pəncərəsini bağlayaraq önündə sanitar qovşağı tikib və bu vətəndaşın haqlı narazılığına səbəb olmuşdur. Vətəndaş tərəfindən istifadəsinə olan torpaq sanəsində qeyri-qanuni olaraq heç bır icazə sənədləri olmadan tikinti aparılır. Dəfələrlə vətəndaşa tikinti işlərini dayandırmaq barədə xəbərdarlıq olunsa da, o, buna əməl etməmişdir. İşdə olan Abşeron RPİ-nin Mehdiabad PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xırdalan şəhəri, H.Aslanov 1, mənzil 202-də yaşayan İddiaçı Zülfü qızının Abşeron RPİ-nin Mehdiabad PB-nə etdiyi xx.xx.2023-cü tarixli 3-13-59-2/1-M-1712 nömrəli müraciəti Bölmənin icraatına daxil olmuşdur. İddiaçı Zülfü qızı müraciətində Görədil kəndində ona məxsus bağ evinin pəncərəsini əmisi oğlu Cavabdeh bağlamaq istəməsi barədə məlumat bildirmişdir. Materialın icra müddətində hər iki tərəfin izahatı alınmış, izahatı alınmış Cavabdeh izahatında ata mülkü olan evlərinin bölündüyünü, İddiaçı evinin pəncərələrinin onun həyətinə baxması, həyətində hamam-tualet olmadığı üçün İddiaçı pəncərəsini bağlaması, orada sanitar qovşağı tikəcəyini, həmçinin İddiaçı evinin pəncərələrinin onun həyətinə olmasından evi və həyətinin pəncərələrdən görünməsi, bu səbəbdən məhkəməyə müraciət edib pəncərələri bağlatdıracağını bildirmişdir. Araşdırma zamanı heç bir hüquqpozma hallarının olmadığını və İddiaçı Zülfü qızının şikayətinin məhkəmə səlahiyyətində mülkü xarakterli olmasını nəzərə alaraq, ona tövsiyə olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət etsin. İşdə olan Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6071 saylı rəyindən görünür ki, Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı Qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikilinin tikintitexniki normalarına uyğun inşa edilmədiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən İddiaçı MH ******* saylı çıxarışa əsasən, 0,0281 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin pəncərəsinin qarşısında divara bitişik şəkildə inşa edilmiş yardımçı tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. İş materiallarından görünür ki, tərəflər qohumluq əlaqələrinə malik şəxslərdir və onların Abşeron rayonu, Görədil kəndində yerləşən mülkiyyət və istifadəsində olan yaşayış evləri qonşudurlar. Cavabdeh atasına məxsus yaşayış evində sanitar qovşağı inşa etdirmişdir və bu tikili İddiaçı məxsus evin pəncərəsinin önünü kəsmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş özbaşına tikintilərin sökülməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən xx.xx.2008-ci tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Görədil kəndində yerləşən mülkiyyətindəki fərdi yaşayış evinin sərhəddində ara məsafəsi gözlənilmədən cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; bu məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. bəndinə əsasən (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin Qaydaların 4.2. bəndinə görə şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirilməlidir. İş materiallarından görünür ki, Cavabdeh inşa etdirdiyi sanitar qovşağının, yəni atasına məxsus evə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə rayon yerli icra hakimiyyətinə müraciət etməmiş, bununla da bu inşaat işləri barədə müvafiq qurum tərəfindən hər hansı sənədləşdirmə (texniki rəy, cizgi –plan və s.) işləri görülməmişdir, yəni bu tikili qanunsuzdur. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, həmin qanunsuz tikili qonşuluqda yerləşən iddiaçıya məxsus evin pəncərəsinin önünü kəsir. Bu hal işdə olan mötəbər sənədlərlə, o cümlədən Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6071 saylı rəyi ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, həmin tikili sökülməlidir. Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən atasına məxsus evə bitişik özbaşına tikinti işləri aparıldığından və bu tikinti iddiaçıya məxsus evin pəncərinin önünü kəsdiyindən iddia təmin edilməli, həmin tikili sökülməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən xx.xx.2008-ci tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Görədil kəndində yerləşən iddiaçının mülkiyyətindəki fərdi yaşayış evinin sərhəddində ara məsafəsi gözlənilmədən cavabdeh tərəfindən inşa edilmiş tikili sökülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş ümumilikdə 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Görədil kəndində yerləşən mülkiyyətindəki fərdi yaşayış evinin sərhəddində ara məsafəsi gözlənilmədən Cavabdeh tərəfindən inşa edilmiş tikili sökülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat vəsait Cavabdeh tutularaq Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar