Məhkəmə qərarları › İş №2(012)-226/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-226/2022

25.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-226/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və X3, Cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən evin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsində yerləşən 87 saylı evin mülkiyyətçisi olmaqla həmin evdə yaşayır. Onun evinin hasarı ilə qonşu olan Cavabdeh2 evi bitişikdir, yəni hasarın bir hissəsi həm də həmin qonşunun evinin arxa divarıdır. Əvvəllər onun evinin hasarına bitişik hər hansı ev olmamışdır. Baxmayaraq ki, həmin hissədə zirzəmiyə yarımçıq tikilisi var idi və bu yarım tikili onun üçün ciddi maneə törətməmişdir. Lakin bir neçə aydır ki, cavabdeh həmin hissədə qanunsuz olaraq 2 mərtəbəli ev tikməyə başlamışdır. Bu hal mülkiyyətçi olaraq onun hüquqlarını pozur. Belə ki, həmin evin tikilməsi onun evinə günəş işığının daxil olmasına imkan vermir və evi cavabdehin evinin kölgəsində qalır. Digər tərəfdən, qanun hasarın üzərində hər hansı tikilinin aparılmasını qadağan edir. O, cavabdehə bunun qanunsuz olduğunu və tikdiyi evin onun evinə günəş işığının daxil olmasına mane olduğunu bildirsə də, cavabdeh buna məhəl qoymadan israrla tikinti işlərini davam etdirir. Cavabdehin hərəkətlərinin qanunsuz olması ilə bağlı müxtəlif dövlət idarələrinə rəsmi şəkildə müraciət etmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli, 946 saylı məktubunda tikinti işlərinin aparılması üçün İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 heç bir icazə sənədinin verilmədiyi öz əksini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, onun evi ilə qonşunun evi arasındakı ara məsafəsi azdır və evə gün işığı ümumiyyətlə düşmür. Ara məsafəsinin gözlənilməməsi isə tikinti zamanı mülkiyyətçi kimi onun hüquqlarının pozulmasını, normal həyat şəraitinə mənfi təsir göstərdiyini, günəş şüalarının evə düşməsinə və s. maneələr yaratdığını və tikintiyə icazə verilərkən tikinti norma və qaydalarının gözlənilmədiyini təsdiq edir. Odur ki, ünvan 1 ünvanında yerləşən evinin Cavabdeh2 öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X3 cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh tərəf mübahisəli tikilini mövcud olan 1 mərtəbəli tikilinin üstündən tikmişdir. Onun evi ilə cavabdehlərə məxsus tikili arasındakı məsafə təxminən 3 metrdir. Bu isə ona məxsus evə düşəcək günəş işığının və gələn havanın qarşısını alır və onun təhlükəsizliyinə ciddi şəkildə təhdid təşkil edir. Həmçinin cavabdeh tərəfin saxladığı malqaranın iyi evinin içərisindədir. Ona məxsus evin torpaq sahəsi 0,02 ha-dır. Qonşulara məxsus evlərlə olan ara məsafəsini bilir. Ona məxsus evlə digər qonşulara məxsus evlər arasında məsafə gözlənilmişdir. O, evini satmaq istəyir. Lakin cavabdehlərin tikdiyi hazırki mübahisəli tikiliyə görə evini almırlar. Suyun içərisində yaşamaq Cavabdeh2 problemidir, bu onu maraqlandırmır. Onun cavabdehlər Cavabdeh2 və X2 başqa tələbi yoxdur. Tələbi yalnız onun evinə düşən günəş işığının qarşısını kəsən cavabdehlərə məxsus sözügedən tikilinin sökülməsi ilə bağlıdır. Həmçinin cavabdeh tərəf iddia edir ki, onlara məxsus evin sənədi vardır. Lakin göründüyü kimi belə bir sənəd mövcud deyildir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və X4 məxsus ünvan 1 ünvanında yerləşən evin cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iş materiallarından və cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh tərəfə məxsus mübahisəli tikilinin hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. Mübahisəli tikilinin tikilməsinə rayon İcra Hakimiyyətinin müvafiq razılığı yoxdur. Yalnız sökülməsi tələb edilən tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədi mövcuddur. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti cavabdeh tərəfə məxsus mübahisəli tikili ilə olan ara məsafəyə münasibət bildirməklə kifayətlənmişdir. Günəş işığının qarşısını kəsdiyinə və İddiaçı hüquqlarını pozduğuna görə cavabdehlər Cavabdeh2 və X4 məxsus sözügedən özbaşına tikili sökülməlidir. Cavabdeh2 qardaşı Heydər Quliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdeh qismində cəlb edilmişdir. İddiaçı tərəfindən məhkəməyə hüquqlarının pozulmasının aradan qaldırılması və özbaşına tikilinin sökülməsi ilə bağlı müraciət edilmişdir. Digər qonşular cavabdeh tərəfin saxladığı mal-qaranın qoxusu ilə razılaşa bilərlər. İddiaçı isə bununla razılaşmır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və X4 məxsus ünvan 1 ünvanında yerləşən evin cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh tərəf kimi onların apardığı tikinti işlərinin İddiaçı heç bir maneəçiliyi yoxdur. Onlara məxsus tikili ilə iddiaçıya məxsus evin arasında ən azı 4-5 metr ara məsafəsi vardır. Onlara məxsus tikilinin birinci mərtəbəsi suyun içərisindədir. Belə ki, iddiaçı öz həyətində suyu açır. Nəticədə isə divarlar və divara vurulan aboylar suyun içərisindədir. Verilmiş suallara cavabında qeyd edir ki, onlarda olan bütün sənədləri Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etmişlər. Mübahisəli tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi qardaşı X5r. Faktiki olaraq isə onun tərəfindən istifadə olunur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən digər cavabdeh X7 da iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, İddiaçı tanıyır. Hazırki mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini o, qardaşı Cavabdeh2 yaşaması üçün almışdır. Mübahisəli tikili də onun tərəfindən tikilir. Həmin tikilini qardaşı üçün tikir. Belə ki, evin birinci mərtəbəsi daima suyun içərisində olur. Məcburiyyət qarşısında qalaraq qardaşı Mahmudun yaşaması üçün ikinci mərtəbəni tikmişlər. Çünki qardaşının yaşayış yeri yoxdur. Verilmiş suala cavabında qeyd edir ki, onda yalnız mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri vardır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini qanunvericiliyə uyğun olaraq almış və qardaşı Mahmuda vermişdir. Qardaşı Mahmud 30 ildir ki, yeni tikilinin birinci mərtəbəsində ailəsi ilə birlikdə yaşayır və həmin mərtəbə nəm və rütübətlidir. Bundan əlavə iddiaçının qeyd etdiyi hala münasibətdə bildirirki uzun illərdi ki, onlar həmin ərazidə heyvandarlıq təsərrüfatı ilə məşğuldurlar. İddiaçı isə bir neçə ildir ki, həmin ərazidə yaşayır. Onlar heç kimin hüquqlarını pozmamışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 30 ildir ki, sözügedən mübahisəli tikilinin yerləşdiyi ərazidə yaşayır. 3-4 ildir ki, İddiaçı sözügedən əraziyə cavabdehlərin qonşuluğuna köçmüşdür. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti qeyd edir ki, tikinti işləri aparılarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Fizuli küçəsi, 87 saylı evin texniki pasportu tərtib edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 26 may 2021-ci il tarixli 946 nömrəli məktubun surətindən görünür ki, Masazır kəndi, S.Rüstəmov küçəsində müvəqqəti yaşayan Cavabdeh2 tərəfindən tikinti işlərinin aparılmasına dair Abşeron rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 04 iyun 2021-ci il tarixli XO-01-05—PA/M-57-2021-03273 nömrəli məktubun surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Fizuli küçəsində inşa edilən tikinti obyekti ilə bağlı Tikintilərin Dövlət reyestrində hər hansı məlumat yoxdur. A seriyalı 374494 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki (məhkəmə baxışı zamanı əslinə baxış keçirilmişdir), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0.016 ha torpaq sahəsinin X6 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 11 dekabr 2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki(məhkəmə baxışı zamanı əslinə baxış keçirilmişdir), satıcı X8 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0.016 ha torpaq sahəsini alıcı X1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/4040 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 tərəfindən inşa edilən tikilinin fasad divarının hündürlüyünün 6,2 metr, həmin tikilidən İddiaçı mülkiyyətində olan yaşayış evinin divarına qədər olan məsafənin 3,5 metr təşkil etdiyini nəzərə alaraq, Cavabdeh2 məxsus tikilinin inşası zamanı ara məsafəsinin gözlənildiyi müəyyən olunmuşdur. Cavabdeh2 məxsus tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ortaq divarında deyil, həmin tikilinin 1-ci mərtəbəsində əvvəldən mövcud olmuş yaşayış evinin divarlarının üstündə inşa edildiyi və ilkin tikilinin parametrlərindən kənara çıxmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir; 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 27.5-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır; 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 5 ünvandakı yaşayış sahəsi 25.6 kv.m, yardımçı sahə 30.5 kv.m, ümumi sahəsi 56.1 kv.m-dən ibarət 1 otaqlı 87 saylı ev və həmin evin yerləşdiyi 0.00734 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0.016 ha torpaq sahəsi X3 mülkiyyətindədir. İddiaçı ona məxsus ünvan 6 ünvanında qonşuluqda cavabdehlər Cavabdeh2 və X7 tərəfindən mübahisəli tikilinin tikinti norma və qaydalarının pozularaq ara məsafəsi gözlənilmədən tikildiyini, bununla da onun evinə düşən günəş işığının qabağının kəsildiyini, nəticə etibarı ilə onun hüquqlarını pozulduğunu iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddia tələbi iş materialları və işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Əksinə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə Cavabdeh2 tərəfindən inşa edilən tikilinin fasad divarının hündürlüyünün 6,2 metr, həmin tikilidən İddiaçı mülkiyyətində olan yaşayış evinin divarına qədər olan məsafənin 3,5 metr təşkil etdiyinin nəzərə alınaraq, Cavabdeh2 məxsus tikilinin inşası zamanı ara məsafəsinin gözlənildiyi müəyyən edilmişdir. Həmçinin Cavabdeh2 məxsus tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ortaq divarında deyil, həmin tikilinin 1-ci mərtəbəsində əvvəldən mövcud olmuş yaşayış evinin divarlarının üstündə inşa edildiyi və ilkin tikilinin parametrlərindən kənara çıxmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Мəhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar