Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2268/2023 04.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsinin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il təvəllüdlü X5 anadangəlmə ruhi xəstə olmaqla “serabral iflic”dir və öz hərəkətlərini, onun nəticələrini dərk etmir, uzun illər mütəmadi müalicə olunmasına baxmayaraq, səhhətində hər hansı irəliləyiş müşahidə olunmamışdır. 2001-ci ildən İ dərəcəli müddətsiz əlilliyə görə pensiya alır. X3 əmək qabiliyyəti yoxdur. Sərbəst və müstəqil hərəkət etmək iqtidarında deyil, kənar şəxsin daimi köməyinə ehtiyacı vardır. Daimi olaraq Ərizəçi ilə birlikdə yaşayır. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından onun pensiyasını ərizəçi ala bilmir və müalicəsi ilə bağlı bir sıra hərəkətləri edə bilmir. Bu səbəbdən də, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında onun iştirakı mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Səhiyyə Nazirliyi Məhkəmə X2 X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2406 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X4 ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar heç bir təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar qrup əlilliyi, həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə qeyri-adekvat tərzdə daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının və davranışının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissə: X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2406 saylı rəyindən müəyyən olunur ki, X5 “ağır dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2023-cü il tarixli, 2406 saylı rəydə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin bacısı-xx.xx.1984-cü il tarixdə Laçın rayonu, Bozlu kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Məhkəmə ərizəçinin ərizəsinin “qəyyum təyin edilməsinin aidiyyəti orqanın üzərinə həvalə edilməsi”nə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxs üzərində himayəçi, eyni zamanda, qəyyum təyin edilməsi üçün əsas olduğundan ərizə bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1984-cü il tarixdə Laçın rayonu, Bozlu kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov