Məhkəmə qərarları › İş №2(012)-2269/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2269/2021

14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2269/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktların ləğv edilməsi və həmin aktlar əsasında qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktların ləğv edilməsi və həmin aktlar əsasında qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı və 29 mart 2019-cu il tarixli, ******* saylı aktların ləğv edilməsi və həmin aktlar əsasında qanunsuz olaraq hesablanmış 783 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yaşayır. Ona məxsus olan həmin ev Abşeron rayonu, Hökməli kəndində “Qobu yolu” adlanan ərazidə salınmış təzə məhəllədə yerləşir. Həmin evi aldığı torpaq üzərində qanuni əsaslarla tikmiş və 01 iyul 2019-cu il tarixdən də ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Ona məxsus olan həmin evdə qazla işləyən cihazlardan hamamda bir ədəd kombi və mətbəxdə isə dörd gözdən ibarət olub, bir gözü elektrik və üç gözü isə qazla işləyən qaz plitəsindən ibarətdir. Adı gedən evdə yaşamağa başladığı vaxtdan, qanuni əsaslarla öz adına kod açdırıb su, işıq və qaz xətlərini dərhal çəkdirmişdir. Yəni 2018-ci ilin fevral ayında işıq xəttini, 09 oktyabr 2018-ci ildə isə qaz xəttini çəkdirib sayğacını qoydurmuşdur. Ən nəhayət 2019-cu ilin fevral ayından isə su xəttini çəkdirib sayğacını qoydurmuşdur. Bütün bunların hamısını “ASAN xidmət” vasitəsi ilə çəkdirib, öz adına rəsmiləşdirmişdir. O, qanuna riayət edən bir insan kimi kommunal xərclərini daima vaxtlı-vaxtında ödəmişdir. Bu günə kimi heç vaxt kommunal xidmətlər üzrə borcu və ya ödənişlərdə hər-hansı bir gecikməsi olmamışdır. Evi tikib başa çatdırdıqdan sonra həmin evə qanuni əsaslarla öz adına kod açdırıb qaz, su və işıq çəkdirmişdir. Həmin evə qazı təxminən yuxarıda qeyd etdiyi kimi, 09 oktyabr 2018-ci il tarixdə çəkdirmişdir. Həmin evdə qazdan istifadə ilə əlaqədar ünvan belədir: Abşeron rayonu, Hökməli kəndi, fərdi ev, Abonet kodu: **********02271 saylıdır. Onun evinə aid qaz sayğacı qoyulduğu gündən smartkartla işləyir və həmin sayğac evdən təxminən 10 metr kənarda, küçədə yolun kənarında quraşdırılmışdır. O, yalnız qaz qurtaranda, yəni smartkartda olan qazı həmin qaz cihazına yükləmək lazım olanda həmin cihaza yaxınlaşır və smartkartda olan qazı cihaza yükləyir. Qazdan istifadə ilə əlaqədar heç vaxt borcu olmamışdır. O, təxminən 2020-ci ilin dekabr ayında smartkarta pul yükləmiş və bu zaman yüklədiyi həmin puldan iki manatı borc kimi tutulmuşdur. Belə başa düşmüşdür ki, yəqin limitdən artıq işlətdiyi üçün bu pul tutulmuşdur. 05 yanvar 2021-ci il tarixdə yenidən smartkarta pul yükləyərkən yenə də ondan borca görə pul tutulmuşdur. O, dərhal 104 çağrı xidmətinə zəng vurub, məsələni aydınlaşdırarkən ona demişlər ki, guya həmin ünvanda olan əvvəlki, yəni köhnə sayğaca görə borcu vardır. Buna görə də ondan həmin borca görə əlavə pul tutulur. O, israrla bildirmişdir ki, bu evi təzə tikmiş və bu ünvanda əvvəl nə ev, nə də sayğac olmamışdır. Onun isə heç bir borcu yoxdur və bu pullar qanunsuz və əsassız olaraq ondan tutulur. Belə olduqda 104 xidmətindən ona Babək prospektində yerləşən baş idarəyə müraciət etməli olduğunu söyləmişlər. 05 yanvar 2021-ci il tarixdə o, baş idarəyə gedərək ərizə yazmış və onlar gəlib yerində baxaraq ona cavab verəcəklərini qeyd etmişlər. 14 yanvar 2021-ci il tarixdə yazdığı ərizə ilə əlaqədar qaz idarəsinin iki əməkdaşı gələrək sayğaca onun iştirakı ilə baxış keçirmiş və sayğacda və qazdan istifadədə heç bir qanun pozuntusunun olmadığı barədə onun iştirakı ilə AKT tərtib olunmuş və ona narahat olmamasını söyləmişlər. Lakin bir müddətdən sonra o smartkarta pul yükləyəndə yenə də kartdan borc adı ilə pul tutulmuşdur. O, yenidən Baş idarəyə müraciət edəndə ona guya 783 manat qaza borcu olduğunu söyləmişlər. O, həmin borcun nədən yarandığını soruşanda bu barədə iki AKT sənədinin mövcudluğunu vurğulamışlar. O, həmin aktları almış və həmin aktlarla tanış olarkən məlum olmuşdur ki, həmin aktların yazılmasından və onu yazan adamların kimliyindən xəbəri yoxdur. Birinci akt 29 mart 2019-cu il tarixdə tərtib edilib və ******* saylıdır. Həmin aktda yazılmışdır ki, guya baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bu yazılanlar tamamilə yalan və əsassızdır. Birinci ona görə ki yuxarıda qeyd etdiyi kimi, o, həmin evi aldığı torpaq sahəsində təzə tikmiş və həmin torpaq sahəsində əvvəllər ev olmamışdır. İkinci həmin evi tikib başa çatdırdıqdan sonra 19 iyul 2019-cu ildə yaşamaq üçün öz ailə üzvləri ilə birlikdə oraya köçmüşdür. Üçüncü həmin aktda adları yazılmış qaz idarəsinin işçilərini tanımır, heç vaxt görməmiş və onlar heç vaxt onun yanında AKT tərtib etməyiblər ki, o da aktı imzalamaqdan imtina etsin. Dördüncü də həmin aktda yazılmış qaza aid abonentin kodu ona aid deyil və sadəcə olaraq onun ad və soyadı yazılmışdır. Onun faktiki yaşadığı ünvana aid abonent kodu tamamilə başqadır. Həmçinin onların evə aid çəkdiyi və akta əlavə etdikləri şəkillər də onun evinə deyil, tamamilə başqa bir evə aiddir. Ona təqdim edilmiş ikinci AKT isə 30 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş və ******* saylıdır. Həmin aktda yazılmış abonentin ünvanı və abonentin kodu ona aid olsa da, həmin aktda yazılanlar tamamilə yalandır. Belə ki, həmin aktı tərtib edən adamları tanımır və heç vaxt görməmişdir. Həmin aktın da tərtib edilməsindən xəbəri yoxdur. Həmin AKT onun yanında və yaxud onun iştirakı ilə tərtib edilməmişdir ki, onu imzalamaqdan imtina etsin. Həmin aktda yazılanlar tam yalan və əsassızdır. Hər iki AKT yalnız qaz idarəsinin əməkdaşları tərəfindən imzalanmış, yalanlardan ibarət qanunsuz və əsassız, sənədlərdir. Həmin aktlar əsasında ona qanunsuz və əsassız olaraq 783 manat cərimə yazılmışdır. Çünki əgər qaz idarəsinin əməkdaşlarının qeyd etdikləri kimi, onun tərəfindən sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etməyi aşkar edilsəydi, bu zaman onun iştirakı təmin edilər və tərtib edilmiş aktda göstərilənlərlə razı olub-olmamağı barədə imza etdirərdilər. Lakin yuxarıda göstərdiyi kimi, qaz idarəsinin əməkdaşları onun iştirakı olmadan bu hərəkətləri etmişlər. Ümumiyyətlə, həmin ərazidə qaz idarəsinin əməkdaşları tərəfindən belə qanunsuz hərəkətlər tez-tez baş verir. Belə ki, cavabdeh idarənin ərazi üzrə əməkdaşları tərəfindən təkcə ona deyil, ümumiyyətlə qazdan istifadə ilə əlaqədar həmin ərazidə yaşayan sakinlərin barəsində qanunsuz və əsassız cərimələr yazılmış və ödəmək istəməyənlərin qazları qanuni əsas olmadan dayandırılmışdır. Bu səbəbdən də qanunsuz və heç bir əsası olmayan borcun silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən 29 mart 2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, 29 mart 2019-cu ildə abonent İddiaçı Hökməli qəsəbəsi, ev 6, mənzil 0931 ünvanında yaşadığı evə (abonent kodu: **********00931) baxış keçirilən zaman “abonentin təbii qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etməsi” müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən 30 sentyabr 2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, 30 sentyabr 2019-cu ildə abonent İddiaçı Hökməli qəsəbəsi, ev 6, mənzil 0931 ünvanında yaşadığı evə (abonent kodu: **********02271) baxış keçirilən zaman “abonentin təbii qazdan qanunsuz istifadə etməsi” müəyyən olunmuşdur. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 3 ünvanında yerləşən evə aid abonent kodu **********02271 olan Abonentin saldosundan görünür ki, 2019-cu ilin mart ayında qaz sərfiyyatı “6858 m3” və 2019-cu ilin sentyabr ayında qaz sərfiyyatı “972 m3” olmaqla, ümumilikdə “7830 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 783 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində müvafiq aktlar birtərəfli tərtib olunmuş, yəni aktlar tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktların həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktların mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********02271) dair hesablanmış 783 manat borc silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 30 sentyabr 2019-cu il tarixli, ******* saylı və 29 mart 2019cu il tarixli, ******* saylı aktların ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********02271) dair hesablanmış 783 (yeddi yüz səksən üç) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar