Məhkəmə qərarları › İş №2(012)-2275/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2275/2024

09.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2275/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə və ərizəçinin ona qəyyum təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda həyat yoldaşı və iki oğlu ilə birlikdə yaşayır. Oğlu Radmir 2009-cu il təvəllüdlüdür, azyaşlı olduğu üçün onun himayəsindədir. Oğlu Camal isə xx.xx.2005-ci il təvəllüdlü birinci dərəcəli əlildir. TSEK-in verdiyi məlumatda qeyd olunur ki, oğlu Camal qulluq və müalicə tələb edən davranış pozuntusu, ağır dərəcəli əqli əlillik, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı olan bir vəziyyətdədir. Əslində vəziyyət daha da çətindir. Belə ki, onu bir an belə nəzarətsiz qoymaq mümkün deyildir. Başqasına Camala baxmağı tapşırdığı vaxtlarda günü 20 manata evlərdə təmizlik işləri görərək maddi ehtiyaclarını ödəmək üçün pul qazana bilirdi. Hazırda Camalın vəziyyəti daha da pisləşmişdir. Ona görə də, nə qədər xahiş-minnət etsə də, hətta günü 10 manat təklif etsə də, heç kim xəstəyə baxmaq istəmir. Belə olan təqdirdə, o, işə gedə bilməyərək, məcburən Camala baxmalıdır. İşə getmədən yaşamaq maddi ehtiyaclar səbəbindən mümkün deyildir. Göstərilənlərlə bağlı ƏƏSMN-nə və Abşeron İcra Hakmiyyətinin qəyyumluq şöbəsinə etdiyi müraciətlərə cavab verildi ki, bu məsələ yalnız məhkəmə qaydasında həll olunur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 688430 saylı “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olan X3 valideynləri haqqında olan qeydlərə əsasən onun atası X8, anası isə Ərizəçidır. - Azərbaycan Respunlikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X7 müddətsiz əlildir, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-21), qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var diaqnozu ilə 1-ci dərəcə əlillik statusunu daşıyır. Orqanizmin funksiyalarının pozulması 85 % təşkil edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası X9 xx.xx.2023-cü il tarxili ambulator kitabçadan çıxarışdan görünür ki, X7 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə xəstədir, dispanser qeydiyyatındadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli, 1398 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. - “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlar görünür ki, X1 rayonu, Xırdalan şəhəri, 26 məhəllə, ev 1, mənzil 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi hissəsi təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə ərizənin Ərizəçi X5 qəyyum təyin edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2005-ci il tarixdə anadan olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2005-ci il tarixdə anadan olan X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar