Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2297/2020 18.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, İsayev Elşad Nəsrəddin oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxx 2013-cü il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsini yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları pulun, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsini əhəmiyyətsiz-yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları pulu, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ünvan 1 ünvanında yerləşən və əvvəllər onun istifadəsində olan torpaq sahəsini 2013-cü ildə 25000 ABŞ dollarına almışdır. Həmin vaxt Cavabdeh Canmirə qızının torpaq sahəsinə aid heç bir sənədi olmadığına görə alğı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Onun əvəzinə notarial qaydada xx xxxx 2013-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlamışlar. Həmin kredit müqaviləsinə əsasən o, 06 (altı) ay ərzində Cavabdeh 25000 (iyirmi beş min) ABŞ dolları və ya 19650 manat pul qaytarmağı öhdəmə götürmüşdür. Lakin həmin kredit müqavilə faktiki münasibətlərə uyğun olmamışdır. Faktiki münasibətlər alğı-satqı münasibətləri olsa da yalan əqd olaraq kredit müqaviləsi bağlanmışdır. Bundan sonra isə əlavə olaraq 3 sot torpaq sahəsinə 3000 (üç min) ABŞ dolları pul ödəmişdir. Cavabdeh 2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddia qaldırmış, həmin 25 000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(012)-3686/2015 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Bundan başqa Abşeron rayon Masazır Bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin geri qaytarılması və qeyri-qanuni tikilmiş daş hasarın sökülməsi tələbinə dair iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-101/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh Yusifova Canmirzə qızı məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul etmir. Həmçinin o, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı bu günə qədər 3186,73 manat pul vəsaiti almışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh onun həyat yoldaşıdır. O, 2000-ci ildən ünvan 2i ünvanında tikdiyi fərdi yaşayış evində yaşayır və 2006-cı ildən isə evi tikdiyi torpaq sahəsi üçün bələdiyyəyə torpaq vergisi ödəyir. İddiaçı 2013-cü ildən kənd sakini olaraq tanıyır. Nazimin bacısının onun evinin qarşısında torpaq sahəsi var idi. O və ya həyat yoldaşı Cavabdeh iddiaçıya torpaq satmamışdır. Torpaq Nazimin bacısına məxsus olmuşdur. İddiaçı uzun illər ev alğısatqısı ilə məşğul olmuşdur və bacısının torpağında 5 ədəd ev tikib satmışdır. O, iddiaçıya 25 000 ABŞ dolları borc pul vermişdir və aralarındakı borc münasibətlərini notariusda kredit müqaviləsi bağlayaraq rəsmiləşdirmişlər. Aralarında olan sövdələşməyə əsasən tikilən ev sonradan satılmalı idi və onlar pul pulu aramızda bölüşməli idik. Onun fermer təsərrüfatı var idi və 2000-ci il tarixdə Yasamal rayonunda olan mənzilini satmışdır. Eyni zamanda, o, usta olaraq çalışır. Onun işləri olduğuna görə hər istədiyi vaxt işdən çıxa bilmir. Bu səbəbdən müqavilə həyat yoldaşıyla iddiaçı arasında bağlanmışdır. Onun şəxsi torpağı yox idi. İddiaçının bacısına məxsus 10 sot torpağı var idi. Bu səbəbdən də şərikli şəkildə ev tikəcəkdilər. O, pulu həyat yoldaşının yanında iddiaçıya əlbəəl vermişdir. İddiaçı həmin torpaq sahəsində 5 ev tikmiş və onları satmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh Canmirzə qızı qaytarmaq şərti ilə 6 ay, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixi müddətinədək İddiaçı 25000 ABŞ dolları, yəni həmin dövrdə manat kursu ilə 19650 manat məbləğində pul kredit verməyi, İddiaçı isə Cavabdeh 25000 ABŞ dolları, yəni həmin dövrdə manat kursu ilə 19650 manat məbləğində pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən qeyd olunan kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair müddət keçdiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlər üzrə müddətlər göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericilik kredit müqaviləsinin etibarsız sayılması üçün bir il müddət müəyyən etmişdir. Ona görə də məhkəmə məhz müddətin keçməsi ilə bağlı iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, kredit müqaviləsinin əhəmiyyətsiz-yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması barədə iddianın rədd edilməsi nəticəsinə gəlir və hesab edir ki, iddia ərizəsində göstərilən digər tələblər iddia tələbinin kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən irəli gəldiyindən,həmçinin bu hissələrlə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən iddia tələbi bu hissələrdə də rədd edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2020-ci il 01 dekabr tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsini əhəmiyyətsiz-yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları pulu, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2297/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2297/2020
18.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver