Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-230/2023 01.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi 3 nömrəli binanın həyətində qanunsuz tikilmiş tikililərin (toyuq hinlərinin) cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün düşmüşdür. X4 və həyat yoldaşı X3 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Şəhid ailəsi kimi hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyində yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyatdadır. 2016-cı ildən bəri cavabdehlər ilə qonşuluq münasibətindədir. Əvvəllər münasibətləri normal olmuşdur. Onun mənzili binanın 1-ci mərtəbəsində yerləşir. Cavabdehlərin mənzilləri isə həmin binanın 1-ci və 5-ci mərtəbələrində yerləşir. Bir neçə ildir ki, cavabdehlər binanın həyətində, onun mənzilinin pəncərələrinin qarşısında toyuq hini tikmişlər. Xüsusən yay aylarında, isti havalarda toyuq hininin iyindən, səs küydən, bit-birədən evində rahat yaşaya bilmir. Körpə nəvələri olmasına baxmayaraq, evinin pəncərəsini açıb evi havalandıra bilmir. Məcbur qapalı şəraitdə yaşayırlar. Cavabdehlərin qanunsuz tikdikləri toyuq hinləri onun mülkiyyət, istirahət və yaşamaq hüququnu pozur. Cavabdehlər qaçqın və məcburi köçkün statusu olmasından istifadə edərək, həmin hini qanunsuz tikmişlər. Digər qonşular hinin tikilməsinə mane olmağa gücləri çatmamışdır. Dəfələrlə polis orqanlarına şikayət etmişdir. Mehdiabad polis bölməsinin əməkdaşları hətta toyuq hinini boşaltdırmış, lakin polislər gedən kimi cavabdehlər yenidən toyuqları hinə doldurmuşdur. Bu hal 4-5 dəfə təkrarlanmışdır. Lakin polis hini sökməyə ixtiyarı olmadığını bildirmişdir. Binanın zirzəmisi, həyətyanı sahəsi bütün bina sakinlərin ixtiyarında olmalıdır, lakin cavabdehlər özbaşınalıq və qanunsuzluq edərək hin tikib özününkiləşdiriblər. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesində iştirak edən iddiaçı X5 iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və təmin edilməməsini məhkəmədən xahiş etmişlər.Cavabdehlər sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, X1 rayonundan məcburi köçkün kimi Abşeron rayon, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, ev 3, mənzil 48, Məmmədov X7 rayonundan məcburi köçkün kimi Abşeron rayon, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, ev 3, mənzil 46, Cavabdeh1 Ağdam rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışdır. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aktı tərtib edənlər X2 Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırdığı iddiaya əsasən dam kimi göstərilən tikili yaşayış binasından aralıdır, qonşulara heç bir maneçiliyi yoxdur və həmin yerdə toyuq saxlamadıqlarına şahiddirlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4123/2022 saylı qərardadına əsasən iş üzrə mütəxəssisin rəyi alınması qərara alınmış, rəy verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə tapşırılmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli mütəxəsiss rəyindən görünür ki, “Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi 3 nömrəli binanın qarşısında yerləşən iddiaçı X2 əməkdaşlara göstərdiyi sözügedən toyuq hinlərinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı mütəxəssis qarşısına qoyulan 1-ci sualda qeyd olunan məsələ ilə bağlı bildirilir ki, ev quşlarının saxlanılması və istifadəsi zamanı “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin tələblərinin gözlənilmədiyi, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Ərazi tor hasarla əhatə olunsa da antisanitar şəraitə yol verildiyi müşahidə olunmuşdur. Beləliklə, özbaşına tikilmiş toyuq hinləri sanitariya-norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə uyğun deyil. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-230/2023 saylı qərardadına əsasən iş üzrə təkrar mütəxəssisin rəyi alınması qərara alınmış, rəy verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə tapşırılmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi 3 nömrəli binanın qarşısında yerləşən iddiaçı X2 əməkdaşlara göstərdiyi sözügedən toyuq hinlərinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı mütəxəssis qarşısına qoyulan 1-ci sualda qeyd olunan məsələ ilə bağlı bildirilmişdir ki, ev quşlarının saxlanılması və istifadəsi zamanı “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin tələblərinin gözlənilmədiyi, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıqsanitariya) tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Ərazi tor hasarla əhatə olunsa da antisanitar şəraitə yol verildiyi müşahidə olunmuşdur. Beləliklə, toyuq hinlərinin sanitariya-norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Araşdırılması üçün ünvanlanan ikinci sualla bağlı bildirilmişdir ki, həyətdə saxlanılan toyuqların ətraf mühitə və vətəndaşlara təsirinin müəyyən edilməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə aid deyildir. Araşdırma üçün ünvanlanan üçüncü sualla bağlı bildirilmişdir ki, baxış zamanı iş üzrə tərəflərdən iddiaçı X2 və Cavabdeh2 iştirakı təmin edilmişdir. Digər cavabdehin Cavabdeh1 ilə telefon əlaqəsi zamanı (**********; **********) telefonlara cavab vermədiyindən iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 171.1. maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2.maddəsinə görə təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3. maddəsinə görə əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları haqqında 38 saylı 09 mart 2019-cu il qərarı ilə şəhər və şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtbəli binaların arasında iri və xırdabuynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağan edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyində yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyatdadır. Cavabdehlər də məcburi köçkün olaraq iddiaçının yaşadığı binanın 1-ci və 5-ci mərtəbələrində yaşayırlar. İddiaçının izahatından və işin materiallarından görünür ki, cavabdehlər binanın həyətində tikilidə toyuq-cücə saxlayırlar,lakin məhkəmə mübahisəsi ilə əlaqədar cvabdehlər həmin tikili də toyuq çüçə saxlamırlar.İddiaçının izahatına görə binanın həyətində, onun mənzilinin pəncərələrinin qarşısında toyuq hini kimi istifadə olunması xüsusən yay aylarında, isti havalarda toyuq hininin iyindən, səs küydən, bit-birədən iddiaçı rahat yaşaya bilmir, pəncərəni açıb evi havalandıra bilmir. Məcbur qapalı şəraitdə yaşayırlar. Cavabdehlərin qanunsuz tikdikləri toyuq hinləri onun mülkiyyət, istirahət və yaşamaq hüququnu pozur. İddiaçı dəfələrlə polis orqanlarına şikayət etmişdir. Mehdiabad polis bölməsinin əməkdaşları hətta toyuq hinini boşaltdırmış, lakin polislər gedən kimi cavabdehlər yenidən toyuqları hinə doldurmuşdur. Lakin polis hini sökməyə ixtiyarı olmadığını bildirmişdir. Binanın zirzəmisi, həyətyanı sahəsi bütün bina sakinlərin ixtiyarında olmalıdır, lakin cavabdehlər özbaşınalıq və qanunsuzluq edərək hin tikib özününkiləşdiriblər. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-230/2023 saylı iş üzrə təkrar mütəxəssis rəyi qərardadına əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsindən verilən xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi 3 nömrəli binanın qarşısında yerləşən iddiaçı X2 əməkdaşlara göstərdiyi sözügedən toyuq hinlərinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı mütəxəssis qarşısına qoyulan 1-ci sualda qeyd olunan məsələ ilə bağlı bildirilmişdir ki, ev quşlarının saxlanılması və istifadəsi zamanı “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin tələblərinin gözlənilmədiyi, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Ərazi tor hasarla əhatə olunsa da antisanitar şəraitə yol verildiyi müşahidə olunmuşdur. Beləliklə, toyuq hinlərinin sanitariya-norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, idddia ərizəsində qeyd edilən ərazidə cavabdehlər tərəfindən tikilən tikilidə toyuq hini kimi istifadə edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıqsanitariya) tələblərinə əməl olunmadığı müəyyən edildiyindən, antisanitar şəraitə yol verildiyi müşahidə olunduğundan və bu hal iddiaçının öz mənzilindən normal istifadəsinə imkan vermədiyindən, çoxmənzilli yaşayış sahəsindən istifadənin mümkünsüzlüyü kimi qiymətləndirilməli və bu əsasda iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi 3 nömrəli binanın həyətində qanunsuz tikilmiş tikililər (toyuq hinləri) cavabdehlərin hesabına sökülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi 3 nömrəli binanın həyətində qanunsuz tikilmiş tikililər (toyuq hinləri) cavabdehlərin hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-230/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-230/2023
01.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver