Məhkəmə qərarları › İş №2(012)-2301/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2301/2021

17.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2301/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair bağlanmış 08.11.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron 1 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2 ilə bağladığı 12 aprel 2005-ci il tarixli 4ə-6/1018 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində 1000,0 kv.m torpaq sahəsində yerləşən 4 otaqdan ibarət olan evin 400 kv.m torpaq sahəsini və sahəsi 30.1 kv.m olan bir yaşayış otaqlı evi almışdır. Həmin sahə onun mülkiyyətində olmuşdur. Lakin onun xəbəri olmadan Cavabdeh2 ilə aralarında olan alqısatqı müqaviləsinin qüvvədə olmasına baxmayaraq, torpaq onun mülkiyyətində olduğu və həmin torpağın satılmasına razılıq vermədiyi halda Mirhüseyin Qənbərov torpaq sahəsini üzərində olan tikili ilə birlikdə Cavabdeh1 satmışdır. Həmin ərazidə onunla Cavabdeh1 arasında bağlanmış müqavilə mövcuddur və həmin müqavilədə o, yalnız 30.1 kv.m olan tikilini satmış, torpaq sahəsi isə onun mülkiyyətində qalmışdır. Cavabdeh2 qanunsuz olaraq torpağı başqa bir şəxsə satmışdır. Nəticə etibarı ilə o, mülkiyyətindən qanunsuz olaraq məhrum olmuşdur. Alqı-satqı müqaviləsində göstərilən əmlakı iki şəxsə satan Cavabdeh2 məsuliyyət daşıyır. Belə ki, həmin cavabdeh ona bu barədə məlumat verməmişdir. O, bu barədə bu yaxınlarda tikinti aparılan zaman bilmişdir. Çünki Cavabdeh1 həmin vaxt həmin evi almasına dair çıxarış almaq istəmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı ilə işlə əlaqədar tanış olmuşdur. İddiaçının maddi vəziyyəti pisləşmişdi. Maddi ziyanını ödəmək üçün pul axtarırdı. Sumqayıtda Elvin adlı şəxs vasitəsi ilə Rufulla adlı şəxslə tanış oldu. Həmin şəxsdən faiz ödəmək şərtilə 12 min manat borc pul götürdü. O, borcun ödənilməsinin təminatı olaraq alqı-satqı müqaviləsinə əsasən evini digər şəxslərin adlarına keçirib və aylıq olaraq faizini ödəyib. İddiaçı evini satmaq niyyəti ilə deyil, təminat olaraq o şəxslərin adına keçirib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış 12.04.2005-ci il tarixli 244076 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinin 400 kv.m hissəsini alıcıya 42 000 000 manat qiymətinə satmışdır. - Satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 14.06.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 44.8 kv.m olan torpaq sahəsini alıcıya 15000 manat qiymətinə satmışdır. - Satıcı, eyni zamanda digər satıcılar X9, X4, X1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış 08.11.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsindən 0,04 ha torpaq sahəsini alıcıya 4000 manat qiymətinə satmışlar. - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən İddiaçı verilmiş 2017-ci il tarixli 386 saylı arayışdan görünür ki, o, Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsi 19,9 kv.m, yardımçı sahəsi 24,9 kv.m, ümumi sahəsi 44.8 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə dair 10890A qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əldə etmişdir. - Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsi 19,9 kv.m, yardımçı sahəsi 24,9 kv.m, ümumi sahəsi 44,8 kv.m olan 1 otaqlı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron 1 saylı Dövlət Notariat Kontorunda 12 aprel 2005-ci il tarixli 4ə-6/1018 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 10890A saylı reyestr kitabında 1396 nömrəsi ilə qeydə alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli 2(012)-4562/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı iddiaçı ilə cavabdeh arasında 14.06.2017-ci il tarixdə Abşeron 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Abşeron rayonu Saray qəsəbəsi Çənlibel küçəsində yerləşən 0,399 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44,8 kv.m, yaşayış sahəsi 19,9 kv.m, yardımçı sahəsi 24,9 kv.m 1 otaqlı fərdi yaşayış evinə dair AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi rədd edilmişdir. - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Abşeron rayonu Saray qəsəbəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri MİK-13 60 saylı evin 31 saylı mənzilində qeydiyyatdadır. - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli arayışdan görünür ki, Hüseynov X6 rayonundan köçkün kimi Abşeron rayonu Saray qəsəbəsi Çənlibel küçəsində yerləşən 34 saylı evdə qeydiyyatsız yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinə əsasən satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış 12.04.2005-ci il tarixli 244076 saylı müqaviləyə əsasən satıcı Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinin 400 kv.m hissəsini, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 14.06.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 44.8 kv.m olan torpaq sahəsini, satıcı, eyni zamanda digər satıcılar X9, X4, X1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış 08.11.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə satıcılar Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsindən 0.04 ha torpaq sahəsini alıcıya satmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə prosesi gedişində İddiaçı mübahisələndirilən müqavilənin etibarsızlığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddia tələbi haqlı sayıla bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddiaçının mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Bundan başqa, şahid iddiaçının şifahi vəsatəti əsasında dindirildiyindən və onun ifadələri iş üzrə digər sübutlarla təsdiq edilmədiyindən bu ifadələr mötəbər sübut sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair bağlanmış 08.11.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar