Məhkəmə qərarları › İş №2(012)-232/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-232/2023

23.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-232/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 aprel 2004-cü il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsinin Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 17 avqust 1970-ci ildə Laçın rayonunun Zabux kəndində anadan olmuşdur. Ərizədə göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsi dörd nəfərdən ibarətdir: o, əri, oğlu və qızı. xx.xx.2004-cü il təvəllüdlü qızı X3 anadangəlmə xəstədir. Onun xəstəliyi “serebral iflic” adlanır. O, hal-hazırda 19 yaşının içindədir. O, öz hərəkətlərini və nəticələrini dərk etmir, uzun illərdir mütəmadi müalicə almasına baxmayaraq, səhhətində hər-hansı irəliləyiş müşahidə olunmamışdır. Özü İ qrup əlildir. O, əmək iqtidarını tam itirmişdir, sərbəst və müstəqil hərəkət etmək iqtidarında deyil. Kənar şəxsin daimi köməyinə ehtiyacı vardır. Ərizəçi daimi onunla birlikdə yaşayır, ona qulluq və nəzarət edir. Qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, onun pensiyasını ala bilmir və müalicəsi ilə bağlı bir sıra hərəkətləri edə bilmir. Artıq onun on səkkiz yaşı tamamdır və o, yetkinlik yaşına çatmışdır. Buna görə də onunla əlaqədar hər-hansı bir işlə bağlı getdikdə onun özünün gəlməsini tələb edirlər. Xəstə olduğunu və gəlmək iqtidarında olmadığını dedikdə isə qəyyumunun gəlməsini və onun adından qəyyumunun ona dair işləri görməsini tələb edirlər. Lakin ona qəyyum təyin edilməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan 06 may 2004-cü il tarixdə Samara vilayəti üzrə Tolyatti şəhərinin Tsentralnı rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 29 aprel 2004-cü il tarixdə Samara vilayəti, Tolyatti şəhərində anadan olmuş, atası X4, anası isə Ərizəçidır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2022-ci il tarixli 3090 saylı rəyindən görünür ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. O, anası Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır, hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2022-ci il tarixli 3090 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 29 aprel 2004-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizənin qəyyum təyin edilməsi bu qətnamə üzrə müvafiq icra hakimiyyəti tərəfindən aparıldığından ərizənin bu hissəsi məhkəməyə aid olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 29 aprel 2004-cü il tarixdə Samara vilayəti, Tolyatti şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 29 aprel 2004-cü il tarixdə Samara vilayəti, Tolyatti şəhərində doğulmuş X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar