Məhkəmə qərarları › İş №2(012)-2338/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2338/2021

17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2338/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğvi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 23.10.2020-ci il tarixli 020339 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 526,73 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş 23.10.2020-ci il tarixli 020339 saylı akta əsasən hesablanmış 526,73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Masazır kəndində yaşayır və həmin ünvanda yerləşən yaşayış evinə quraşdırılmış elektrik enerjisindən istifadəyə görə sayğaca 23 oktyabr 2020-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı sayğacın işləmədiyi aşkar edilmişdir. Belə ki, həmin sayğac giriş qapısının çöl tərəfindədir. Halbuki onun tərəfindən sayğaca heç bir kənar təsir göstərilməmişdir. Nəticədə ona əsassız olaraq 526,73 manat cərimə borcu yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilən elektrik enerjisindən istifadə Qaydalarının 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işlək vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 23.10.2020-ci il tarixli, 020339 nömrəli aktda onun iştirakı olmadığı göstərilmişdir. Halbuki həmin vaxt o, özü orada olmuş, ASC-nin əməkdaşları sayğac dəyişdiklərini bildirmiş və sonradan ərazi yerini tərk etmişlər Halbuki hər hansısa bir akt tərtib edilməmiş, tərtib olunmuş aktın harada olmasından onun xəbəri olmamışdır. Ona görə də qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Azərişıq ASC ilə məişət abonenti İddiaçı arasında bağlanmış 04.03.2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin surətindən görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanılaraq tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə elektrik enerjisindən istifadə qaydalarını rəhbər tutmuşlar. - Müqavilənin 3-cü və 4-cü bəndlərindən görünür ki, məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablama yalnız elektrik enerjisinin göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablamada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Elektrik enerjisinə görə hesablamalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kvts aktiv elektrik enerjisi 0.07 0.11 manat tarif üzrə aparılır. Tarif qiymətləri təmzinləndikdə bu, nəzərə alınır. - Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 13.10.2020-ci il tarixli 020339 saylı aktdan görünür ki, abonent kodu **********00746 nömrəli Abşeron rayonu Masazır kəndində yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə E.E.S.Q-na uyğun olaraq yoxlama zamanı quraşdırılmış elektrik sayğacının işləmədiyi, belə ki, sayğacdan axan yükü sayğacın hiss etmədiyi müəyyən edilmişdir. Axan yük ölçülmüş və sayğac elektron tipli sayğacla əvəz edilmiş və çıxarılan sayğaca laboratoriya şəraitində rəy verilməsi qərara alınmışdır. - Aktdan daha sonra görünür ki, akt tərtib edilərkən ASC-nin əməkdaşları R.Rəfiyev və A.Cəfərovun imzaları ilə təsdiq edilmiş, abonent olan mənzilin sahibi iştirak etməmişdir. - Abonent kodu **********00746 nömrəli Abşeron rayonu Masazır kəndində yaşayan abunəçi İddiaçı məxsus abunə haqqında hesabatdan görünür ki, 05.11.2020-ci il tarixində abunəçiyə aktın köhnə tarifinə görə (0.07) 126 manat, EİQ pozulmasına görə 400.73 manat olmaqla cəmi 526.73 manat borc hesablanmışdır. - Azərişıq ASC-nin akt komissiyasının sədri tərəfindən tərtib olunmuş 05.11.2020-ci il tarixli əhali iştirakçılar qrupuna aid olan abonentlərin uçot kompektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonent kodu **********00746 nömrəli Abşeron rayonu Masazır kəndində yaşayan İddiaçı yaşadığı evə quraşdırılmış sayğaca baxış zamanı elektrik sayğacının işləmədiyi və sxemdən axan yükü hiss etmədiyi müəyyən edilmiş, 1.8 kvt x (0.7) x 24 saat x 180 gün = 5443 kvts, tarif (0.07 manat) – 1800 kvts x 0.07 = 126.00 manat, tarif (0.11) manat - 3643 kvts x 0.11 = 400.73 manat olmaqla cəmi 526.73 manat müəyyən edilmiş və elektrik sayğacı yenisi ilə əvəz edilmişdir. Aktın verilməsi üçün əsas isə 020339 saylı 23.10.2020-ci il tarixli akt olmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı məxsus elektrik sayğacı yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Belə olan halda o, sayğacın çıxış nöqtələrinə birləşdirilmiş naqillərinin və sayğacın texniki vəziyyətinə görə məsuliyyət daşıya bilməz. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.32-ci bəndinin “a” yarımbəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus elektrik sayğacı evdən kənarda quraşdırıldığından əlavə borcun hesabatında Qaydaların 8.32-ci bəndinə istinad edilməsi qeyri-qanunidir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 020339 saylı aktda qüsurlara yol verilmiş, faktı təsdiq edən akt yazılarkan bitərəf olan hal şahidlərinin və abonentin iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, abonentə cərimə borcu həmin akta əsasən yazıldığından borclar əsassız hesab edilərək silinməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh edilən işin hallarına əsasən 23.10.2020-ci il tarixli № 020339 saylı aktda göstərilən qüsura görə abonent məsuliyyət daşımır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının abunə kodundan silinməsini tələb etdiyi məbləğdə, yəni 526.73 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********00746 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 23.10.2020-ci il tarixli 020339 saylı akta əsasən hesablanmış 526,73 (beş yüz iyirmi altı manat 73 qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar