Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2364/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı sahəsi ünvanında yerləşən abonent kodu- **********06310 olan qaz sayğacına əsassız olaraq yazılmış 7257.60 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2010-cu ildən Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı sahəsində 3 sot torpaq sahəsində iddiaçının inşa etdiyi ev faktiki olaraq iddiaçının və ailə üzvlərinin (həyat yoldaşı və 2 azyaşlı uşağı) istifadəsindədir. xx.xx.2017ci ildə iddiaçının müraciəti ilə və vəsaiti hesabına Abşeron Rayon Qaz İstismar Sahəsinin əməkdaşları onun (iddiaçının) evinə qaz xətti çəkmiş, mexaniki qaz sayğacı (sayğac №********) quraşdırmışlar. Həmin evdə abonent kodu **********0631 olan qaz sayğacı cavabdeh X1 tərəfindən qazla təmin olunmaqdadır. İddiaçı tərəfindən qaz sayğacına ödənişlər vaxtaşırı ödənilmişdir. xx.xx.2022-ci ildə Abşeron Rayon Qaz İstismar Sahəsinin əməkdaşları mexaniki qaz sayğacını elektron sayğacla (sayğac № **********156) əvəz etmişlər. 2023-cü ilin aprel ayında iddiaçını Abşeron Rayon Qaz İstismar Sahəsinin əməkdaşları idarəyə çağıraraq iddiaçının borcu olduğunu bildirərək, ona fotoşəkillər və aktlar təqdim etmişlər. Bundan əlavə əməkdaşlar xx.xx.2023-cü il tarixdə iddiaçının həyətində sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə aşkar etmiş və bununla bağlı iddiaçıya 5702.40 manat cərimə və xx.xx.2023-cü il tarixdə isə sayğacın “hesablama mexanizminin plastmas qapağının alt hissəsində deşik” aşkar etmiş, bununla bağlı iddiaçıya 1555.20 manat cərimə tətbiq etmişlər. Cavabdeh İB tərəfindən təsdiq olunan 2 Tələbnamə və “Abonent saldosu” təqdim etmiş, ümumilikdə bu sənədlərə görə iddiaçının 7257.60 manat borcu olduğunu qeyd etmişlər. Aktlarda qeyd edilib ki, iddiaçı imza atmaqdan imtina etmişdir. Lakin iddiaçı və ailə üzvlərinin bu aktlardan xəbəri olmadığından həmin aktların tərtib olunmasında iştirak etməmişlər. Bu məsələ ilə bağlı iddiaçı tərəfindən etiraz bildirildikdə Azəriqaz” İB əməkdaşları öz əməllərinin tasdiqi kimi ona (iddiaçıya) onun evinin fotoşəkillərini göstərmiş, əvəzində isə iddiaçı onlara bu şəkillərin iddiaçının evinin şəkillləri olmadığını bildirmişdir. Qeyri-qanuni borcun silinməsi ilə əlaqədar Abşeron Rayon Qaz İstismar Sahəsininə dəfələrlə şifahi müraciətlər edilsə də, heç bir nəticə verməmiş, iddiaçıya məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı qeyd olunan ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında etmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. İddiaçının həyətimdə sayğacdan kənar qeyri-qanuni qaz xətti olmamış və hazırda da yoxdur. Sayğacda deşik olması barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Qaz İstismar Sahəsinin əməkdaşları mexaniki qaz sayğacını elektron sayğacla (sayğac № **********156) əvəz etsələr də, xx.xx.2023-cü il tarixdə isə iddiaçının sayğacının “hesablama mexanizminin plastmas qapağının alt hissəsində deşik” aşkar etdikləri Akta əsasən təsdiqlədikləri xx.xx.2023-cü il tarixli Tələbnamədə sayğac №10588852 qeyd edilmişdir. Bu da onu deməyə əsas verir ki, Azəriqaz” İB əməkdaşları heç vaxt iddiaçının ünvanında olmadığı halda aktlar tərtib etmişlər. Nəzərə alınmalıdır ki, hazırki sayğac xx.xx.2022-ci il tarixdə Azəriqaz” İB əməkdaşları tərəfindən dəyişdirilmişdir. Artıq aktda qeyd olunan nömrəli sayğac mövcud deyil, aktlar saxtadır. İddiaçı və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. İddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacın iddiaçının faktiki istifadəsində olan həyətyanı sahədə yox, küçədə quraşdırılmış olması iddiaçının sayğacı kənar müdaxilələrdən qorumasını qeyri-mümkün vəziyyətə gətirir. Müdaxilənin iddiaçı və ya ailə üzvləri tərəfindən olunub-olunmaması araşdırılmadan hesablanmış borc qanunsuz və əsassıdır, cavabdehin iddiaçıdan 7257.60 manat tələb etməsi tamamilə qanunsuzdur. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 3 ay ərzində Cavabdeh İB əməkdaşları tərəfindən iddiaçıya qaz sayğacına baxışla bağlı heç bir məlumat verilməmiş, lakin aktlar tərtib olunmuşdur. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, şəxsən nümayəndənin özü Hökməli kəndi, Atyalı qəsəbəsi ünvanında yerləşən iddiaçıya məxsus evinə gedərək qapını döymüş, lakin qapını açan olmamışdır. Bu zaman qeyd olunan evin solundakı qonşu da qapının döyülməsinə baxmayaraq açılmamasına şahid olmuşdur. Bununla bağlı sübut kimi videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmişdir. 2022-ci ilin dekabr ayında qaz sayğacında limit keçilmiş, borc yazılmış, xx.xx.2023-cü il tarixdə qaz sayğacı dəyişdirildikdən sonra iddiaçı tərəfindən əlavə olaraq qoşulan qaz xətləri aşkar edilmişdir. Bu qaz xətləri yerin altından borular vasitəsilə çəkilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster markalı G-4 tipli 10588852 saylı sayğac Zenner markalı G-4 tipli **********156 nömrəli sayğacla əvəz olunmuşdur. -»Azəriqaz» İB-nin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-1449-1 saylı aktından görünür ki, 10588852 saylı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi aşkar olunmuş, nəticədə sayğac yararsız hesab olunmuşdur. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 47520 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, MSK-14-2-2/3-5-1449-1 saylı rəyə əsasən, G-4 markalı 10588852 saylı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 12960 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, boru vasitəsilə qaz xəttinə qoşulma halı müəyyən edilmişdir. -Abonent kodu **********06310 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4T smart tipli, **********156 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), xaricdə istehsal edilən qızdırıcı radiator peçi (1/1). Aktlara əsasən hesablanmış, abonentin 2023-cü ilin fevral ayına aid olan borcu 5702.40 manat, 2023-cü ilin aprel ayına aid olan borcu isə 1555.20 manat olmaqla, cəmi 7257.60 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən, istehlakçıya məxsus yaşayış sahəsinə baxış keçirilən zaman kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 7257,60 manat borc yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü tarixli, ******* saylı aktlarla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan aktlar əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş aktları sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü tarixli, ******* saylı aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və iddiaçının izahataı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü tarixli, ******* saylı aktlara əsasən cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Lakin məhkəmə qeyd edir ki, həmin tələbnamələrdə abonentə qaydalara uyğun olmayan hədsiz çox cərimə hesablanmışdır. Elə ki, abonent saldosundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4T Smart markalı, **********156 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz piltələri (PQ-4)(1/1), xaricdə istehsal olunan qızdırıcı radiator peçi (1/1)istifadə olunur. Tələbnamələrdə isə qənaətli su qızdırıcısının işlədilməsi qeyd olunaraq ona görə də cərimə hesablanmışdır ki, bu isə abonent tərəfindən istifadə olunmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixli tələbnamədə dəymiş ziyan həcmi hesablanarkən gündəlik qaz istehlakı həcmi 360 gün hesablanmışdır ki, bu isə digər tələbnamədə hesablama ilə ziddiyyət təşkil edir və cavabdeh belə hesablamanı hansı qaydalara və əsaslara uyğun olaraq hesablamasını sübut edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü tarixli, ******* saylı aktlara əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə görə (1.2x24x30=864m3, 3.5x24x30=2520m3, 0.8x24x30=576, 864+2520+576=3960, 3960m3x 0.12m=475,2 manat) 475.2 manat, xx.xx.2023-cü il tarixli tələbnaməyə görə (6x24x30=4320m3, 4320m3x0.12m=518.40manat) 518.40 manat hesablamaqla, hər iki tələbnamə üzrə (475.2+518.40=812.16manat) 993,6 manat məbləği ümumi borcdan çıxmaqla (7257.60-993.60= 6264 manat) yerdə qalan 6264 manat pul vəsaitinin abonent İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, tərəflərin izahatlarını və mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı hesab edilməklə qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 6264 manat borc məbləği abonent kodu **********06310 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 82 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 6264 (altı min iki yüz altmış dörd) manat borc abonent kodu **********06310 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 82 (səksən iki) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov