Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2367/2023 03.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 7000 manat pul, “Samsung S22” markalı mobil telefon, 100 manat mediasiya xərci və 500 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zeynalov X2 Fərqanə Murad qızı ilə 2022-ci ildə “Teleqram” proqramı vasitəsilə tanış olmuş, aralarında yaranmış şəxsi münasibətdən sonra cavabdeh iş qurmaq istədiyini bildirmiş, təsisçisi olduğu "xxxx" MMCnin adından iddiaçıdan şifahi borc müqaviləsinə və əlyazmaya əsasən 7000 manat pul vəsaitini karta köçürmək vasitəsi ilə və “Samsung S22” markalı telefonu iddiaçının adına kreditə götürərək almışdır. Hal-hazırda, cavabdeh nə pulu, nə də telefonu geri qaytarmışdır. İddiaçı aidiyyəti üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin heç bir məlumat verilməmişdir. Bu səbəbdən də, iddiaçı pul vəsaitinin məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh əlyazmasında qeyd olunmuş 30000 manat pul vəsaitini ondan götürməmişdir. 5000 manat pul götürmüş, 2000 manat hissə-hissə vermiş, 3000 manatlıq isə telefon götürmüşdür. Cavabdeh sonradan ona 15000 manat pul verəcəyini bildirmiş və onunla əsaslandırmışdır ki, onun özünün də krediti olmuş, cavabdehə pis günündə yardım etmiş, hətta, əlavə pul verəcəyi vədini də vermişdir. Onlar notarial qaydada borc müqaviləsi bağlamaq qərarına gəlmiş, lakin pul vəsaiti həqiqətdə olmadığına görə müqavilənin bağlanması mümkün olmamışdır. Cavabdeh əlyazmanı özü yazmış və həmin əlyazmanı yazmağa o, cavabdehi məcbur etməmiş, cavabdeh imzanı atmış və möhürü özü vurmuşdur. Lakin bununla belə, onun cavabdehin yazdığı miqdarı tələb etmək niyyəti yoxdur. Əsas məqsədi iddia ərizəsində qeyd etdiyi pul borcunun cavabdehdən tutulmasıdır. Belə ki, telefon əşyası, həmin əmlak olmadığı təqdirdə isə pul vəsaitini tələb edir. O, telefona görə aya 360 manat pul vəsaitini kredit olaraq ödəyir. Cavabdeh ona telefonunun köhnə olduğunu bildirmişdir. İddia ərizəsini o, 500 manata yazdırmış və həmin pul da əlavə olmaqla, mediasiya xərcini də cavabdehdən tutulmasını tələb edir. İddia ərizəsinə əlavə etdiyi mədaxil qəbzləri "xxxx" MMC-yə telefona görə ödədiyi kredit vəsaitləridir. Mediasiya xərcinin ödənilməsinə görə pul vəsaitini başqa şəxsə vermiş və pul ödənilmişdir. Əvvəlki məhkəmə iclasından sonra cavabdeh ona hər ay 200 manat pul vəsaitini ödəyəcəyini, sentyabr ayından isə əlavə olaraq pul vəsaitini ödəyəcəyini bildirmişdir. 2000 manat pul vəsaitini o, X1 köçürmüşdür. Həmin şəxs cavabdehin işçisi olmuşdur. 900 manat və 2000 manat pul vəsaitini isə bankamatdan çıxarıb vermişdir. Karta 300 manat pul köçürmüş, 600 manatı isə evin kirayə haqqı olaraq ödəmişdir. Belə ki, “20 Yanvar” metrostansiyası tərəfdə kafe açılmaqla o da pul vəsaiti olaraq yardım etmişdir. O, polisə telefon əşyasına görə müraciət etmiş, lakin ona könüllü şəkildə başqa şəxsə verdiyi bildirilməklə müraciətindən imtina edilmişdir. O, kredit vermiş və faizlərlə birlikdə təxminən 15000 manat pul vəsaiti hesablanır. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində işlədiyini, yüksək gəlir əldə etdiyini və hətta güvəndiyinə görə 15000 manat verə biləcəyini bildirmiş, həmin məzmundə qəbz yazmış, o da etiraz etməmişdir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı tanıyır və onun iddiaçı ilə arasında işgüzar münasibəti olmamışdır. Yəni, işgüzar münasibəti olsa da alınmamışdır. Belə ki, iddiaçı telefon əşyası götürmüş, lakin həmin əşya hazırda, onda deyil. Evdən onun möhürü yox olmuş və iddiaçı onu şantaj etmişdir. İddiaçı telefonu özü iş qurmaq məqsədi ilə almış, satmış və həmin pula o, iki ədəd soyuducu almışdır. Belə ki, telefonun pulu ona verilmişdir. Telefon əşyasının satışından 1130 manat pul vəsaiti verilmişdir. İddia ərizəsində qeyd olunmuş 7000 manat pul vəsaitindən söhbət gedə bilməz. Belə ki, 5000 manat pul vəsaitini o, 3000 manat pul vəsaitini isə iddiaçı özü qoymuşdur. 5000 manat pul vəsaitini o, hissə-hissə karta köçürmüş, həmin kartı iddiaçı ona açdırmaqla vermişdir. İddiaçının qeyd etdiyi 3000 manat və 2000 manat pul vəsaitlərini qəbul edir və həmin pulları ödəmişdir. Qalan 2000 manat pul vəsaiti ilə bağlı qeyd edir ki, iş alınmamış, xərclər və yer pulu ödənilmişdir. Xərclərlə bağlı o, ödəniş qəbzi təqdim edə bilər. O, iddiaçıdan 5000 manat pul vəsaitindən savayı pul götürməmişdir. O, iddiaçıya gəlir əldə edəcəyi təqdirdə telefonun pulunu ödəyəcəyini bildirmişdir. Soyuducunu o, özü almış, dəfələrlə iddiaçıya həmin əşyanı gəlib götürməsini təklif etmiş, lakin iddiaçı onun dediyi vaxtda gətirməsini demiş, nəticədə o, başqa şəxsə əşyanı dəyər-dəyməz qiymətinə satmışdır. 5000 manat pul vəsaitindən arada müəyyən miqdarda pul ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş yazılı qəbzi o, guya özü yazmış, lakin həmin məbləğdə yazmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbləri ilə bağlı münasibətini, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ümumilikdə, cəmi 1472 manat pul vəsaiti ödəmişdir. -"xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ümumilikdə, cəmi 13873.95 manat pul vəsaiti ödəmişdir. -Cavabdeh tərəfindən tərtib edilməklə imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 30000 manat pul borcludur, bu pulun yarısını 15000 manat hissəsini xx.xx.2022-ci il tarixədək, qalan hissəsini isə xx.xx.2022-ci il tarixdə verəcəkdir. Göstərilənləri heç bir təsir altında olmadan öz istəyi ilə yazmış və imzası və möhürü ilə təsdiq etmişdir. -"xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı kreditə görə 186 manat, 189 manat, 188.7 manat və 189.7 manat pul vəsaiti ödəmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Qubadlı rayonu, Dondarlı ərazi dairəsi, Dondarlı kəndində, Cavabdeh isə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin, 15 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş yazılı qəbz əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında iş qurmaq niyyəti ilə borc hüquq münasibətlərindən irəli gələn münasibətlər yaranmış və iddiaçı hazırda, onun cavabdehə borc şəklində verdiyi 7000 manat və telefon əşyasının məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin borcu qaytarmaq şərtilə götürməsinə baxmayaraq, qeyd olunan borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. İlkin olaraq, iddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçı iddia ərizəsində cavabdehdən ümumilikdə, 7000 manat borcun və “Samsung S22” telefon əşyasının verilməsini xahiş etmişdir. Belə ki, tərəflər arasında biznes qurmaq niyyəti ilə borc hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 3000 manat, 2000 manat (iki dəfə) pul vəsaiti vermiş və iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda borcun verilməsi cavabdeh tərəfindən inkar edilməmişdir. Mülki Prosessual Məcəllənin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, mülki iş materiallarına əlavə olunmuş, cavabdehin etirafı əsasında da yazılmış, 30000 manat pul borcunun olmasını təsdiq edən yazılı qəbz əsasında cavabdehin iddiaçıya olan borcunun olması öz təsdiqini tapır. Bununla belə, cavabdeh 30000 manat pul vəsaitinin olduğunu inkar etsə də, yazılı qəbzin onun tərəfindən yazıldığını təsdiq etmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında verdiyi izahat əsasında cavabdehin yazılı qəbzdə qeyd etdiyi məbləği deyil, iddia ərizəsində tələb etdiyi 7000 manat pul vəsaitinin tutulmasını xahiş etdiyindən və 7000 manat məbləğində pul vəsaitinin verilməsi cavabdehin izahatı ilə təsdiq olunduğundan məhkəmə cavabdehin qismən etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən iddia tələbləri qismən təmin edilməklə Cavabdeh 7000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində əsaslı hesab edilməklə təmin edilir. Belə ki, Cavabdeh tərəfindən əlyazma formasında yazılıb imzalanmaqla iddiaçıya verdiyi qəbz etiraf xarakterli qəbul edilməklə həmin qəbz işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur, ona görə də etiraf kimi qəbul olunmalıdır. İddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçı iddia ərizəsində qiymətini 3000 manat olmaqla qeyd etdiyi “Samsung S22” markalı mobil telefonun cavabdehdən alınmaqla ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, ilkin olaraq, iddiaçı həmin mobil telefon əşyasını könüllü şəkildə cavabdehə verdiyini izahatında bildirmiş, lakin bununla belə, həmin əşyanın verildiyini və cavabdeh tərəfindən qaytarılmamasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzləri isə həmin markalı telefon əşyasının alınmasına dair mötəbər sübut kimi qəbul edilə bilməz. Halbuki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi olduğu halda iddia ərizəsini həmin hissədə sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi həmin hissədə əsaslı hesab edilməməklə təmin edilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. İddia ərizəsindən eyni zamanda, müəyyən olunur ki, iddiaçı hüquqi yardıma görə ödədiyi 500 manat pul vəsaitinin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin pul vəsaitinin iddia ərizəsinin yazılmasına görə ödədiyini bildirsə də iddia tələbini həmin hissədə də sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi qeyd olunan hissədə əsaslı hesab edilməməklə təmin edilmir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 90 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 90 (doxsan) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov