Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1052/2024 10.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı (sonuncu məhkəmə iclasına gəlməmişdir), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Maarif Abbasov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
2. Həmin qərardan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq yaşayış massivi, ünvansız fərdi yaşayış evində yaşayan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə DİNnin “102” xidmətinə zəng vuraraq və Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə yaşadığı Saray qəsəbəsində yerləşən evində atası İddiaçı tərəfindən hədələnməsi barədə məlumat vermiş və həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 bu barədə DİN-nin “102” xidmətinə verdiyi məlumat daxil olmuşdur. İzahatı alınmış Cavabdeh2, şikayət etdiyi İddiaçı onun doğma atası olması barədə məlumat vermişdir. Bir müddətdir ki, atası Əzimulla ilə münasibətlərinin normal olmaması buna səbəb atasının əvvəllər və xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində onların yaşadığı evə gələrək anasının sağlığında ona verdiyi qızıl zinət əşyalarını və özünün hədiyyə olaraq verdiyi əşyaların pulunu ondan tələb etməsi olduğunu və buna görə də atası ilə aralarında münaqişə yaranması həmin vaxt atası Əzimullanm stulu pəncərəyə çırparaq onu hədələməsi barədə məlumat vermişdir. Material üzrə izahatı alınmış İddiaçı qızı Cavabdeh2 onun barəsində etdiyi şikayətlə tanış olduğunu bildirmişdir. Qızı Rəqsanə ilə kürəkəni Anarın 2008-ci ildə ailə qurduqlarını və əvvəllər onlarla münasibətlərinin normal olduğunu qeyd etmişdir. Bir müddətdir ki, onlara verdiyi qızıl zinət əşyalarını və və aldığı mebellərin pulu olan 10000 manat pulu geri tələb etsə də, onların qeyd olunanları geri qaytarmadıqları üçün aralarında tez-tez mübahisələr yarandığını qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə onların yaşadıqları Saray qəsəbəsində yerləşən evə gəldiyini yenə də onlarla aralarında mübahisə yarandığını, heç kimə qarşı fiziki zor tətbiq etmədiyini və heç kimi hədələmədiyini lakin, Anarın münaqişə yaranması barədə DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat verdiyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 (on min) manat pulun və ümumi dəyəri 3500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5600 manat ola sep və sepin üzərində olan quran qabının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 onun qızı, Cavabdeh1 isə onun kürəkənidir. Onlar 2009-cu ilin mart ayında rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Qeyd edir ki, 2009-cu ildə onlar ailə həyatı qurarkən elinin adətənələrinə uyğun olaraq qızına hədiyyə olaraq cehiz əşyaları alaraq onların nikaha girdikləri vaxt Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu, Aİbalılıq bağ massivlərində yerləşən mənzilinə yığmışdır. 2021-ci ilin əvvələrində cavabdehlər Abşeron rayonu Saray qəsəbəsində torpaq sahəsi alaraq özləri üçün fərdi yaşayış evi tikməyə başladılar. Onlar 2023-cü ilin əvvələrdində evi tikib tam aldıqdan sonra evin içinə lazım olan məişət əşyaları almaq üçün 3 ay müddətinə qaytarmaq şərti ilə ondan 10000 (on min) manat borc pul istədilər. O da onların səmimiyyətinə inanıb 2023-cü iyun ayında, 3 ay müddətinə qaytarmaq şərti ilə onlara 10000 (on min) manat borc pul verdi. Onlar həmin borcu sentyabr ayının sonunadək qaytacaqlarını bildirsələr də, lakin ona olan borclarını qaytarmaq istəmirlər. Dəfəlrlə onlarla görüşüb onlardan pulunu tələb etmiş, amma buna baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Onu da qeyd edir ki, həyat yoldaşı X1 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün o, 2022-ci ilin oktyabr ayında rəhmətə getmişdir. Həyat yoldaşına məxsus ümimi dəyəri 3500 manat olan komplekt sep, sırğa, üzük və sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5600 manat ola sep və sepin üzərində olan quran qabı qızıllarını evdən götürərək müvəqqəti saxlanması üçün cavabdeh qızı Rəqsanəyə vermişdir. Onun qızılları da ona məxsus olduğundan qızılları da onlardan tələb etdi, lakin onlar həmin qızılları da ona qaytarmaqdan imtina etdilər. xx.xx.2023-cü il tarixdə onların Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə gedib borcunu və qızlları onlardan tələb edərkən onun barəsində Azərbaycan Respublikası DİN 102 qaynar xəttinə zəng edərək onlarla mübahisə etdiyini bildirmişlər. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı poİis mayoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə toplanmış materiallar üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh qızı və onun həyat yoldaşı tərəfindən verilmiş olduqları izahatlarında həmin qızılların və 10000 manat pulun onlara verildiyini, lakin həmin pulun və qızılların hədiyyə olaraq onlara verdiyini bildirmişlər. Bir daha qeyd edir ki, onlara verdiyi 10000 ( on min) manat pul və göstərilən qızıl zinət əşyaları onlara hədiyyə edilməmişdir. Həmin pulu onlar yeni tikdirdikləri evə məişət əşyaları almaq üçün borc almış, qızıl zinət əşyalarını isə həyat yoldaşı rəhmətə getdiyi üçün müvvəqqəti saxlanması səbəbi ilə qızı Cavabdeh2 vermişdir. Göründüyü kimi cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, pulunu, qızıllarını ona geri qaytarmaq istəmirlər.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıys aid edilməsi qət edilmişdir (hakim Sevinc Quliyeva).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.3, 389.1, 442, 739, 740, 385.1, 386.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsini ləğv edib iddia ərizəsini təmin edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 (on min) manat pulun və ümumi dəyəri 3500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5600 manat olan sep və sepin üzərində olan quran qabının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehlərin mövqeyindən çıxış edərək, verdiyi izahatı qəbul etməyərək, onun tərəfindən təqdim edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanunazidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq birtərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız cavabdeh tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsullarıilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə vətərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
9. Qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə onun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır.
10. Bir daha qeyd edir ki, cavabdehlərə verdiyi 10000 ( on min) manat pul və göstərilən qızıl zinət əşyaları onlara hədiyyə edilməmişdir. Həmin pulu onlar yeni tikdirdikləri evə məişət əşyaları almaq üçün borc kimi verilmiş qızıl-zinət əşyaları isə həyat yoldaşı dünyasını dəyişdiyi üçün onun yas mərasimi ilə əlaqədar, bu müddət ərzində evə gələn şəxslər həmin qızılları götürməsin deyə Cavabdeh2 saxlaması, yas mərasimi bitdikdən sonra qızılları ona geri qaytarması üçün verilmişdir. Göründüyü kimi cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, pulu və qızılları geri qaytarmaq istəmirlər.
11. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı poİis mayoru X2 tərəfindən araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə toplanmış materiallar üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan göründüyü cavabdehlər özləridə etiraf edir ki, o onlara 10000 manat pul vermişdir, amma buna baxmayaraq həmin pulu guya onlar yeni aldıqları evə cehiz alsın deyə hədiyyə vermişdir. O həmin pulu onlara yeni evlərinə cehiz almaq üçün hədiyyə kimi verməyi cavabdehlər tərəfindən borcu qaytarmamaq üçün uydurulmuş əsasdır, çünki el adət ənənəsinə uyğun olaraq onlara hədiyyə şəkilində verdiyi cehizləri 2008-ci il tarixdə onlar ailə həyatı qurarkən artıq valideyn olaraq tərəfindən verilmişdir.
12. İşə baxan birinci inistansiya məhkəməsi qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində onun subyektiv hüququnun olmamasını onunla əsaslandırır ki, iş materiallarında onun tərəfindən təqdim edilmiş fotoşəkillərdən də görünür ki, mübahisə predmeti olan qızıl zinət əşyaları onun mərhum arvadına, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmuşdur, həmin qızıl-zinət əşyalarının mərhum arvadı tərəfindən sağlığında qızına hədiyyə verilib-verilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Qeyd edir ki, məhkəməyə təqdim edilmiş qızıl-zinət əşyaları mərhum həyat yoldaşı sağ ikən onun üzərində olmuşdur, həmin qızıl-zinət əşyalarını əks etdirən fotoşəkillər onun tərəfindən məhkəməyə təqdim edilmişdir. İdda tələbini də qızıl-zinət əşyalarının cavabdehdə saxlanması hissəsinə münasibətdə bildirmişdir ki, həmin qızıllar həyat yoldaşı rəhmətə getdiyi gün öz evində saxlamaq üçün onun tərəfindən qızı Cavabdeh2 verilmişdir. Qızılların hal-hazırda həqiqətən də Cavabdeh2 olması özünün etirafedici ifadəsi ilə də təqsdiq olunur. Lakin o qızıl-zinət əşyaları ona mərhum anası sağikən hədiyyə verdiyini sübuta yetirə bilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və Cavabdeh2 hər biri ayrıayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
30. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. İşin hallarından görünür ki, İddiaçı cavabdehlər kürəkəni olan Cavabdeh1 və qızı olan Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10000 manat pulun və qızıl zinət əşyaların alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Kollegiya əvvəla iddianın qızıl-zinət əşyaların qaytarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olması. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
40. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı fərdi-müəyyən əşya olan əmlakın – qızıl zinət əşyaların ona məxsus olmasını, qeyd edilən əşyalarının cavabdehin qeyri-qanuni sahibliyində olmasını tam sübuta yetirə bilməmişdir.
41. Kollegiya iddianın pul tələbinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
42. Məhkəmə araşdırmaları zamanı iddiaçı 10000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini göstərsə də, buna dair nə birinci instansiya nə apellyasiya icraatı zamanı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının izahatı iddianın təmin edilməsi üçün yetərli olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı pul hissəsində təmin etməmişdir.
43. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
44. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
46. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara və mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
47. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
49. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.