Məhkəmə qərarları › İş №2(012)-2394/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2394/2024

07.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2394/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı « təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin (VÖEN: **********) 17 iyun 2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariusunda bağlanmış təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və cərimələrin əvvəlki təsisçiyə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək, ailə vəziyyəti və səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC 17 iyun 2023-cü il tarixdə həmin MMC-nin təsisçisi və direktoru X1 tərəfindən ona 100 manat dəyərində qiymətləndirilərək satılmışdır. Daha sonra məlum olmuşdur ki, həmin MMC-nin Abşeron Rayon İcra şöbəsində borcu yaranmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamələr çıxarılmış və icra orqanına yönəldilmişdir. Həmçinin o, məhkəmədə sözügedən MMC ilə bağlı işlərin olması, iclasların yeri və vaxtı barədə məlumatlandırılmamışdır. Bu səbəbdən hesab edir ki, onun xəbəri olmadan, heç bir əməliyyat aparmadan bu faktları MMC-nin əvvəlki rəhbərliyi törətmişdir. Ona görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, MMC-yə yaradılmış ödəniş məbləğlərinin MMC-nin özünə aid edilməsi və əvvəlki təsisçinin cavabdehlik daşıması zərurəti vardır. Hesab edir ki, 19 saylı Notariat ofisində bağlanmış təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və MMC-yə yaranmış hər hansı bir xoşagəlməz halın, cərimənin cavabdehin üzərinə qoyulması zərurəti vardır. Qarşı tərəf notariusa gəlməmiş, ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh "xxxx" MMC Abşeron rayonu ərazisində yerləşdiyindən o, Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, o, hazırki mülki işin aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı « təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbinin faktiki hallarından görünür ki, iddianın predmeti sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər arasında olan korporativ tələblərlə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarında eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.6-ci maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 32, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün ərzində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar