Məhkəmə qərarları › İş №2(012)-24/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-24/2024

27.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-24/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülərək mühafizə zonasından kənarlaşdırılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC cavabdeh X6 qarşı cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülərək mühafizə zonasından kənarlaşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 10-cu blok post mənzilinin 2638 km pk 2-də tək yolun sağ tərəfində dəmir yolunun 7 metrliyində inşa edilmiş qanunsuz tikilinin cavabdeh X3 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin balansında olan Xırdalan- 10-cu blok post mənzilinin 2638 km pk2-də tək yolun sağ tərəfində X7 tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonası 26 metr təşkil etdiyi halda, X7 tərəfindən dəmir yolundan 7 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuş və qanunsuz tikili tamamilə sökülmüşdür. Buna baxmayaraq cavabdeh öz niyyətindən əl çəkməmiş və iş günlərində əraziyə nəzarət olduğunu görüb, qeyri-iş günlərində təkrar tikinti işləri aparmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, X3 xx.xx.1995-ci il tarixdə Qobustan rayonu, Çalov kəndində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatda olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İştirak etdikləri məhkəmə iclasında iddiaçının nümayəndələri X1, X4 və X5 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" QSC-nin balansında olan Xırdalan-10-cu blok post mənzilinin 2638 km pk2-də tək yolun sağ tərəfində X7 tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8512 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 10-cu blok post mənzilinin 2638 km pk2-də tək yolun sağ tərəfində mövcud olan və baxış zamanı təqdim olunmuş tikililərin dəmir yolu xəttindən 8,3 metr və 7,6 metr aralıda yerləşdiyini nəzərə alaraq, həmin tikililərin dəmir yolunun 26 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda hazırki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi işin digər materialları ilə uyğunluq təşkil edir və məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən dəmir yolunun mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”'nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmiryolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, №695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı "xxxx" QSC-nin balansında olan dəmir yolu xəttinin mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə Cəmiyyətin subyektiv hüququ mübahisəolunmazdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 10-cu blok post mənzilinin 2638 km pk2-də tək yolun sağ tərəfində Cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti Cəmiyyətin istismarında olan dəmiryolu xəttinin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Hazırki iş üzrə cavabdeh nəinki lazımi icazələr almadan, üstəlik şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikililər inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia təmin edilməli, "xxxx" QSC-nin balansında olan Abşeron rayonu, Xırdalan şəhəri, 10-cu blok post mənzilinin 2638 km pk2-də tək yolun sağ tərəfində, dəmir yolunun mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikililər onun hesabına sökülərək ərazidən çıxarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, 50 manat ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" QSC-nin balansında olan Abşeron rayonu, Xırdalan şəhəri, 10-cu blok post mənzilinin 2638 km pk2-də tək yolun sağ tərəfində, dəmir yolunun mühafizə zonasında (dəmir yolu xəttindən 8,3 metr və 7,6 metr aralıda) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-nin bank hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar