Məhkəmə qərarları › İş №2(012)-2420/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2420/2020

14.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2420/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “əqdin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə onun arasında bağlanan x xxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üçün ödənilmiş olan 36400 manat pul vəsaitinin, 20000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, 2015-ci il tarixdə Abşeron rayon bələdiyyə işçisi İsmayılov Rahibin vasitəçiliyi ilə Abşeron rayon Məmmədli kənd bələdiyyə sədri X4 kəndi ərazisindən 36400 (otuz altı min dörd yüz) manata 0.13 ha (13 sot) torpaq sahəsi almışdır. O, torpağı alarkən Rahib adlı şəxs ona torpaq sahəsini göstərib bildirmişdir ki, həmin torpaq sahəsi Məmmədov Xəyaləddinə məxsusdur və onun təkidi ilə Məmmədov Xəyaləddinlə təklif olunan torpaq sahəsinin qiyməti və təyinatı ilə bağlı məsələləri aydınlaşdırmaq üçün üçü bir yerdə görüşüb həmin torpaq sahəsinin yanında sövdələşmişlər. Sövdələşmə zamanı cavabdeh hər bir sot torpaq sahəsi üçün 2800 (iki min səkkiz yüz) manat olmaqla 0.13 ha torpaq sahəsi üçün ümumilikdə 36400 (otuz altı min dörd yüz) manat pul məbləği qarşılığında ona fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsini göstərmişdir. O, Abşeron rayon Xırdalan şəhər 1 saylı notariat kontorunda Rahib və Xəyaləddinlə görüşərək x xxxx 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamışlar. 1 nömrəli notariat kontorunda alqı-satqı etdikdən sonra o, İsmayılov Rahibin yanında Məmmədov Xəyaləddinə 36400 (otuz altı min dörd yüz) manat pul vermişdir. Alqı-satqıdan sonra çıxarış alan zaman ona məlum olmuşdur ki, Məmmədov Xəyaləddin onun etibarından sui-istifadə edərək aldatma yolu ilə ona qarşı dələduzluq etmişdir. Belə ki, koordinatların dəqiqləşdirilməsi zamanı ona məlum olmuşdur ki, Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşmür və sənəd üzərində əks olunun koordinatlar tamamilə gölün içinə düşür, həmçinin əkin təyinatlı olmaqla Dövlət Neft şirkətinin mühafizə olunan ərazisinə təsadüf edir. Aralarında olan razılaşmaya əsasən Xəyaləddin Məmmədov 36400 manat pul müqabilində ona 0.13 ha fərdi ev tikintisi üçün yararlı olan torpaq sahəsi verməli idi. Xəyaləddin onun torpaqa dair sənədlərindən anlayışı olmadığını, onun inam və etibarından sui-istifadə edərək onu aldatmış, tikinti üçün yararlı torpaq sahəsini göstərmiş, faktiki olaraq isə göl olan ərazini satmışdır. Məmmədov Xəyaləddinin onu aldatdığını öyrəndikdə artıq gec idi. Bundan sonra Xəyaləddin və Rahiblə görüşüb məsələni aydınlaşdırılması və həll edilməsi üçün dəfələrlə cəhd etsə də Xəyaləddinin hər səfərində onu aldadaraq vəd verməsindən başqa heç nəyə nail ola bilməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona təxminən 36400 manat məbləğində maddi zərər dəymişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, alqı-satqı müqaviləsində adları sadalanan şəxslərin şikayətlərinə əsasən AR Baş Prokurorluq yanında X9 Baş İdarəsinin İstintaq idarəsində X15 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq edilərək baxılması ücün məhkəməyə göndərilmişdir. Həmin cinayət işində onun kimi pul verərək aldadılmış X17, X3 və X11 zərər çəkmiş şəxs olaraq tanınmışlar. Məmmədli kənd bələdiyyəsində torpağa nəzarət müfəttişi vəzifəsində işləmiş X13 etdiyi əməllərə görə məsuliyyətə cəlb edildiyi halda, hansısa səbəbdən Məmmədli bələdiyyənin sosial daimi komissiyasının sədri işləmiş Məmmədov Xəvaləddin məsuliyyətdən kənarda qalması heç bir məntiqə sığmır. Bununla bağlı o, müxtəlif vaxtlarda, müxtəlif instansiyalara şikayət etmişdir. Sonuncu şikayəti Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baxılaraq xx.xx.2020-ci il tarixli 215-15517 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, eyni məzmunlu şikayət əsasında Abşeron Rayon Polis idarəsinin istintaq şöbəsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmaması əsası ilə AR CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və həmin məktub onun elektron ünvanına xx.xx.2020-ci il tarixində daxil olmuşdur. Hesab edir ki, müqavilə aldatma yolu ilə bağlandığından məhkəmə qaydasında etibarsız hesab edilməli və mülki qanunvericiliyin etibarsızlıqla bağlı müddəaları tətbiq edilməlidir Müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi onu deməyə əsas verir ki, iddia üzrə cavabdeh alqı-satqı müqaviləsini rəsmiləşdirən zaman onu aldatmış və bu yolla müqavilənin bağlanmasına nail olmuşdur. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, ev alqı-satqısı ilə məşğuldur. 2015-ci il tarixdə İddiaçı torpaq sahəsi almaq istədiyini bildirmişdir. Onda olan məlumata görə Cavabdeh boş torpaq sahəsi var idi və Cavabdeh torpağı hissələrə bölərək satırmış. Buna əsasən, o, iddiaçıya Məmmədli kəndi ərazisində boş torpaq sahəsi olduğunu demiş və torpağa baxış keçirildikdən sonra torpağın hər sotu 2800 manat olmaqla 13 sot torpağa 36400 manata razılaşmışlar. Torpaq alqı-satıqısı üçün notariusa getdikdə Xəyalətdin onlara müqavilənin qiyməti 5000 manatdan çox olduqda banka pul qoyulmalı olduğunu demişdir, bu səbəbdən də müqavilədə torpağın dəyərini az göstərmişlər. Alqı-satqı müqaviləsi bağlanan zaman fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsini göstərilmiş,əslində isə Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 İddiaçı həyat yoldaşının dostudur. İddiaçı həyat yoldaşı 2007-ci il tarixdə rəhmətə getdikdən sonra iddiaçını hər yerə o aparmış, 2015-ci ildə Bahar torpaq almaq istədiyi ona bildirdikdə, o, Məmmədli kənd ərazisində torpaq axtarmağa başlamışdır.O Cavabdeh torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, Xəyalətdin ona torpaq sahəsini göstərdikdən sonra 13 sot torpağa 36.400 manata razılaşmışlar. Belə ki, ilkin olaraq 3400 manat notariusda ödəniş olunmuş, qalan məbləği isə daha sonra cavabdehə əlbəəl verilmişdir. Lakin torpağı aldıqdan bir neçə ay sonra hasar çəkmək istəyəndə Bahara satılan torpağın başqa şəxsə aid olduğu məlum olmuşdur. Belə ki, çıxarışla iddiaçıya satılan torpaq sahəsinin 7 sotu SOCAR-ın neft borusunun mühafizə zonasına, digər 4 sotu isə gölün içərisinə düşmüşdür. Bu səbəbdən də torpaq sahəsindən Bahar istifadə edə bilməmişdir. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 ilə alıcılar İddiaçı, X18, X12 və X8 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.6 ha torpaq sahəsinin 0.13 ha hissəsini 3900 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında sahəsi 0.13 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı həqiqətən İddiaçı iddia ərizəsində göstərdiyi və məhkəmədə verdiyi izahatındakı işin faktiki halları təstiqini tapır.İşin faktiki hallarından görünür ki, Abşeron rayon Xırdalan şəhər 1 saylı notariat kontorunda İddiaçı ilə X5 arasında x xxxx 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlanmış, həmin müqaviləyə əsasən X10 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.13 ha torpaq sahəsini 3900 manata İddiaçı satmış,əslində isə qeyd olunan torpaq sahəsi üçün İddiaçı Xəyaləddin Məmmədov hər bir sot torpaq sahəsi üçün 2800 (iki min səkkiz yüz) manat olmaqla 0.13 ha torpaq sahəsi üçün ümumilikdə 36400 (otuz altı min dörd yüz) manat pul almış, alqı-satqı müqaviləsi bağlanan zaman fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsi göstərilmiş,əslində isə Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşməmişdir. Göstərilən bu xüsusatlar məhkəmədə İddiaçı izahatından başqa məhkəmədə şahid qismində dindirilən X15 və şahidi X6 ifadələri ilə də təstiqini tapır.Lakin,bu hallların baş verməsindən beş ildən çox bir müddət keçdiyindən məhkəmə İddiaçı ilə X5 arasında x xxxx 2015ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasını mülki qanunvericiliyin tələbləri baxından mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində Etibarsız əqdlər üzrə müddətlər göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericilik alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il müddət müəyyən etmiş və iddiaçı da bu halllardan məlumatlı olmuşdur.Ona görə də məhkəmə məhz müddətin keçməsi ilə bağlı iddianın rədd edilməsi nəticəsinə gəlir və hesab edir ki,iddia ərizəsində göstərilən digər tələblər iddianın tələbinin bilavasitə alqı-satqı hissəsi ilə bağlı olduğundan iddia tələbi digər hissələrdə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 qarşı cavabdeh X5 ilə onun arasında bağlanan x xxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üçün ödənilmiş olan 36400 manat pul vəsaitinin, 20000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar