Məhkəmə qərarları › İş №2(012)-2457/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2457/2025

04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2457/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın qaytarılması və pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan “Opel Astra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq tam yararlı vəziyyətdə alınaraq ona qaytarılması, maşın olmadıqda maşının dəyəri kimi 9000 manat məbləğində pulun, 6050 (3800+2250) manat məbləğində maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, “Opel Astra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına nəqliyyat vasitəsinin şəhadətnaməsi verilmişdir. Cavabdeh onun tanışıdır, xx.xx.2024cü il tarixdə cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən o, mülkiyyətində olan maşını cavabdehin istifadəsinə verməyi, cavabdeh də həmin maşından istifadə etməklə ona hər gün üçün 25 manat məbləğində icarə haqqı kimi vəsait ödəməyi, maşına baxıb qulluq etməyi, qaytardıqda isə ondan təhvil aldığı işlək vəziyyətdə ona qaytarması barədə öhdəlik götürmüşdür. O, cavabdehə inanaraq xx.xx.2024-cü ildə nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında 2 illik etibarnamə vermişdir. Lakin cavabdeh bir müddət həmin maşını istismar edərək ona vəsait ödəsə də sonradan bu vəsaiti verməkdən yayınmış, istifadəyə tam yararlı olmuş maşını yararsız hala salmış, maşın cavabdehin istifadəsində olduğu müddətdə dəfələrlə yol hərəkəti qaydalarının pozuntusuna yol verməklə cavabdehin barəsində inzibati qaydada cəzalanmaya dair qərarlar qəbul edilmiş və ümumilikdə, 3800 manat məbləğində cərimə edilmişdir ki, həmin cərimələr də sistemdə ona məxsus maşının üstünə yazılmışdır. O, cavabdehdən maşını ondan təhvil aldığı vəziyyətdə ona qaytarmasını bildirdikdə cavabdeh onun sözlərinə məhəl qoymayaraq maşınını əvvəlki vəziyyətdə, istifadəyə yararlı halda ona qaytarmamış, cavabdehin təqsiri üzündən yazılan cərimələri ödəməmişdir. Cavabdehin təqsiri üzündən ona böyük məbləğdə maddi ziyan dəymişdir, belə ki, cavabdehin təqsiri üzündən istifadəyə yararsız hala düşmüş maşının real bazar dəyəri 9000 manat təşkil edir, cavabdeh xx.xx.2024-cü il tarixdən ona ödəməli olduğu gündəlik 25 manat vəsaiti ödəməmiş və bu da 2250 manat təşkil edir. Cavabdehin təqsiri üzündən həmin maşını idarə edərkən 3800 manat cərimə yazılmışdır ki, bu məbləğ də cavabdeh tərəfindən ona ödənilməlidir. Məlumat üçün bildirir ki, cavabdeh İddiaçı içkili vəziyyətdə maşını idarə etmiş, polis tərəfindən saxlanılmış və cərimə olunmuşdur, həmçinin cavabdehin sürücülük hüququ məhdudlaşdırılmışdır. Onun cavabdeh barəsində yazılmış cərimələri ödəyib yenidən pul tələbi irəli sürməyə maddi imkanı yoxdur. “Opel Astra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona təhvil verilmişdir. Lakin maşın ona təhvil verilərkən cavabdeh gəlməmişdir. Qeyd edir ki, maşında bəzi detallar çatmır. Hazırda rəsmi olmasa da qeyri-rəsmi olaraq onunla cavabdeh arasında müqavilə bağlanmışdır. Cavabdehin gündəlik kirayə haqqı olaraq ona 25 manat verəcəyi ilə bağlı öhdəlik götürməsi faktını təsdiq edən səs yazıları vardır. Həmçinin məhkəmə iclasında cavabdeh özü də maşını kirayə götürdüyünü, bunun müqabilində ona günlük ödəniş edəcəyi ilə bağlı öhdəlik götürdüyünü etiraf etmişdir. Artıq 6 aydan çoxdur ki, o, avtomobilini idarə edə bilmir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, maşının GPRS-dən ayrıldığı vaxtdan o, maşını idarə edə bilməmişdir və maşını qaytarmaq istəyir. Onun barəsində 2800 manat cərimə yazılmışdır və qeyd edilən cərimə məbləğindən 420 manat ödəniş etmişdir. O, maşının akkumulyatorunu oğurlamasınlar deyə maşından ayırmışdır. Qeyd edir ki, o, maşını iddiaçıya verməkdən imtina etmir. Daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Sumqayıt RQİ və TBŞ tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra minik” markalı, **-DP- *** dövlət qeydiyyat nömrəli avtomaşın xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı şəxsi kartoçkasından görünür ki, “Opel Astra minik” markalı, **-DP-*** dövlət qeydiyyat nömrəli avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Ağsu rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7E-12805 reyestr nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Opel Astra minik” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı (mühərikin № 1781467, BAN № W0L0AHL**********; qeydiyyat şəhadətnaməsi seriya və № - BD350216, verilmə tarixi – xx.xx.2023-cü il, verən orqanın adı - Sumqayıt RQİ və TBŞ) avtomobili etibarnamə əsasında xx.xx.2026-cı il tarixədək Cavabdeh vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində onun mülkiyyətində olan və şifahi razılaşmaya əsasən cavabdehin istifadəsinə verdiyi “Opel Astra minik” markalı, **-DP-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə cavabdeh tərəfindən ona icarə haqqının ödənilmədiyini, həmçinin maşının ondan təhvil aldığı vəziyyətdə ona qaytarmasını cavabdehdən xahiş etməsinə baxmayaraq cavabdehin onun sözlərinə məhəl qoymadığını, maşını əvvəlki vəziyyətdə, istifadəyə yararlı halda ona qaytarılmadığını, cavabdehin təqsiri üzündən yazılan cərimələri ödəmədiyini və cavabdeh tərəfindən ona böyük məbləğdə maddi ziyan dəydiyini bildirərək, Cavabdeh ona məxsus olan “Opel Astra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq tam yararlı vəziyyətdə alınaraq ona qaytarılması, maşın olmadıqda maşının dəyəri kimi 9000 manat məbləğində pulun, 6050 (3800+2250) manat məbləğində maddi ziyanın alınaraq ona ödənilməsini xahiş etmiş və iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 152, 157-ci, 385-ci, 405-ci, 439-cu, 443-cü, 1096-cı, 1097-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanUnivericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Lakin iddiaçı iddia tələbində Cavabdeh ona məxsus olan “Opel Astra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq tam yararlı vəziyyətdə alınaraq ona qaytarılmasını xahiş etsə də məhkəmə iclasında iddiaçı mülkiyyətində olan sözügedən avtomobilin ona təhvil verildiyini bildirmişdir. Həmçinin iddia tələbinin iddiaçıya məxsus olan “Opel Astra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil olmadığı halda maşının dəyəri kimi 9000 manat məbləğində pulun, 6050 (3800+2250) manat məbləğində maddi ziyanın alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddianın əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus olan “Opel Astra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq tam yararlı vəziyyətdə alınaraq ona qaytarılması, maşın olmadıqda maşının dəyəri kimi 9000 manat məbləğində pulun, 6050 (3800+2250) manat məbləğində maddi ziyanın alınaraq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar