Məhkəmə qərarları › İş №2(012)-2461/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2461/2025

29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2461/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********05444 olan işıq sayğacına qanunsuz olaraq yazılmış 200 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********05444 olan işıq sayğacları ona və həyat yoldaşına məxsusdur. Qeyd edir ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun mənzilinin sayğaclarına ondan xəbərsiz baxış keçirilmiş və əsassız olaraq işıq sayğacları dəyişdirilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaclara baxış keçirilərkən ona məlumat verilməmiş, onun iştirakı təmin olunmamışdır. Qeyd edir ki, sayğaclar dəyişdirildikdən sonra mənzildə heç bir fəaliyyət olmamasına rəğmən 200 manat borc yazılmışdır. Məlumat üçün bildirir ki, bu qədər borcun yazılması əsassızdır, çünki abonent kodu **********05444 olan işıq sayğacından, 6 aydan çoxdur ki, istifadə edilmir. Bu səbəbdən də "xxxx" ASC tərəfindən qanunsuz olaraq yazılmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, onların sahəsində iki sayğac olmuş və həmin sayğaclardan biri heç işləməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndələri sexin içərisinə baxış keçirmiş və əsassız olaraq 200 manat cərimə yazmış, eyni məbləğdə borcu evə quraşdırılmış sayğac üzrə hesablamışdırlar. Sayğac köhnə olduğu üçün cavabdeh təşkilatın əməkdaşları tərəfindən dəyişdirilmiş, daha sonra sayğac olmasa da ona məxsus abonent kodu üzrə cərimə hesablanmışdır. Onlar tərəfindən işıq sərfiyyatına görə hər ay ödəniş olunur. Hesab edir ki, məhz sayğac dəyişdirildikdən sonra ona cərimə yazılmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı qanunsuz olaraq borcun silinməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəfindən silinməsi tələb olunan pul cərimə məbləği deyil, işıq sərfiyyatı ilə bağlı yaranmış borcdur. Təşkilat olaraq onların cərimə yazmaq səlahiyyətləri yoxdur. İş materiallarında olan saldodan göründüyü kimi iddiaçının sərfiyyatla bağlı 2015-2025-ci illər üzrə borcları olmuş və 2024-cü ilin noyabr ayında iddiaçıya məxsus evə quraşdırılmış sayğac dəyişdirilmişdir. İddiaçının 2024-cü il üzrə təqribən 199,79 manat borcu qalmışdır və bu, digər illər ilə müqayisədə hesablanmış ən yüksək məbləğdə borcdur. İddiaçı 2024-cü ilə kimi və ya ondan sonra yaranmış borcu deyil, sadəcə ona yazılmış 200 manat borcun silinməsini istəyir. Qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaranmış borc ilə bağlı bildirişlər iddiaçıya verilmişdir. İddiaçının 2024-cü ilə kimi mövcud olan debitor borcları vardır. Bildirir ki, abonent ona bildiriş verilməsə belə işıq enerjisindən istifadə etməsinə görə ödəniş etməlidir. Onlar vətəndaşa borcunun olması barədə sistemdən xəbərdarlıq vərəqəsi çıxarıb verirlər. Həmçinin saldoya nəzər salındığı halda görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçının aylıq borcu 107 manat olmuş, iddiaçı həmin borcdan 30 manatını ödəmiş və 77 manat borc qalmışdır. Saldodan göründüyü kimi iddiaçının aylıq borclarını qismən ödəmiş, buna görə də aylıq borclar toplanmış və hazırki borc məbləği əmələ gəlmişdir. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, o, 2011-ci ildən "xxxx" ASC-də nəzarətçi mühəndis kimi işə başlamış, 2018-ci ildən aparıcı mühəndis kimi işləmişdir və 2023-cü ilin yanvar ayından etibarən Abşeron RETSİ-də aparıcı mühəndis vəzifəsində işləyir. O, 2024-cü ilin aprel ayından İddiaçı iddia etdiyi sahədə işləməyə başlamışdır. Həyətdə iki sayğac vardır və qeyri-yaşayış sahəsi üzrə ayrı sayğac mövcuddur. Qeyd edir ki, həmin ərazidə giriş xəttinə onlar cavabdeh olsalar da çıxış xəttinə cavabdeh deyildirlər. Qeyri-yaşayış sahəsinə görə ödəniş tarifi 11 qəpikdən hesablanmışdır. İddiaçının iddia etdiyi ərazidə qeyri-əhali qrupu üzrə sayğac dəyişdirilmişdir. Bildirir ki, İddiaçı əhali qrupu üzrə cərimə olunmamış, ancaq qeyri-əhali qrupu üzrə sayğaca görə 267 manat borcu vardır və iddiaçı bir neçə ay borc üzrə ödəniş etməmişdir. Qeyd edir ki, sayğac bədəli olaraq 66 manat məbləğində pul iddiaçıya hesablanmış, əhali qrupu üzrə sayğac üçün sayğac bədəli hesablanmamışdır. İddiaçıya əhali qrupu üzrə sayğaca görə sərfiyyat ilə bağlı 248 manat məbləğində debitor borc hesablanmışdır. İddiaçı hər iki sayğac üzrə yaranmış borcu ödəmədiyindən o, fərdi yaşayış evinə və qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsini dayandırmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abonentin hərəkət cədvəlindən görünür ki, **********05444 saylı abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə abonentin 2024-cü il üzrə 349,39 manat borcu yaranmış, həmin borcdan 248,02 manat ödəniş edilmiş və nəticədə 199,79 manat məbləğində borcu qalmışdır. Həmçinin qeyd edilən abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə abonentin 2025-ci il üzrə 40,476 manat borcu yaranmış, həmin borcdan 18 manat ödəniş edilmiş və nəticədə 22,266 manat məbləğində borcu qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı iddia ərizəsində Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********05444 olan işıq sayğaclarına görə cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 200 manat məbləğində cərimə məbləğinin silinməsini xahiş etsə də sübutların tətqiqatı zamanı iddia ərizəsində göstərilənlərlə işin faktiki hallarının uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı yaşadığı evə quraşdırılmış sayğaca görə cavabdeh təşkilat tərəfindən 200 manat cərimə borcu hesablandığını bildirmiş, lakin iş materiallarında olan abonentin hərəkət cədvəlindən göründüyü kimi **********05444 saylı abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə abonentin 2024-cü il üzrə 199,79 manat məbləğində borcu qalmış, həmçinin qeyd edilən abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə abonentin 2025-ci il üzrə 40,476 manat borcu yaranmış, həmin borcdan 18 manat ödəniş edilmişdir. Buradan aydın olur ki, İddiaçı silinməsini tələb etdiyi borc cərimə məbləği deyil, elektrik enerjisi üzrə sərfiyyata görə yaranmış borcdur və bu hal iş materiallarında olan abonentin saldosu ilə yanaşı, cavabdehin nümayəndəsinin izahatı və şahidin ifadəsi ilə də tam təsdiq olunur. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********05444 olan işıq sayğacına qanunsuz olaraq yazılmış 200 manat məbləğində borcun silinməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü bir ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü maddəsinə müvafiq olaraq Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********05444 olan işıq sayğacına qanunsuz olaraq yazılmış 200 manat məbləğində borcun silinməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar