Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2484/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 2384,64 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi vardır. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Onun barəsində Cavabdeh əməkdaşları tərəfindən 30 oktyabr 2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən evə baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Sözügedən akt . qanunsuz və əsassızdır. Qeyd edilən fərdi yaşayış evi təzə tikilmişdir. 2023-ci ilin oktyabr ayında sözügedən ünvana Cavabdeh əməkdaşları gələrək qaz sayğacının quraşdırılması üçün xətt çəkdilər və bildirdilər ki, qaz sayğacı təxminən bir ay sonra quraşdırılacaqdır. Bundan sonra, Cavabdeh İB-nin əməkdaşı bildirdi ki, həmin xətdən sayğac quraşdırılana kimi istifadə edə bilər. Fotoşəkildən də göründüyü kimi, həmin qaz xətlərinin çəkilməsi və şlankın qoşulması Cavabdeh İB-nin əməkdaşları tərəfindən edilmişdir. Ümumiyyətlə, qaz xəttinin onun tərəfindən çəkilməsi qeyri-mümkün bir haldır. Hətta o, həmin zaman Cavabdeh İB-nin əməkdaşına bütün ödənişlərini də etmişdir. Bu barədə yenidən soruşduğu zaman əməkdaş bildirmişdir ki, bu barədə narahat olmasın, sayğac qoyulana qədər quraşdırılan qaz xəttindən istifadə etsin, hətta fotoşəkildə görünən qaz xəttinə qoşulmuş şlank da onlar tərəfindən quraşdırılmışdır. Buna baxmayaraq Cavabdeh İB-nin əməkdaşları tərəfindən bir müddət sonra onun barəsində qanunsuz və əsassız olaraq, heç bir araşdırılma aparılmadan, öz təqsirlərini yox sayaraq akt tərtib edilmişdir. Onun heç bir təqsiri olmadan, qaz xətti əməkdaşlar tərəfindən quraşdırıldığı halda, onu günahlandırmışlar və ona əsassız olaraq cərimə yazmışlar. Nəticədə hüquqları kobud şəkildə pozulmuşdur. Burdan belə məlum olur ki, cavabdeh qurum onu aldatmışdır. Bundan əlavə, sözügedən akt barəsində onun yalnız 2024-cü ilin fevral ayında məlumatı olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 2384,64 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və aşkar olmuşdur ki, iddiaçı kənar qoşulma etməklə Cavabdehnə 2384,64 manat həcmində ziyan vurmuşdur. Buna görə də iddia təmin olunmamalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivindəki yaşadığı evə (abonent kodu: **********00279) baxış keçirilən zaman qaz xəttinə qeyri-qanuni qoşulma faktı aşkarlanmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı akta əsasən abonent 19872 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivindəki fərdi yaşayış evinə aid abonent kodu **********00279 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin oktyabr ayında qaz sərfiyyatı “19872 m3” həcmində müəyyən edilmiş və akta müvafiq olaraq abonentə 2384,64 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli Qərarının 6.1.1-ci bəndinə görə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün min kub metr qazın qiyməti 120 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, iddiaçının tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 12 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 132,48 manat (4,6 x 8 x 30 = 1104 kub.metr x 12 qəpik) ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdeh İddiaçı yaşadığı (abonent kodu: **********00279) Abşeron rayonu, Hökməli qəsəbəsindəki evə sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, 2252,16 (2384,64-132,48) manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivindəki fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00279) dair hesablanmış 2252,16 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olunduğu 42,52 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2484/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2484/2024
23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver