Məhkəmə qərarları › İş №2(012)-2487/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2487/2022

25.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2487/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 641,77 manat cərimə borcunun silinməsi, həmin borcdan ödədiyi 200 manat məbləğində pulun hesaba geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22, Şıxəli Qurbanov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə aid işıq sayğacına baxış keçirilmiş, 27 dekabr 2021-ci il tarixli NDM 027683 saylı akt tərtib edilmişdir. Həmin akta görə mənzilə məxsus olan hesabat sayğacının faza ardıcıllığının pozulası, kənardan 0 xətt götürməklə sayğacın idarə olunması və elektrik sayğacının ekranının açılmaması müəyyən edilmişdir. Nəticədə əsassız olaraq ona 641,77 manat məbləğində cərimə borcu yazılmışdır. Onun sayğaca baxışdan xəbəri olmamışdır. Sayğac həyətdən kənarda yerləşir. Qüvvədə olan qanunvericiliyə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tətbiq edilmiş cərimə tam qanunidir və borcun silinməsi üçün heç bir əsas yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, elektrik sayğacı İddiaçı adına qeydə alınmış olsa da, həmin evdə o yaşayır. Sayğacla bağlı ona heç bir akt verilməmişdir. Bu ilin fevral ayında elektrik enerjisinin verilişini kəsdilər. Bu barədə cavabdeh quruma müraciət etdikdə ona akt verdilər. Ona bildirildi ki, pozuntu barədə videoçəkiliş vardır. Həmin videoçəkilişin ona verilməsini xahiş etsə də, nəticəsi olmamışdır. Sayğaca nəzarət edən nəzarətçilər də ona bu barədə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, 449 saylı arayışdan görünür ki, Maraqlı şəxs Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 45 B ünvanında qeydiyyatsız yaşayır. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli NDM 027683 saylı aktın surətindən görünür ki, **********30913 kodlu abonentə məxsus elektrik sayğacına baxış keçirilərkən, sayğacın faza ardıcıllığının pozulması, kənardan 0 xətt götürməklə sayğacın idarə olunması və elektrik sayğacının ekranının açılmaması müəyyən edilmişdir. Akt abonent tərəfindən imzalanmamışdır. Mülki işin materiallarından olan **********30913 kodlu abonent İddiaçı abonent hərəkət cədvəlindən görünür ki, 2022-ci il üçün sərfiyyat+akt 8285,94 kvth, dəyər 902,47 manat, ödəniş 705,61 manat, sərfiyyatdan ödəniş 638 manat, borcdan ödəniş 705,61 manat, borc məbləği 264,47 manat təşkil edir. İşdə olan **********30913 kodlu abonent saldosundan görünür ki, abonent İddiaçı məxsus sayğac oxunması 1025,42 manat, aktlar əsasında cərimə 623,25 manat, ödəmələr 1058,04 manat, borc 590,63 manat təşkil edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı məxsus elektrik sayğacı yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Belə olan halda o, sayğacın çıxış nöqtələrinə birləşdirilmiş naqillərin və sayğacın texniki vəziyyətinə görə məsuliyyət daşıya bilməz. Bununla belə, işdəki abonent saldosundan görünür ki, abonent sayğac qeydindən keçmədən 2021-ci ilin dekabr ayında dəyəri ödənilmədən 397 kvt elektrik enerjisindən istifadə etmişdir. Bu həcmdə elektrik enerjisinin dəyəri isə 27,79 (397x0,07) manat təşkil edir. Həmin vaxt abonent limitdən artıq 5,85 manat (1+4,85) dəyərində elektrik enerjisini də istehlak etmişdir. Beləliklə də 3 aylıq sərfiyyatın 100,92 manat olduğu ((27,79+5,85)x3) müəyyən edilir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.32-ci bəndinin “a” yarımbəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə hesab edir ki, iddiaçıya istifadə etdiyi elektrik enerjisinə görə cavabdeh tərəfindən 100,92 manat cərimə tətbiq edilməli idi. Tətbiq edilən cərimənin 641,77 (275+341,77+9+16) manat olduğu nəzərə alınarsa, iddianın 540,85 manat hissədə əsaslı olması (641,77-100,92) müəyyən edilir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə cərimə borcu tətbiq edilərkən abonentə yuxarı həddə, yəni 540,85 manat çox cərimə tətbiq edilmişdir ki, bu da qanunsuzdur. Məhkəmə hesab edir ki, bu məbləğdə borc əsassız hesab edilərək silinməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abonentə hesablanmış 540,85 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********30913 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli NDM 027683 saylı akta əsasən hesablanmış 540,85 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar