Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2523/2021 30.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı özünə məxsus olan və tərəfindən inşa edilmiş, Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsində yerləşən torpaq sahəsinə və eləcə də onun üzərindəki yaşayış evinə məcburi qaydada köçürülməsi, Cavabdeh həmin yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 23 aprel 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. Lakin sonradan aralarındakı münasibət pisləşmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikah pozularkən birgə nikahdan olan 27.07.2008-ci il təvəllüdlü X4 və 12.03.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anaları Cavabdeh yanında saxlanılmışdırlar. Şamaxı Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli, 2(074)-322/2018 saylı icra vərəqəsinə əsasən 17.01.2018-ci il tarixdən başlayaraq 27.07.2008-ci il təvəllüdlü X1 və 12.03.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan, yəni İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədi 11.06.2018-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Qərardan da göründüyü kimi, həm məhkəmə, həm də icra xidməti borcluya biİdirişləri onun qeydiyyatda olduğu ünvana göndərmişlər. Beləliklə, bütün bunlardan məlumatsız olduğundan onun Şamaxı Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli, 2(074)-322/2018 saylı icra sənədinə əsasən 2400 manat məbləğində aliment borcu yaranmışdır. Halbuki onunla Cavabdeh arasında nikah pozulduqdan sonra əldə edilən razılaşmaya görə o, Cavabdeh özünə məxsus olan Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsində yerləşən torpaq sahəsindən və eləcə də onun üzərindəki yaşayış evindən çıxarmayaraq, evi bütövlükdə Cavabdeh verdiyinə görə Cavabdeh da ona qarşı aliment tələbindən imtina etmişdir. O vaxtdan bu günə kimi də Cavabdeh aliment tələb etməmişdir. Hətta 06.06.2019-cu il tarixdə də eyni tələblə məhkəməyə müraciət edən iddiaçı, yəni o, cavabdehin xahişi əsasında iddia tələbinin baxılması üçün məhkəməyə getməmiş, beləliklə, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhz bu səbəbdən o da qeydiyyatda olduğu ünvanda deyil, Bakı şəhərində yaşadığına görə yuxarıda qeyd edilən icra tədbirlərindən və bildirişlərdən məlumatsız olmuşdur. Sonuncu dəfə ona telefon vasitəsi ilə zəng vurub Şamaxı rayon İcra və Probasiya şöbəsinə çağırdıqda da özü könüllü olaraq getmişdir. Şöbədə ona 2400 manat aliment borcunu ödəməli olduğunu bildirəndə isə həmin məbləğin bütöv şəkildə bir gün içində ödəmə imkanı olmadığını, həmçinin özünün kirayələrdə yaşayaraq alimentin əvəzi olaraq yaşayış evini cavabdehə verdiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq Şamaxı Rayon Məhkəməsinin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta törədən şəxs kimi tanınaraq barəsində 11 gün müddətinə inzibati qaydada həbs müəyyən edilmişdir. Bundan sonra da barəsində cinayət işi başlanılaraq Şamaxı Rayon Məhkəməsinin hökmü ilə barəsində azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. Belə olan halda o həm aliment ödəmək, həm də kirayə haqqı vermək imkanı olmadığına görə özünə məxsus olan Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsində yerləşən torpaq sahəsinə və eləcə də onun üzərindəki yaşayış sahəsinə köçərək yaşamaq istəmiş, kirayələrə verdiyi pulu da alimentə ödəmək istəmişdir. Lakin cavabdeh onu öz halal zəhməti ilə qurub-yaratdığı yaşayış evinə buraxmamışdır. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, bundan əvvəl də ailəsi dağılmasın deyə hər cür təhqirlərə və davalara dözmüş, lakin sonra başa düşmüşdür ki, cavabdehin ona və uşaqlara qarşı kobud, soyuq münasibəti dəyişməyəcək və bundan sonra bir ailə kimi yaşamaq qeyrimümkün olacaqdır. Hal-hazırda o, kirayələrdə yaşamağa məcburdur. Özü insan alverinin qurbanı statusuna malik şəxsdir. Əziyyətlə tikib-qurduğu yaşayış evində keçmiş arvadı yaşayır, onu evə buraxmır, alimenti də əlavə olaraq tələb edir. Halbuki gündəlik fəhləlik etməklə çörək pulu qazanaraq 3 ilə yaxın bir müddət ərzində kirayələrdə yaşamaq əvəzinə zəhmətlə inşa etdirdiyi fərdi yaşayış evində övladları ilə rahat yaşaya bilərdi. Ona görə də, iddia tələbinin təmin edilməsini və onun özünə məxsus olan və tərəfindən inşa edilmiş, Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsində yerləşən torpaq sahəsinə və eləcə də onun üzərindəki yaşayış evinə məcburi qaydada köçürülməsi, Cavabdeh həmin yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili X6 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Aşağı Güzdək bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, YVÖK (yerli vergi ödəyicisinin kodu) 3101151WKTXT olan Aşağı Güzdək qəsəbəsi üzrə vergi ödəyicisi İddiaçıdur. İş materiallarında olan **********6725 №-li tədiyə bildirişinin surətindən görünür ki, YVÖK (yerli vergi ödəyicisinin kodu) 3101151WKTXT olan Aşağı Güzdək qəsəbəsi üzrə vergi ödəyicisi İddiaçı 19,25 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan 319/A №-li 14.05.2019-cu il tarixli və 117/A №-li 15.02.2021-ci il tarixli Abşeron RİHB-nin Aşağı Güzdək qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən arayışların surətlərindən görünür ki, İddiaçı Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsində qeydiyyatsız yaşayır. İş materiallarında olan GASREP cədvəlindən görünür ki, “istehlakçı” İddiaçı olmaqla, adına olan abonent kodu **********00510 №-lidir. İş materialları və tərəfin izahatı ilə müəyyən olunur ki, Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsi ünvanında yerləşən evin hüquqmüəyyənedici sənədi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmiş və onların birgə nikahından 27.07.2008-ci il təvəllüdlü X4 və 12.03.2011-ci il təvəllüdlü X5 adlı iki övladı vardır. İddiaçı hüquqmüəyyənedici sənədi olmayan Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini 2006-cı ildə satın almış və 2007-ci ildən orada ev tikməyə başlamışdır. 2008-ci ildə isə cavabdehlə evləndikdən sonra həmin mübahisəli evdə yaşamağa başlamışdırlar. İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və nikah pozulduqdan sonra 27.07.2008-ci il təvəllüdlü X4 və 12.03.2011-ci il təvəllüdlü X5 Cavabdeh himayəsində saxlanmışdırlar. İddiaçı ilə cavabdehin arasında nikah pozulduqdan sonra əldə olunan razılaşmaya görə iddiaçı Cavabdeh özünə məxsus olan Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsində yerləşən torpaq sahəsindən və eləcə də onun üzərindəki yaşayış evindən çıxarmayaraq, orada yaşamağa icazə verdiyinə görə Cavabdeh da iddiaçıya qarşı aliment tələbindən imtina etmişdir. İddiaçı isə Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsi ünvanında yerləşən evdən başqa evi olmadığına görə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Kirayə tutduğu evlərdə yaşaması səbəbindən nikahları pozularkən Şamaxı Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun çağırışlarından xəbəri olmamış, telefon vasitəsilə əlaqə saxlanılan zaman könüllü olaraq Şamaxı rayon icra şöbəsinə gedərək, alimentlə bağlı 2400 manat məbləğində borcunun olduğu ona məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək mübahisə ilə əlaqədar, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsi ünvanında yerləşən evə köçürülməsi hissəsində əsaslı hesab edilməlidir. Bununla belə, məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbi Cavabdeh həmin mübahisəli yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması hissəsində aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olmasa da, həmin ev faktiki olaraq mövcuddur, hazırda yaşayış sahəsi kimi istifadə olunur və həmin evdən yaşayış sahəsi kimi istifadə etmək baxımından iddiaçı ilə cavabdehdən hər hansı birinin üstünlük hüququ olmamaqla cavabdehin də normal şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yuxarıda təsvir olunanlara əsasən qeyd etmək lazımdır ki, iddia tələbinin Cavabdeh mübahisəli yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması hissəsində əsaslılığı və Cavabdeh həmin yaşayış evində qanunsuz və özbaşına yaşaması məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsi ünvanında yerləşən evə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Aşağı Güzdək (Pereşkül) qəsəbəsi ünvanında yerləşən evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2523/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2523/2021
30.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver