Məhkəmə qərarları › İş №2(012)-256/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-256/2023

25.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-256/2023 25.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 aprel 1968-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X5 onun doğma bacısıdır. Yeganə 12 aprel 1968-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır və Laçın rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında məskunlaşmışdır. Yeganə onun himayəsindədir. X5 anadangəlmə xəstədir və əmək qabiliyyəti yoxdur. Yeganə anadangəlmə lal-kardır, nitqi yoxdur, bundan əlavə ruhi xəstədir və özünü idarə edə bilmir. Bacısının bu ciddi xəstəliklərinə və qüsurlarına görə ilk əvvəl 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Lakin sonradan yəni müəyyən yaş həddinə çatan zaman müayinə olunan zaman onlara məlum olmayan səbəblərdən İİ qrup əlillik dərəcəsi verilmişdir. Hazırda əmək qabiliyyətsiz, İİ qrup əlildir. Bacısına İİ qrup əlillik dərəcəsi təyin edilsə də, təkbaşına heç bir işini görə bilmir. Hər bir təlabatını görməkdə yanında kimsə olmalıdır. Əsəbiləşən zaman isə ətrafa özünə ziyan yetirə bilir. Həkim nəzarətində daim qəbul etdiyi dərmanları vardır. Məhkəməyə müraciət etməyinin səbəbi bacısınıın onun himayəsində olmasını lazımi yerlərdə sübut edə bilməməsidir. Ona bildirnişlər ki, RİH tərəfindən bacısına patronaj (köməkçi) təyin olunmalıdır. O da bacısına baxdığı üçün və bacısı uzun illərdir ki, onun himayəsində olduğu üçün köməkçi təyin olunmaq istəyir. Çünki bacısının sənəd işləri ilə bağlı hər yerə özü gedir və çətinlik çəkir. Göstərilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X7 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AZE Seriyalı, 18622453 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X5 12 aprel 1968-ci il tarixdə Laçın şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 549 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X2 Mss-nin üzvi xəstəliyi, intellektin geriliyi İlə müəyyən edilir. Bunu mülki iş materialları, tibbi sənədlər, anamnestik məlumatlar (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının əlillik vəsiqəsinə əsasən İİ qrup əlil olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (maraq dairəsinin məhdud olması, əhvali ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin olmaması və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1968-ci il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: xx.xx.1968-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. 2-ci sual: xx.xx.1968-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: xx.xx.1968-ci il təvəllüdlü X3 psixi vəziyyətinə görə fəalliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 12 aprel 1968-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 549 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 12 aprel 1968-ci il tarixdə Laçın şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar