Məhkəmə qərarları › İş №2(012)-2572/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2572/2021

26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2572/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, bina 0012, mənzil 1650 saylı evə dair abonent kodu: **********21650 olan onun adına hesablanmış 486 (dörd yüz səksən altı) manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Belə ki, 30.08.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Akta əsasən onun evinə quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafı zədəli olduğu göstərilmişdir. Qeyd edilən aktdan onun 2021-ci ilin mart ayında xəbəri olmuşdur. Nə həmin akt tərtib edilən zaman nə də ki, evinə yeni sayğac quraşdırılan zaman onun iştirakı təmin edilməmiş, şifahi olaraq da borc barədə heç bir məlumat verilməmişdir. Təbii qazdan istifadə etdiyi üçün smart tipli qaz kartına pul yüklədikdə, həmin pulun müəyyən bir hissəsinin çıxıldığını gördükdən sonra hazırki məsələdən xəbəri olmuşdur. O, dərhal "Azəriqaz" İB Xırdalan şəhər İdarəsinə müraciət etmişdir. Ona müəyyən sənədləri təqdim edərək, guya etdiyi qanunsuz əmələ görə 486 (dörd yüz səksən altı) manat cərimə edildiyi bildirilmişdir. O isə bunlarla razılaşmadığını dedikdə, məhkəməyə müraciət etmək hüququmun olduğunu qeyd edilmişdir. Onun evinə quraşdırılmış sayğac yol kənarındadır və həmin yolu müxtəlif insanlar istifadə edir. Tərtib edilmiş aktlar bu günə kimi ona təqdim edilməmişdir. Ümumiyyətlə onun hadisədən xəbəri belə olmamışdır. Bu səbəbdən də o, hüquqlarının bərpa olunmasından ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən, iddia tələbinin təmin olunması xahiş olunur. Cavabdehin Cavabdeh nümayəndəsi X3 məhkəməyə etiraz təqdim etdi və etirazı müdafiə edərək bildirdi ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 486 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********21650 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşlar tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2019-cu il tarixli ******* saylı akt, akt əsasında 30.08.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, həmçinin sayğac dövlət yoxlamasına göndərildikdən sonra MSK-29/1710-01294 saylı akt əsasında sayğaca müdaxilə olunmuşdur rəyi verilmişdir. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz işlədiçilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 1.2 x 6x 90 = 648 m3, 2.6 x 18 x 90 = 4212 m3, 4212 m3 + 648 m3 =4860 m3, 4860 m3 x 0.10 = 486. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman, qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafının zədəli olduğu müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 486 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasınm 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Səbail RPİ tərəfindən 22.09.2005-ci il tarixdə verilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu ünvan 1 ünvanında qeydiyyatdır. -ünvan 21-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlu Abşeron rayon Masazır kəndində yaşayır. -26.08.2013-cü il tarixli, 931172 nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən evində çıxarılan sayğacın əvəzinə İtron markalı G-4 tipli, 1002AQ**********0 saylı sayğac quraşdırılmışdır. -30.08.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, Vahabov X1 rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış zamanı MSK-nın 29/1710-01294 saylı rəyinə əsasən 1002AQ**********0 sayğacın klapanı işləkdir. Sayğacın hesablama plomblarının yuvalarının ətrafı zədəlidir və bu səbəbdən də dəymiş ziyanın hesablandığı qərara alınmışdır. -30.08.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın bərpasına əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilmiş, qaz işlədicilərindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin (1.2x6x90=648 m3, 2.6x18x90=4212 m3 cəmi 4860 m3) ödənilməsi qərara alınmışdır. -Abonent saldosundan görünür ki, abonent kodu **********21650 olan Abşeron rayonu Masazır kəndində yerləşən evə 13.04.2019-cu il tarixdə Smart G-4 İtron Gallus pay tipli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu 486 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nm təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcınm İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miiddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının mənzilində quraşdırılmış sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abanentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri mümkün edir. Bundan əlavə Cavabdehla abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh sübut kimi 30.08.2019-cu il tarixli, ******* saylı aktı əsas gətirmişdir. Məhkəmə iclasında akt tədqiq edilərkən aktın iki nəfər Cavabdeh əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olundu ki, bu isə aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktla sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını, yaxud qeyri-qanuni istifadə etməsini istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğacdan qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 486 (dörd yüz səksən altı) manat borc əsassız olduğundan silinməlidir. MPM-in 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 218.3. mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 486 (dörd yüz səksən altı) manat manat borc İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar